AZ

“Neftçi” Zirədən də əliboş döndü - REPORTAJ

Zirə – Neftçi 2:0 (1:0)
13. Aydın Bayramov – 6,0
3. Ange Mutsinzi – 5,5
4. Ruan Renato – 6,0
32. Qismət Alıyev (k) – 6,0
7. Məqsəd İsayev – 6,0
29. Ceyhun Nuriyev – 5,0
(8. İsmayıl İbrahimli, 58) – 5,5
15. Pyer Zebli – 5,5
(28. Abbas İbrahim, 79) – qiymətsiz
6. Eldar Quliyev – 5,5
(11. Rüstəm Əhmədzadə, 72) – qiymətsiz
90. Davit Volkov – 6,0
(10. Giorgi Papunaşvili, 72) – qiymətsiz
19. Salifu Suma – 6,0
(16. Fuad Bayramov, 79) – qiymətsiz
23. Rafael Utziq – 6,5
Ehtiyat oyunçular
41. Anar Nəzirov
99. Səlim Həşimov
97. Tiaqo Silva
14. Elçin Əlicanov
22. İldar Alekperov
5. Stefan Aka
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Rafael Utziq

93. Rza Cəfərov – 5,5
99. Ervin Koffi – 4,5
3. Höccət Haqverdi – 4,5
6. Rafael Quzzo – 4,5
(13. Emil Səfərov, 46) – 4,5
23. Robert Bauer – 4,5
11. Kilan Lebon – 5,0
(9. Andre Şinyaşiki, 76) – qiymətsiz
8. Emin Mahmudov (k) – 4,5
(10. Filip Ozobiç, 76) – qiymətsiz
24. Mustafa Sek – 4,0
90. Ramil Şeydayev – 4,0
88. Andrey Ştoqrin
(17. Rəhman Hacıyev, 46)
22. Dembo Darbo – 4,5
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rustam Samigullin
19. Azər Salahlı
91. Ağadadaş Salyanski
47. Murad Məmmədov
4. Mark Tamaş
77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Rza Cəfərov

Qollar: S.Suma, 1 (1:0). R.Utziq, 70 (2:0, D.Volkov).
Vərəqələr: P.Zebli, 76 (qeyri-idman hərəkəti). R.Utziq, 80 (qeyri-idman hərəkəti). M.Sek, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Sumqayıt).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
15 sentyabr. Zirə. İdman Kompleksinin stadionu. 800 tamaşaçı (1500 yerlik).
Birinsi hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

“Neftçi” Zirəyə böyük ümidlərlə yollanmışdı. “Şamaxı” ilə qolsuz heç-heçədən sonra Roman Qriqorçuk yaratdıqları qol vəziyyətlərinin gələcəyə ümidlə baxmağa əsas verdiyini, milli komandaların oyunları ilə bağlı fasilənin bakılıların işinə yarayacağını söyləmişdi. Görünən o oldu ki, fasilə “Neftçi”nin yox, “Zirə”nin işinə yarayıb. Çünki qəsəbə təmsilçisi də bu fasilədən öncə ardıcıl iki oyunda məğlubiyyətlə üzləşmişdi. Rəşad Sadıqov “Şamaxı” və “Qarabağ”la oyunlarda buraxılan səhvləri lazımınca təhlil edib, onlardan nəticə çıxarmağı bacardığını elə ilk dəqiqədə göstərdi. Sözün əsl mənasında “Neftçi” “Zirə”dən ilk qolu elə meydana çıxan kimi buraxdı.

Hakimin start fitindən cəmi 18 saniyə sonra Rza Cəfərov topu tordan çıxarmalı oldu. Cərimə meydançası həndəvərində yaranan qarışıqlıqdan sonra top Sumanın ayağına düşdü. Qveniyalı hücumçu isə öz növbəsində üzərinə düşəni edib, “çərçivə”ni nişan aldı. Yolüstü Höccətin ayağına toxunan top bir qədər də istiqamətini dəyişib, Rza Cəfərov üçün əlçatmaz oldu. Qeyd edək ki, bu zərbə zamanı Höccət penaltiyə səbəb olmamaq üçün əllərini yığışdırsa da, ayağıyla səliqəsiz hərəkətlər etdi ki, bunun da nəticəsində Sumaya hesabı açmaq üçün yardım etmiş oldu.

Erkən qolun şokundan ayılmaq “Neftçi” üçün heç də asan olmayacaqdı. Elə hadisələrin sonrakı axarı da bunu sübut etdi. Onsuz da “Zirə”nin müdafiə xətti etibarlılığı, “Neftçi”nin hücumçuları isə “dişsizliyi” ilə tanınıb. Belədə Qriqorçukun qol ümidlərinin bu müdafiəni yara bilməyəcəyi də gözlənilən idi. Düzdü, bir qədər sonra “Neftçi” “Zirə”nin qapısına yaxınlaşıb, künc zərbə vurmaq hüququ qazandı. Amma bu zərbədən səmərəli istifadə etmək mümkün olmadı.

16-cı dəqiqədə Suma dubl edə bilərdi. Utziqin ötürməsini yaxşı qəbul edib, qapıya ünvanlayan hücumçunun sevinməsinə Rza imkan vermədi. Erkən qolun sayəsində önə keçən meydan sahibləri bu üstünlüyün verdiyi psixoloji rahatlıqla “Neftçi”nin hücumlarını zamanında qarşılayır, eyni zamanda da ara-sıra Rzanın qoruduğu qapıya doğru kəsərli həmlələr edirdi. Yarım saatın tamamında Məqsədin uzaqdan vurduğu zərbə baxımlı alındı. Amma fərqi artırmaq üçün bir qədər dəqiqlik çatmadı. “Neftçi” adına əlverişli fürsəti isə Ştoqrin qaçırdı. Ukraynalı hücumçu Emin Mahmudovla Ramil Şeydayevin birləşib yaratdıqları hücum zamanı topa toxunan sonuncu futbolçu oldu. Di gəl ki, onun zərbəsi qapıdan aralı keçdi. Hissənin sonlarına doğru “Neftçi” bir qədər fəallaşdı. Başa düşmək çətin deyildi ki, “ağ-qaralar” fasiləyə bərabərliklə yollanıb, fasilədən sonra qələbə həvəsiylə irəli atılmaq istəyir. Onların bu istəyini Lebon həyata keçirə bilərdi. Onun uzaqdan vurduğu qüvvətli zərbənin qarşısını Aydın Bayramov gözəl seyvlə aldı. Başı uğursuz hücumlara qarışan “Neftçi” fasilə ərəfəsində qapısından ikinci topu buraxa bilərdi. Volkov rəqibin müdafiəsindəki boşluqdan məharətlə istifadə edib, cinahla yaxşı irəlilədi. Gürcü futbolçu bu sürətli həmləsini qüvvətli, lakin qeyri-dəqiq zərbə ilə tamamladı.

İkinci hissənin ilk 10 dəqiqəsində “Neftçi” iki təhlükəli vəziyyət yaratdı. Əvvəlcə Koffi fürsətdən yararlana bilmədi. Növbəti həmlədə isə çoxgedişli kombinasiya uğurla inkişaf etdirildi. Bu epizod 54-cü dəqiqəyə təsadüf etdi. Cərimə meydançasının xətti yaxınlığında topu qəbul edib, zərbə vurmağa hazırlaşan Ramil Utziqlə toqquşandan sonra yerdə qaldı. Top isə Rəhman Hacıyevin önünə düşdü. Rəhmanın zərbəsindən sonra top İsayevə dəyib meydanı tərk etdi. Qonaqlar penalti iddiası ilə hakimə tərəf baxsalar da, Elçin Məsiyev küncdən zərbə vurulacağını bildirdi. “Neftçi”nin arzusunda olduğu qolu isə çox keçmədən “Zirə” vurdu. 60-cı dəqiqədə Utziq özü başladığı hücumu qolla tamamladı. Ondan ötürməni qəbul edən Suma rəqibindən məharətlə sıyrılaraq Eldar Quliyevi “tapdı”. Eldar isə öz növbəsində qapının qarşısındakı Volkovu gördü. Gürcünün başla ötürməsini Utziq qapıdan keçirdi. Bu yerdə onu da qeyd edək ki, braziliyalı hücumçu premyer-liqada keçirdiyi 100-cü oyunu qolla əlamətdar etdi. 80-ci dəqiqədə “Zirə” “Neftçi”nin qapısına üçüncü dəfə yol tapdı. Amma Elçin Məsiyev Utziqin hava mübarizəsi zamanı qaydanı pozduğuna işarə etdi.

“Neftçi” qapısından gördüyü qolların heç birinin əvəzini çıxa bilməyincə görüş “Zirə”nin 2:0 hesablı qələbəsiylə yekunlaşdı.

Gözdən qaçmadı
* “Zirə”nin futbolçusu Rafael Utziq Azərbaycan çempionatında 100-cü oyununu keçirdi. Oyundan əvvəl ona “100” yazılmış forma təqdim edildi.
* Oyun 15 sentyabr - Bilik Gününə təsadüf etdiyindən futbolçular meydana əlində bayraq tutan məktəblilərlə daxil oldular.
* Matçı izləyənlər arasında “Neftçi”nin mətbuat xidmətinin sabiq rəhbəri Emin Əfəndi də vardı.
* Əvvəlki matçlarda Emin Mahmudovdan sonra kapitan sarğısı Ramil Şeydayevə keçirdisə, bu dəfə belə deyildi. Mahmudov meydanı tərk edəndə sarğını Rəhman Hacıyevə verdi.
* “Forza Neftçi” əvvəldən sona qədər komandaya dəstək verdi. Lakin sonda futbolçular fankluba təşəkkür etmədən meydanı tərk etdilər. Məyus olan azarkeşlər daha sonra nalayiq ifadələr səsləndirməyə başladı.

AMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
football-plus.az

1Mənbələr