AZ

Dəniz taksiləri istifadəyə verilsə tıxaclar azalar? – AÇIQLAMA

Bakını tıxacsız təsəvvür etmək mümkün deyil. Yeni tədris ili başlayanda isə bu özünü daha çox göstərir. Belə ki, günün istənilən vaxtında tıxac problemi ilə üzləşirik. Bir müddət əvvəl paytaxdakı tıxacı azaltmaq üçün dəniz taksilərinin istifadəyə verilməsi təklif olunsa da, bu istiqamətdə addımlar atılmadı.

Bəs görəsən, dəniz taksiləri istifadəyə verilsə paytaxtdakı tıxaclar azalar?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Unikal”a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparılıb, amma yekdil qərar verilməyib. Onun sözlərinə görə, bunun müxtəlif səbəbləri var:

“Dənizin təhlükəli olması, relyefin uyğunsuzluğu, küləkli hava və s. məsələlər əsas problem kimi göstərilir. Ümumilikdə, mütəxəssislərin rəyini almaqla alternativ nəqliyyat növü kimi dəniz taksilərindən istifadə etmək olar. Bununla özəl müəssisə məşğul ola bilər. Təhlükəsizlik məsələləri isə mütləq nəzərə alınmalıdır. Ona görə ki, müxtəlif səbəblər olar. Bakının relyefi və digər önəmli məsələləri nəzərə alanda görürsən ki, müəyyən problemlər çıxa bilər. Bunları həll etmək üçün məsələləri dərindən bilmək və aydınlaşdırmaq lazımdır. Bunu xarici mütəxəssislərlə müzakirə etmək vacibdir. Əvvəllər Azərbaycanda dəniz nəqliyyat növündən istifadə olunub və heç də pis nəticə verməyib. Cənub bölgəsi istiqamətində bərələr işləyib. Bu gün bununla bağlı müəyyən işlər görmək olar. Amma məsələləri hərtərəfli tənzimləmək lazımdır”.

Bunun Bakı-Sumqayıt yolundakı tıxacın azalmasına necə kömək edə biləcəyinə gəlincə, ekspert qeyd edib ki, Bakı-Sumqayıt arasındakı tıxacın əsas səbəbi nəqliyyat sisteminin düzgün tənzimlənməməsidir: “Bunu keçmiş nəqliyyat nazirliyinin dövründə gördük. O dövrdən qalan problemləri qısa müddətdə həll etmək çətindir. Vaxtında bu istiqamətdə ayrılan vəsaiti düzgün xərcləsə idilər, belə problem çıxmazdı”.

Seçilən
20
3
yenicag.az

4Mənbələr