AZ

Şəhid qardaşı işdən çıxarıldı: “Mənə möhlət vermirlər” - MÜRACİƏT

Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışan İdris Əhmədov yaş senzi ilə əlaqədar olaraq, işdən çıxarılmasından narazıdır.Bu barədə Şəhid ailəsi və Qarabağ müharibəsi veteranı olan İ.Əhmədov Bakupost.az -a açıqlamasında bildirib.Onun sözlərinə görə, 2012-ci ildən Şumqayıt şəhər 21 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışıb:"Bir müəllim kimi şagirdlərimin çağırışaqədərki hazırlığının yüksək səviyyədə olması üçün əlimdən gələni əsirgəməmişəm. Onlara cəsarətliliyi, cəldliyi, qələbə çalmaq uğrunda mübarizə aparmağı öyrətmişəm. İşlədiyim dövrdə hər il Sumqayıt şəhər Təhsil Şöbəsi, Sumqayıt şəhər Gənclər Təşkilatı və 21 nömrəli tam orta məktəb adından fəxri fərmanla təltif olunmuşam".İ.Əhmədov deyib ki, 2024-cü ilin fevral ayında 65 yaşı tamam olub:"Nazirlər Kabinetinin qərarına uyğun olaraq, tədris ilinin sonuna kimi çağırışaqədərki hazırlıq rəhbəri olaraq işimi davam etdirdim. Sonra məktəbin direktoru Qədir Mikayılova müraciət etdim. Ailə vəziyyəti ilə əlaqədar ona daha 1 il məktəbdə çalışmağım üçün möhlət verilməsini istədim. Məktəb direktoru bir ay məni get-gələ saldı. Axırda da dedi ki, bu, alınası iş deyil".İ.Əhmədov bildirib ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edib:"Mənə dedilər ki, gözlə, sənə məktub gələcək. Gözlədim, məktub gəlmədi. İkinci dəfə Nazirliyin "Qaynar xətt"inə zəng etdim. Oradan bildirdilər ki, məsələ razılaşdırılıb, məktəbdə daha 1 il fəaliyyət göstərməyinizə icazə verilib. Soruşdum ki, bununla bağlı mənə nə zaman məktub gələcək. Dedilər ki, məktub sizə yox, Regional İdarəyə gedir. Bir ay da gözlədim ki, bəlkə Regional İdarədən məni çağırıb nəsə deyəcəklər. Gördüm, bir xəbər yoxdur və özüm durub getdim. Regional İdarə müdirinin qəbulunda oldum. Mənə bildirildi ki, artıq gecdir, Səfərbərlik İdarəsinə müraciət olunub ki, oradan yeni müəllim göndərilsin. Sizin məsələnizlə bağlı məktəbin direktoru tərəfindən təqdimat yazılmalı idi. Mən məktəbin direktorundan bu haqda soruşdu. O da dedi ki, mənə təqdimat yazılması ilə bağlı hər hansı göstəriş verilməyib. Mən müharibə veteranıyam, Birinci Qarabağ müharibəsi zamanı 4 il döyüşmüşəm. Qardaşım da döyüşlərdə şəhid olub. Bu günə qədər işimdə heç bir nöqsan olmayıb. Ona görə də daha 1 il müddətinə məktəbdə saxlanılmağımı xahiş etmişəm. Müvafiq qanunda da var ki, 70 yaşa kimi hər dəfə il uzatmaqla möhlət hüququ verilə bilər. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, müharibə veteranları və şəhid ailələrinə özəl və dövlət sektorlarında diqqət və qayğı ilə yanaşılmalıdır. Lakin mən bu diqqət və qayğını görmədim. Qanun hamı üçün eynidir. Əgər bu qanun hamıya şamil olunursa, deməli mənə də şamil olunmalıdır”.Şikayətçi qeyd edib ki, hazırda Sumqayıtın bir neçə məktəbində yaşı 65-i keçən və qanuna uyğun olaraq bir və bir neçə il əlavə işləyən müəllimlər var:“Bunlar Sumqayıt şəhər 3, 23 və 33 nömrəli tam orta məktəblərdir. Araşdırsaq, digər məktəblərdə də müəllimlərə möhlət hüququnun verildiyi aydın olar. Mən sadəcə bilmək istəyirəm ki, qanunla icazə verildiyi halda niyə məni 21 nömrəli tam orta məktəbdən uzaqlaşdırırlar?”Məsələ ilə bağlı Təhsil Nazirliyi və Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlanlasaq da, cavab olmadı.

Seçilən
19
3
dia-az.info

4Mənbələr