Son illər Lənkəran rayonunun kəndlərində üst-üstə qalaqlanan sosial məsələlər açıq göstərir ki, yerli məmurlar əhalinin rahat və yaxşı yaşamasını istəmirlər. Hətta hər bir vətəndaşın taleyini düşünən ölkə başçısına yalan məlumat verməklə adamları özündən asılı vəziyyətdə saxlamaqdan sanki ləzzət alırlar. Nəticə də həlli vacib sadə bir iş ildən-ilə yubadılır.
Bu barədə kiçik bir misal çəkmək istəyirəm. Daştatük rayonun ucqar kəndi sayılır. Burada 250-ə yaxın təsərrüfat vardır. Kənd çoxdan rayon rəhbərləri tərəfindən unudulduğu üçün problemlərin sayı bilinmir. Kömək məqsədilə edilən müraciətlərin də faydası olmur. Kənd camaatı artıq çətinliyə alışıb. Qaldı ki, kəndi iki hissəyə ayıran çayın üstündəki körpünün dağılıb, tam sıradan çıxması adamları pis durumda qoyub. Aidiyyəti qurumlar isə körpünün bərpası üçün bir iş görmürlər.
Vəziyyətlə əlaqədar kənd sakinləri deyir: - Carı ilin sel-suyu körpümüzü dağıtdı. Gediş-gəlişimiz bağlanıb. İki aydan çoxdur ətraf kəndlərlə, rayon mərkəzi ilə əlaqəmiz qırılıb. Xəstəmiz olanda Təcili Tibbi Yardım xidməti dadımıza çata bilmir. Böyük adamlar məcburiyyət qarşısında çox çətinliklə çayı keçir. Payız və qış mövsümü yaxınlaşır, yağış yağdıqda bu, mümkün olmayacaq. Məktəblilərlə bağlı vəziyyət daha acınacaqlıdır. Axı kiçik, böyük olmaqla şagirdlərin 40 faizi çayı keçib dərsə getməlidir. Hələlik bizi eşidib dağılan körpünü qaydaya salan yoxdur. Bir də yerli məmurlar o qədər yalan deyiblər ki, onlar tərəfindən bir iş görəcəyinə heç inanmağımız gəlmir. İndi ümidimiz yalnız yorulmadan Vətəninin tərəqqisi, öz xalqının xoş güzəranı naminə çalsan ölkə rəhbərdir. Bütün Azərbaycanda olduğu kimi, bizim camaat da öz əziz Prezidentini çox sevir, apardığı siyasəti ürəkdən dəstəkləyir və onunla bir olmağı özünə böyük şərəf bilir. Xoşbəxt xalqıq ki, İlham Əliyev kimi bir dahi, hər şeyə qadir rəhbərimiz vardır...
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü