Çox əfsuslar olsun ki, bir çox seriallarda qadına şiddət səhnələrinə rast gəlirik.
Sözügedən ekran işlərin həyatın içində olan hadisələrini göstərdiklərini deyirlər. Amma bu, çox zaman əks effektə səbəb olur. Belə ki, seriallarda çox bəsit səbəblərə görə qadınlara qarşı zorakılığın göstərilməsi bəzən o təfəkkürdə olan insanlar üçün sanki təbliğat rolunu oynayır. Çünki o səhnəni izləyən bəzi insanların şüuraltında müəyyən əks-təsirlər baş verir.
Nəticədə, həmin şəxslər ən kiçik bir konflikt zamanı artıq qadına qarşı şiddət göstərməyə meyilli olurlar. Hətta zaman-zaman onların serialda gördükləri zorakılığı təkrarlamaları da müşahidə olunur. Əlbəttə ki, bu da çox məyusedici bir haldır.
Eyni zamanda, qadına yönəlik şiddətin göstərildiyi səhnələri izləmək uşaq psixologiyasına da çox mənfi təsir edir. Həmin uşaq valideynlərinin izlədiyi serialda böyüklərin qadınlara qarşı bu şəkildə rəftar etməsini normal hesab edə bilir. Əfsuslar olsun ki, o uşaqların da bəziləri ya evdə bacılarına, ya da məktəbdə sinif yoldaşlarına qarşı bənzər əməllər etməyə meyil edə bilirlər. Onlar bununla da serialdakı obraza bənzəmək və öz "gücünü" göstərməyə çalışırlar. Təbii ki, bu da onların bir fərd kimi inkişafına olduqca mənfi təsir göstərir.
Ona görə də hər kəsin ekran qarşısında olduğu bir zamanda belə səhnələrin göstərilməməsi daha məqsədəuyğun olar. Ən azından azyaşlıların bunu izlədiyi nəzərə alınmalıdır. Çünki belə səhnələrlə gələcəyimiz olan uşaqlara çox erkən yaşlardan etibarən pis nümunə göstərmiş oluruq.
Unutmayın ki, serialların təsir gücü kifayət qədər yüksəkdir. Hətta araşdırmalar göstərir ki, insanlar serialdakı obrazlar pərəstiş edirlər. Ələxsus da uşaqlar sözügedən obrazlara fanat kimi yanaşırlar. Onu qeyd edək ki, uşaqlar obrazın mənfi və ya müsbət olmasına baxmayaraq, onu sevə bilirlər. Üstəlik, mənfi obrazların da daha çox sevildiyi bir reallıqdır.
Bütün bu və digər səbəblərə görə seriallarda qadına şiddətin olduğu səhnələrə fikir vermək lazımdır. Ümumiyyətlə, belə səhnələrin çəkilməməsi daha müsbət bir addım olar. Çəkiləcəyi təqdirdə isə uşaqların ekran qarşısında olmadığı bir zamanda sözügedən serialların yayımlanması məqbul hesab oluna bilər.
Uşaqlar bizim gələcəyimizdir və onları belə səhnələrə məruz qoyaraq gələcəkdə səhv addım atmalarına təşviq etməməliyik...
Pərviz