“Franceinfo” televiziya kanalı prezident Emmanuel Makronun iyunun 9-da elan etdiyi Fransa Milli Assambleyasının buraxılmasının dövlət büdcəsinə 28,5 milyon avroya başa gəldiyini bildirib.
AZƏRTAC xəbər verir ki, ictimai kanalın parlamentdəki mənbələrə istinadla verdiyi məlumata görə, ən böyük xərc yenidən seçilməyən 133 deputatın köməkçilərinin vəzifələrindən azad olunmaları xərclərinə aiddir və bu, 23,5 milyon avro təşkil edir. Qalan məbləğdən 2 milyon avroya yaxını yenidən seçilməyən deputatların işə qayıtmaları üçün müavinətin maliyyələşdirilməsinə, 2,3 milyonu isə vəzifələrini dəyişdirən deputatların maddi-texniki təminatına sərf edilib. Ən kiçik xərc -19 900 avro təşkil edib və bu, deputatların fotosessiya kimi kommunikasiya xərclərini maliyyələşdirməyə imkan verib.
Xatırladaq ki, E.Makron iyunun 9-da axşam seçkilərdəki uğursuzluqdan sonra Milli Assambleyanın buraxıldığını elan edib. Həmin vaxtdan Fransa siyasi böhrandadır. Sentyabrın əvvəlində sağçı Mişel Barnyenin baş nazir təyin edilməsi yeni qarışıqlıqlara səbəb oldu və hələ də yeni hökumət qurulmayıb. Dünən Milli Assambleyada E.Makronun istefası proseduruna başlanılıb.