Ermənistanın Baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində vurğulayıb ki, Ermənistanın suverenliyinə təhdid yaratdığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub. Paşinyan vurğulayıb ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır. O, həmçinin, bəyan edib ki, ölkəsi bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, Ermənistanın KTMT-ni günahlandırma prosesi uzun müddətdir davam edir:
“Zaman keçdikcə rəsmi İrəvanın tezisləri və siyasi gündəliyi də dəyişir. Yəni əvvəlki dövrdə əgər Azərbaycanı KTMT əliylə cəzalandırmaq siyasəti irəli sürülürdüsə, bu gün KTMT-nin özü Ermənistanda qınaq obyektinə çevrilib. Bu isə Ermənistan və Rusiya əlaqələrinə ciddi təsir göstərir. Əgər əvvəlki dövrdə Ermənistanın KTMT-nin seminarlarında iştirak etməmək və üzlük haqqının ödənilməməsi gündəmdə idisə, artıq Nikol Paşinyan KTMT-yə qayıdışı mümkünsüz sayır. Hesab edirəm ki, prespektivdə qarşıdurmaların artacağı müşahidə olunacaq. Çünki Paşinyanın təşkilatla bağlı açıqlamalarına həm KTMT-nin katibliyi, həm də Rusiya cavab verəcək”.