AZ

Özbəkistanda Azərbaycan Milli Musiqisi Günü qeyd edilib - FOTOLAR 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Azərbaycan Milli Musiqi Günü ilə bağlı tədbir təşkil edilib.

Tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor – müəllim heyəti, tələbələr, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə ilk öncə iştirakçılar foyedə Azərbaycan musiqisinə həsr edilmiş “Milli musiqimiz” adlı fotosərgi, kitab stendi və Azərbaycan musiqi alətlərindən ibarət kompozisiya ilə tanış olublar.

Tədbiri giriş sözü ilə Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunun müavini Nadir Əlimirzəyev açaraq bildirib ki, 18 sentyabr Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin doğum günüdür. Milli musiqi mədəniyyətimiz öz inkişaf zirvəsinə görə məhz Üzeyir Hacıbəyliyə borcludur. O deyib ki, Üzeyir Hacıbəyli 1908-ci ildə tamaşaya qoyulan ilk operanın müəllifi kimi musiqi tarixinə düşüb. Sonra yeddi il ərzində dahi bəstəkar daha beş opera, üç operetta yaradıb.

N.Əlimirzəyev bildirib ki, 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illiyi ərəfəsində 18 sentyabr Milli Musiqi Günü elan edilib. Bu gün dahi Üzeyir bəyin ruhu şaddır, çünki Azərbaycan musiqisi doğma Qarabağda, Şuşada səslənir. O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il avqustun 22–23-də dost ölkəyə dövlət səfəri, imzalanan mühüm sənədlər münasibətlərimizin inkişafına təkan verib. O günlərdə tanınan özbək müğənnisi Fərrux Zakirov Azərbaycanın Xalq artisti, Polad Bülbüloğlu isə Özbəkistanın xalq artisti adına layiq görülüblər.

Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov iki ölkə arasında mövcud əlaqələrdən söz açaraq son zamanlarda bu əlaqələrin daha da möhkəmləndiyini və xüsusilə mədəniyyət sahəsindəki əlaqələrin inkişafında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin böyük rolunun olduğunu bildirib.

Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan” rəqs ansamblı milli rəqslərimizlə çıxış edib.

Sonda dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-cı ildə lentə alınmış “Arşın mal alan” filminin, Heydər Əliyev Fondunun layihəsi ilə rəngləndirilmiş və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindin özbək dilində subtitr əlavə olunmuş versiyası tamaşaçılara təqdim olunub.

Seçilən
21
14
referans.az

10Mənbələr