AZ

Plastik qablarda saxlanılan qidalar hansı təhlikələr yaradır?

Araşdırmalar nəticəsində qablaşdırılmış qidalardan bədənimizə daxil olan kimyəvi maddələrlə bağlı qorxulu məqamlar ortaya çıxıb.

Elmi araşdırmalar nəticəsində bir sıra qablaşdırma materiallarının, o cümlədən plastik qablaşdırmaların məhsulların keyfiyyətinə təsir etdiyi, onların istehsalında istifadə edilən maddələrin bir qisminin qidanın tərkibinə miqrasiya etdiyi aşkar olunmuşdur. Məlum olmuşdur ki, sintetik xammaldan istifadə etməklə hazırlanan, xüsusən müxtəlif məqsədlər üçün istehsal edilən qablaşdırma məhsullarından toksiki maddələr qidaya miqrasiya edir.

Qablaşdırma materiallarından qidanın tərkibinə keçən bilən maddələrə ftalatlar, “Bisfenol A”, vinilxlorid, formaldehid, ağır metallar və onlarla digər maddələri misal göstərmək olar ki, bu maddələrin çox az səviyyəli qatılıqları insan orqanizminə mənfi təsir göstərə bilər. Belə ki, formaldehid, “Bisfenol A”, ftalatlar insanda daxili sekresiya vəzlərinin fəaliyyətində və endokrin sistemdə bir sıra pozuntuların yaranmasına, sinir sisteminə kəskin toksiki təsir göstərməsinə, eləcə də xərçəng riskinin artmasına gətirib çıxarır.

İsveçrədən olan alimlərin rəhbərlik etdiyi beynəlxalq ekspertlər qrupu insanlardan qan, saç və ana südü nümunələrini sınaqdan keçirib. Nəticədə qida qabalaşdırılmalarında aşkar edilən 14 000 kimyəvi maddənin təxminən dörddə birinə uyğun gələn 3601 müxtəlif maddə insan orqanizmində aşkarlanıb.

Bu kimyəvi maddələrin müxtəlif metallar, uçucu üzvi birləşmələr, PFAS kimi tanınan perfluoroalkil və poliftoralkil maddələr, ftalatlar olduğu məlum olub. 

"Journal of Exposure Science and Environmental Epidemiology" jurnalında dərc edilən araşdırmada kimyəvi maddələrlə sözügedən xəstəliklər arasındakı əlaqə birbaşa araşdırılacağının mühüm olduğunu vurğulanıb.

Qida Qablaşdırma Forumunun direktoru və araşdırmanın müəlliflərindən biri Jane Muncke zərərli maddələrin qablaşdırmadan bir başa qidaya keçdiyini bildirib. Jane Muncke bu maddələrin insanlar üçün sağlamlıq problemləri yaradacağını və zərərli olduğlarını qeyd edib.

Araşdırma zamanı kimyəvi maddələrin qidanın növündən asılı olaraq qablaşdırmadan məhsula keçdiyi məlum olub. Kimyəvi maddələrin sayı və miqdarı qablaşdırma və qida növündən asılı olaraq dəyişir. Yüksək temperatur kimyəvi maddələrin qidaya daha tez qarışmasına səbəb olur. Alimlər qidaları plastik qablarda mikrodalğaya qoymaq barədə xəbərdarlıq edirlər.

Tərkibində yüksək yağ və turşu olan qidaların kimyəvi maddələri udma ehtimalı daha yüksək olur. Bu qabalaşdırmalar nə qədər sıx doldurularsa, içindəki qida ilə daha çox təmasda olur. Bu da kimyəvi maddələrin udma prosesini artırır.

Massaçusets Universitetinin biologiya mütəxəssisi Thomas Zoeller qabalaşdırmalardakı maddələrə insanların məruz qalmasının çox geniş şəkildə araşdırılmasının vacib olduğunu vurğulayıb. Araşdırmanın zərərli kimyəvi maddələrin insan orqanizminə sızmasının qarşısını almaq üçün əsas yol olduğunu bidirib.

 Alimlər bildiriblər ki, qida qablaşdırması daha yaxşı sınaqdan keçirilməli və yoxlama aparılmalıdır. Gələcəkdə bu materialların təhlükəsizliyini təmin etmək üçün daha konstruktiv yollar üzərində düşünülməlidir.

Məsələ ilə bağlı “Operativ Media”ya danışan qida üzrə ekspert Elsevər Fərzəliyev bildirib ki, qida məhsulu streril olmayan qablarla qablaşdırıldıqda bilavasitə  korlanır.

“Qida məhsullarının qablaşdırılması üçün istifadə olunan qablar bir neçə qrupa bölünür. Onlardan biri istehlak, digəri isə nəqliyyat tarasıdır.  Bilavasitə qida məhsulu ilə təmasda olan istehlak tarası streril matrealdan hazırlanmalıdır. Qidanın qablaşdırılması üçün istifadə edilən məhsul icazə verilən matrealdan hazırlanmalıdır. Amma təəssüflər olsun ki, bir çox hallarda bu qaydalara riayət olunmur. İrəli sürülən tələblər yerinə yetirilmir.  

Qablaşdırma ilə qida arasında təmas olmamamlıdır. Kağız karton qutularda qablaşdırılmış  şirələrin daxili xüsusi təbəqə ilə örtülür. Bunun səbəbi həmin karton kağızın islanmamasıdır.Qida məhsulu streril olmayan qablaşdırmalarda saxlanıldıqda korlanır. Bioloji yoluxmaya məruz qalır. Mikroorqanizmlərin  təsiri nəticəsində qida istifadəyə yararsız hesab edilir. Qablaşdırma zamanı bu məsələlərə diqqət etmək lazımdır. Qida məhsulları iki qat qablaşdırılmalıdır.

Ekspert streçlə bağlanılmış qidanın iki qat qablaşdırılmasının vacib olduğunu bildirib:

"Çox zaman məhsul streçlərlə qablaşdırılır. Amma qidanı yalnız streçlə qablaşdırmaq düzgün deyil. Streçlənmiş məhsul ikinci qablaşdırmaya yerləşdirilməlidir. Sadəcə streç ilə örtülmüş qidanın yararsız hala düşmə ehtimalı olduqca yüksəkdir.

Qida məhsullarında qablaşdırılan matreallar məhsul ilə birbaşa əlaqədə olmamalıdır. Matrealdan məhsula hansısa bir maddənin keçməsi  yolverilməzdir. Yol kənarlarında satılan dönər adi kağıza qoyularaq vətəndaşa təqdim edilir. Həmin kağız dönərin hazırlanmasında istifadə olunan tərəvəzlərin təsiri nəticəsində islanır. Kağızdan qidaya müəyyən zərərli maddələr keçir. Ona görə də bu məsələyə diqqətlə yanaşmaq lazımdır. İnsanların sağlamlığı üçün bu sahədə ciddi addımlar atılmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
operativmedia.az

1Mənbələr