"Xirosima dünyada sülh və ümid rəmzi kimi qəbul edilir. Arzu edirəm ki, Ağdam da sülh rəmzi kimi bərpa edilər. Bunun üçün Yaponiya tərəfi bacardığı dəstəyi həyata keçirməyə hazırdır".
Bunu Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe "Report"a açıqlamasında deyib.
Onun sözlərinə görə, 79 il öncə Xirosima şəhəri atom bombası ilə viran edilmiş, nəticədə çox sayda insan həlak olmuş, şəhərlər dağılmışdı:
"Orada çətinliklə sağ qalanlar kədərlərinin öhdəsindən gələrək, yorulmadan ötən 75 il ərzində Yaponiyanın daxilindən və xaricdən aldıqları dəstək sayəsində heç bir bitkinin bitməyəcəyi deyilən xarabalıqları bərpa etdilər və bu gün müasir Xirosima dünyada sülh rəmzi, ümid rəmzi olaraq qəbul edilir. Düşünürəm ki, bunun tək səbəbi Xirosimanın atom bombasının qurbanı olması deyil, səbəb həm də şəhərin xarabalıqdan xilas olması, nüvə silahının ləğv edilməsinə töhfə verməsi, dünyada əbədi sülh naminə çalışan şəhər olmasıdır".