AZ

Antiterror tədbirləri: Ərazilərimizdə separatçılığın kökünü kəsən tarixi Zəfər

Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnən lokal xarakterli antiterror tədbirlərindən 1 il ötür.
AZƏRTAC mövzu ilə bağlı Media Təhlil Mərkəzinin Analitik Qrupunun hazırladığı məqaləsini təqdim edir.
Məqalədə vurğulanır ki, 2023-cü il sentyabrın 19-20-də reallaşdırılan, cəmi 23 saat davam edən bu lokal əməliyyat İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm və tarixi Zəfərin məntiqi davamı olaraq, ölkəmizi əsas hədəfinə qovuşdurdu. Azərbaycan ərazilərinin 30 ildən artıq davam edən işğalına, eləcə də Ermənistanın formalaşdırdığı qanunsuz xunta rejiminin mövcudluğuna birdəfəlik son qoyuldu.
Azərbaycanın hələ İkinci Qarabağ müharibəsi zamanı Xankəndini və digər əraziləri Ermənistanın qanunsuz hərbi birləşmələrindən təmizləmək imkanı olsa da, rəsmi Bakı hərbi güc tətbiqinə üstünlük vermədi. Postmüharibə dövründə Qarabağ ermənilərinin sivil reinteqrasiyasına çalışan ölkə rəhbərliyi humanist yanaşma göstərdi, qarşı tərəfi dəfələrlə danışıqlara dəvət etdi. Lakin Ermənistanın və Qarabağda süquta uğradılmış separatçı rejimin rəhbərliyi üç ilə yaxın müddətdə Azərbaycanın dayanıqlı sülh və reinteqrasiya üçün təklif etdiyi bütün səmərəli təklifləri rədd etdi, hərbi təxribatlarla bölgədəki vəziyyəti gərginləşdirmək yolu seçdi. Bu, Azərbaycanın hərbi-siyasi, diplomatik gücünün adekvat dəyərləndirilməməsinin, revanş iddialarının nəticəsi idi.
Bu lokal əməliyyat Azərbaycanın separatçılıqla heç zaman barışmadığını, zəbt edilmiş torpaqlarının azad olunması, suverenliyinin bərpası naminə sonadək mübarizə aparmaq, ədalətin tam bərpası naminə döyüşmək əzmini bütün dünyaya nümayiş etdirdi. Ermənistan 2020-ci ildəki sarsıdıcı məğlubiyyətindən, eləcə də lokal hərbi toqquşmalar zamanı aldığı ciddi zərbələrdən nəticə çıxarmaq istəmir, bütün mümkün resurslarını ərazilərimizdə separatizmin qorunub saxlanılmasına yönəldirdi. Bu məqsədlə “danışıq imitasiyası” yaratmağa, zaman qazanmağa çalışır, əldə olunmuş rəsmi razılaşmaların icrasından yayınırdı. Azərbaycan qarşı tərəfin destruktiv gedişlərinə cavab olaraq, “Fərrux”, “Qisas” və “Qətiyyətli cavab” kimi sülhə məcburetmə əməliyyatlarını uğurla reallaşdırsa da, Ermənistan yenə də düzgün nəticə çıxara bilmədi.
Rəsmi Bakının son zərurət kimi keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı yalnız legitim hərbi hədəflər yüksək dəqiqlikli atəş vasitələri ilə sıradan çıxarıldı, mülki əhaliyə və infrastruktura zərbə endirilmədi. Ermənistanın əsassız iddialarına rəğmən, Beynəlxalq Qızıl Xaç Komitəsi də daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn bütün normalarına əməl edildiyini təsdiqləmək məcburiyyətində qaldılar.
Qarabağdakı separatçı rejimin təslim olaraq Azərbaycanın şərtlərini qəbul etməsindən dərhal sonra rəsmi Bakı lokal xarakterli antiterror tədbirlərini dayandırdı. Əldə olunmuş razılaşmaya uyğun şəkildə, silahı yerə qoymaqla tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışına imkan yaradıldı. Bu, rəsmi Bakının növbəti humanist addımı və razılaşmalara sadiqliyinin göstəricisi oldu. Qanunsuz rejimin ideoloji-siyasi rəhbərlərinin – etnik-dini qarşıdurmanı təşviq etməkdə, ağır müharibə cinayətlərində təqsirli bilinən şəxslərin tutularaq Bakıya gətirilməsi göstərdi ki, ölkəmiz hərbi caniləri qətiyyən bağışlamır, hüququn aliliyini, tarixi ədaləti bərpa edir.
Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamı ilə sentyabrın iyirmisinin “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” elan edilməsi ölkəmiz üçün mühüm siyasi və təbliğati əhəmiyyətə malikdir. Bu Sərəncam uğurla gerçəkləşdirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılmış uğurların miqyasını göstərir. Eyni zamanda, Sərəncam qazandığımız tarixi Zəfərin mahiyyətinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir.
Azərbaycanın Xankəndi də daxil olmaqla, suverenliyini bərpa etdiyi tarixi ərazilərində cəmi 1 il müddətində reallaşdırdığı genişmiqyaslı abadlıq-quruculuq işləri, Qarabağ Universitetinin fəaliyyətə başlaması, keçmiş məcburi köşkünlərin yurdlarına qayıtmaları revanş xülyasından əl çəkməyən Ermənistanın müəyyən hərbi-siyasi dairələrinə “gözdağı” və sərt mesajdır. Azərbaycan düşmənin istənilən təxribatçı addımına bundan sonra da sərt cavab verəcək və “Dəmir yumruq” öz sözünü deyəcək.

Seçilən
14
4
arantv.az

4Mənbələr