AZ

Sabahdan Azərbaycanda QRİPƏ görə vaksinasiya başlayır: Kiçik yaşlı uşaqlar və yaşlılarda ağırlaşmalar ola bilər

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasında deyilir.

"Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ənənəvi olaraq profilaktik və əksepidemik tədbirlər həyata keçirilir. Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.

10 sentyabr 2024-cü il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və "soyuq zəncir" sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Vaksinasiya prosesində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur.

Bu peyvəndlər Ümumdünya Səhiyyə təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə uyğunluq təşkil edir", - qurumdan bildirilib.

Qeyd edilib ki, qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarının, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

İnfeksiyaların tüğyan etdiyi dövrdə adi sandığımız qripə görə vaksinasiya nədən xəbər verir?

Mövzu ilə bağlı Referans.az-a həkim - infeksionist Mərdan Əliyev danışıb. Həkim bildirib ki, qripə qarşı vaksinasiya hər il tövsiyə olunur:

"Çünki payız - qış mövsümündə qrip çox yayılır. Xüsusən də burada risk qrupuna daxil olan şəxslər də var. Qrip əslində ağır xəstəlikdir, yüngül xəstəlik deyil. Adi zökəm əlamətləri ilə tənəffüs yolu infeksiyalarına yoluxuruq. Bunlar hamısı qrip deyil, kəskin respirator virus infeksiyaları, yəni tənəffüs infeksiyaları qrupudur. Bunların içində adenovirus, rinovirus, rotavirus, koronavirusun əvvəlki təhlükəsiz növləri var".

İnfeksionist bildirib ki, qrip sadaladığı infeksiyaların içərisində ən ağırıdır: "Çox kiçik yaşlı uşaqlarda, yaşlı şəxslərdə ağırlaşmalar verə bilir. Buna görə qripə qarşı peyvənd olunmaq tövsiyə olunur. Bilirsiniz, qripə qarşı vaksinasiya olunanda payız - qış mövsümündə xəstəliklər bir - birinə qarışır. İnsan bilmir koronavirusa və ya qripə yoluxub. Peyvənd olunanda insan qripə yoluxmur və az adamda yoluxma baş verir. İmmun sistemi yaxşı olan insan qripə yoluxanda bir həftə əziyyət çəkir. Qaymariti, faringiti olan adam əgər qripə yoluxarsa, bu daha da uzanır, xəstənin halını pisləşdirir, insanın iş qabiliyyətini azaldır".

İnsanların təşvişə düşməsinə ehtiyacın olmadığını bildirən Mərdan Əliyev açıqlamasında həmçinin bildirib ki, insan eyni anda həm koronavirusa, həm də adi qripə yoluxa bilməz. Çünki şəxs bir virusa yoluxursa, reseptorlar artıq tutulur. Ona görə növbəti infeksiyaya yoluxma müşahidə olunmur, amma, qrip bitəndən sonra digər virusa yoluxma halı davam edə bilər.

Şəlalə Babayeva

Seçilən
28
referans.az

1Mənbələr