AZ

Özbəkistanda Azərbaycan Milli Musiqisi Günü qeyd edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Azərbaycan Milli Musiqi Günü ilə bağlı tədbir keçirilib.

Mərkəzdən Misssiya.Az-a bildirilib ki, tədbirdə elm, mədəniyyət xadimləri, ali məktəblərin professor - müəllim heyəti, tələbələr, yerli azərbaycanlılar və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə əvvəlcə iştirakçılar foyedə Azərbaycan musiqisinə həsr edilmiş “Milli musiqimiz” adlı fotosərgi, kitab stendi və Azərbaycan musiqi alətlərindən ibarət kompozisiya ilə tanış olublar. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunun müavini Nadir Əlimirzəyev bildirib ki, 18 sentyabr Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin doğum günüdür.

O, qeyd edib ki, milli musiqi mədəniyyətimiz öz inkişaf zirvəsinə görə məhz Üzeyir Hacıbəyliyə borcludur. Üzeyir Hacıbəyli 1908-ci ildə tamaşaya qoyulan ilk operanın müəllifi kimi musiqi tarixinə düşüb. Sonra yeddi il ərzində dahi bəstəkar daha beş opera, üç operetta yaradıb. N.Əlimirzəyev diqqətə çatdırıb ki, Ümummilli Liderin 1995-ci ildə - Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. “Azərbaycan Prezidenti İlham Əliyevin bu il avqustun 22–23-də Özbəkistana dövlət səfəri, imzalanan mühüm sənədlər münasibətlərimizin inkişafına təkan verib. O günlərdə tanınan özbək müğənnisi Fərrux Zakirov və Azərbaycanın Xalq artisti, Polad Bülbüloğlu isə Özbəkistanın Xalq artisti adına layiq görülüblər”, - deyə o vurğulayıb. Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov iki ölkə arasında mövcud əlaqələrdən söz açaraq son zamanlarda bu əlaqələrin daha da möhkəmləndiyini və xüsusilə mədəniyyət sahəsindəki əlaqələrin inkişafında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin böyük rolunun olduğunu bildirib.

Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan” rəqs ansamblı milli rəqslərimizlə çıxış edib. Sonda dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filminin, Heydər Əliyev Fondunun layihəsi ilə rəngləndirilmiş və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində subtitr əlavə olunmuş versiyası tamaşaçılara təqdim olunub.

Seçilən
23
14
missiya.az

10Mənbələr