Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır.
Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur.
Millət vəkili Aydın Hüseynov Hit.az-a şərhində deyib ki, İtaliya ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilib:
“Azərbaycan–İtaliya əməkdaşlığı digər Avropa ölkələri üçün nümunədir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və iki ölkə arasında möhkəm ticarət əlaqələri yeni geosiyasi çağırışlar fonunda daha da güclənir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Dövlət başçısının İtaliyaya bu səfərində iki ölkə arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb.Bu gün Azərbaycanın İtaliya ilə əməkdaşlığı qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir”.
Sevinc