AZ

“Böyük Qayıdış” Azərbaycanın tarixi qələbəsindən doğan strateji konsepsiyadır

30 ilə yaxın davam edən erməni işğalına son qoyan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə 44 gün ərzində Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdi. İşğal dövründə yorulmadan, ümidlərini itirmədən və fasiləsiz Böyük Zəfərə hazırlaşan dövlətimiz güclü iqtisadiyyat, peşəkar Ordu quruculuğunu həyata keçirdi, siyasi-diplomatik əlaqələrini genişləndirdi, beynəlxalq imicini qoruyub saxladı. Azərbaycan strateji hədəfini - əzəli torpaqlarını müharibə yolu ilə geri qaytararkən artıq özünə güclü hüquqi, siyasi baza yaratmışdı və geniş dostlara, tərəfdarlara malik idi. Xarici təsirləri neytrallaşdıraraq və daxili milli milli birliyi təmin edərək düşmənə ağır zərbə vuran Azərbaycan parlaq qələbə etdi. Bakı bu qələbə ilə işini bitmiş hesab etmədi, strateji hədəflərə aparan proqramlara fasilə vermədi. Dərhal “Böyük Qayıdış” konsepsiyası hazırlandı və onun icrasına başlanıldı.

Konsepsiyadan irəli gələn işlər, tədbirlər ardıcıl və məqsədyönlü şəkildə icra edilir. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi, vətəndaşların öz doğma yurdlarına qayıtması “Böyük Qayıdış” konsepsiyasının əsasını təşkil edir. Yol infrastrukturunun yaradılması - avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması da konsepsiyanın ayrılmaz hissəsidir.

“Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi, ekoloji cəhətdən təmiz, “yaşıl zonalar”ı yaradılması “Böyük Qayıdış”ı daha da cəlbedici edir. Vətəndaşların rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr vahid mərkəzdən koordinasiya edilir və planlı şəkildə həyata keçirilir.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın azad olunan ərazilərdə qısa müddət ərzində gördüyü iş bir çoxlarına inanılmaz, fantastik gəlir. Gecə-gündüz yorulmadan çalışan dövətimiz və vətəndaşlarımızın birgə səyi ilə yaradılan xaruqələr həqiqətən göz oxşayır. 30 il ərzində viran qoyulan, xarabaxanaya çevrilən kəndlər, rayonlar, şəhərlər yenidən qurulur, binalar daha gözəl, müasir tipdə yenidən inşa olunur

Artıq bir sıra şəhərlərin Baş planları hazırlanıb. Zəngilan, Ağdam, Şuşa, Füzuli, Xocalı şəhərlərinin Baş planları təsdiqlənib və bu ictimaiyyətə də təqdim olunub. Bununla yanaşı, digər şəhərlərin və qəsəbələrin də Baş planları hazırlanır. Bununla bağlı dövlət başçısının müvafiq qərarı və tapşırıqları var.

Prezident İlham Əliyevin tapşırığına əsasən, müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir ki, bu da Qarabağ və Şərqi Zəngəzurda yaşamağı, investorlar üçün çalışmağı şərtləndirir. Qazanılan parlaq qələbənin simvolu sayılan “Zəfər” yolu isə 2021-ci ilin sentyabr ayında istifadəyə verilib. Bu yolun tikintisi cəmi bir ilə başa gəlib. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunmaqla çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirildiyi bu layihə öz başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürür. 101 kilometrlik Zəfər yolu Türk dünyasının tacı olan Şuşa şəhərinə qədər uzanır. Böyük bir konsepsiya olan “Böyük Qayıdış”ın layihələrini, görülən və planlaşdırılan hər bir tədbir və işləri haqqında geniş danışmaq, yazmaq olar.

Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir”.

Azərbaycan strateji hədəflərinə doğru inadla, ardıcıl və yorulmadan irəliləyir. “Böyük Qayıdış” yolunda atdığımız əmin addımlar nəticəsində tarixi Qələbəmiz ciddi siyasi hadisəyə, prosesə çevrilib. Milli həmrəyliyin güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişafı bütövlükdə Azərbaycanın dünyadakı nüfuzunu artırıb. Təsadüfi deyil ki, Azərbaycana səfər edən xarici ölkələrin tanınmış ictimai-siyasi xadimləri, dövlət nümayəndələri, ö cümlədən ölkəmizdəki diplomatik korpusların nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər edib orada aparılan geniş quruculuq işləri ilə tanış olmaq istəyirlər. Sevindirici haldır ki, bir çox ölkələr Azərbaycanla olan münasibətlərini daha da yaxşılaşdırmaq, əlaqələri gücləndirmək üçün azad olunmuş ərazilərimizdə təhsil və tədris binları, mədəniyyət mərkəzləri, sənaye müəssisələri açmaq istəyirlər.

Bütün bunlar Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərinin daxili və xarici siyasətinin nöqsansız olmasını göstərir. Eyni zamanda “Böyük Qayıdış” konsepsiyasının fundamental və strateji sənəd kimi əhəmiyyətini artırır. “Böyük Qayıdış” konsepsiyası Azərbaycanın şanlı qələbəsinin labüdlüyünü, Qarabağ və Şəriq Zəngəzur üzərində suveren haqlarının doğal olmasını dünyaya çatdırır.

Fuad hüseynzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
sabahinfo.az

1Mənbələr