AZ

Instagram yeni funksiyası ilə valideyn nəzarəti imkanını gücləndirib

     Instagram yeniyetmə istifadəçilərin qorunmasına və onlar üzərində valideyn nəzarətinin gücləndirilməsinə istiqamətlənmiş Teen Accounts adlı yeni funksiyasını istifadəyə verib. Bu funksiya vasitəsilə valideynlər öz övladlarının sosial şəbəkədəki aktivliklərini idarə edə, onları arzuolunmaz kontentlərdən qoruya və onların tanımadıqları şəxslərlə qarşılıqlı əlaqələrini məhdudlaşdıra biləcəklər. Teen Accounts funksiyası Instagram-ın 16 yaşdan aşağı bütün istifadəçilərində avtomatik olaraq aktivləşir. 16 yaşdan aşağı istifadəçilərin hesablarının digər istifadəçilərin hesabları ilə qarşılıqlı əlaqələri, onların müəyyən kontentlərə keçidləri və sosial şəbəkədə keçirdikləri zaman məhdudlaşdırılacaq.     Instagram yaxın aylar ərzində ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyadan başlayaraq yeniyetmələrin mövcud və yeni hesablarını bu cür çalışma rejiminə keçirtməyi planlaşdırır. Məlumata əsasən bu çalışma rejimi çərçivəsində bir sıra təhlükəsizlik mexanizmləri reallaşdırılacaq. Belə ki, yeniyetmə istifadəçilər yalnız abunə olduqları və daha öncə artıq ünsiyyətdə olmuş olduqları istifadəçilərdən mesaj qəbul edə biləcəklər. Bundan əlavə olaraq yeniyetmələri fotolarda və şərhlərdə qeyd etmək də məhdudlaşdırılacaq. Bu cür istifadəçilər üçün özəl mesajlarda və şərhlərdə qeyri-etik ifadələrin işlədilməsi mövzusunda avtomatik filtr işə düşəcək. Yeniyetmələr üstəlik müəyyən mövzulu kontentləri izləyə bilməyəcəklər.      Instagram-dan çox istifadə edən yeniyetmələr üçün sosial şəbəkə Sleep Mode rejimini hazırlayıb. Bu rejim Instagram-dan olan bildirişləri saat 22:00-dan 07:00-a kimi deaktiv edir. Bundan əlavə olaraq Instagram yeniyetmə istifadəçiyə 1 saatlıq istifadədən sonra fasilənin verilməsini təklif edir. Valideynlər isə öz övladlarının Instagram-dan istifadə zamanları üzrə məhdudiyyətlər təyin edə və müəyyən saatlarda tətbiqdən istifadə imkanını ümumiyyətlə bloklaya bilərlər. Ümumilikdə valideynlər öz övladlarının Instagram daxilindəki aktivliklərinin nəzarəti mövzusunda daha çox imkanı əldə edirlər. Onlar övladlarının son 1 həftə ərzində kimlərlə ünsiyyətdə olduqlarına nəzər yetirə biləcəklər. Bununla belə onlar övladlarının mesajlarını oxuma kimi bir imkana sahib deyillər. Bundan əlavə olaraq valideynlər övladlarının Instagram-dakı məsləhətlər bölməsində hansı mövzulara abunə olduqlarını izləyə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
technote.az

1Mənbələr