“Mənim yarışlarım 2025-ci ildə başlayacaq. Çalışacam ki, fevral, mart ayına qədər hazır olum və reytinq turnirlərində güləşim”.
Bunu İdman.bizə Azərbaycan millisinin sərbəst güləşçisi Əliabbas Rzazdə deyib. Zədəli olan Əliabbas ötən günlərdə sol çiynindən və sol biləyindən əməliyyat olunub. Gənc idmançı bildirib ki, yarışlara daha tez qayıtması üçün özünü toparlayacaq: “Hər gün daha da yaxşıya doğru gedirəm. 14 gündən sonra əlimin gipsi açılacaq. Reablitasiya, fizioterapiya başlayacaq. Daha sonra yavaş-yavaş məşqlərə çıxacam. 6 aydan sonra isə xalça üzərində məşqlərə start verəcəyəm. Ondan daha tez də ola bilər. Maksimum 6 ay demişik. Çalışacam ki, daha tez sağalım”.
Rzazadə zədəsinin ona Parisdə keçirilən son Olimpiya Oyunlarında uğurlu çıxış etməsinə mane olduğundan da danışıb: “Olimpiya Oyunlarına 1 ay qalmış Budapeştdə keçirilən yarışda çiynimdən ağır zədə aldım. Yarışa tam istədiyim kimi hazırlaşa bilmədim. 1 ay qabaq rahatlıqla qalib gəldiyim idmançıya Olimpiya Oyunlarında məğlub oldum. Buna zədə səbəb oldu. Travmam olduğu üçün məşqlərdə istədiyim kimi işləyə bilmirdim. Parisdə məğlub olmağım mənim ən pis günlərimdən biri oldu. Xalça üzərinə zədəli çıxsam da məğlub olacağımı düşünmürdüm. Bundan sonra daha da ciddi və məsuliyyətli hazırlaşacam ki, gələn Olimpiya Oyunlarına qatılım və orda yaxşı nəticə əldə edim”.
Qeyd edək ki, Əliabbas Rzazadə Avropa çempionu və U-23-ün dünya birincisidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta