AZ

Rusiyada “İslamın minarəsi” jurnalının Nizami Gəncəviyə həsr olunmuş yeni sayı işıq üzü görüb

Rusiyada “İslamın minarəsi” jurnalının Nizami Gəncəviyə həsr olunmuş yeni sayı işıq üzü görüb

Moskvada “Mədinə” Nəşriyyat evinin “İslamın minarəsi” beynəlxalq jurnalının yeni sayı işıq üzü görüb. Beynəlxalq Müsəlman Forumunun məsul katibi, jurnalın baş redaktoru, ilahiyyat elmləri doktoru Damir Muxetdinovun təklifi ilə buraxılış bütövlüklə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub.

Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru, “İslamın minarəsi” jurnalının tematik sayının redaksiya heyətinin üzvü Səfa Kərimovun AZƏRTAC-a verdiyi məlumata görə, layihəyə Azərbaycan tərəfdən Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru Rafael Hüseynov rəhbərlik edib.

Ötən əsrin birinci yarısında görkəmli alimlər Yevgeni Bertels və Aqafanqel Krımskinin Nizami Gəncəvi yaradıcılığı ilə bağlı apardıqları tədqiqatlardan sonra Rusiya şərqşünaslığında uzun illər ərzində ilk dəfə olaraq, məşhur Rusiya və Azərbaycan alimlərinin dahi Azərbaycan şairi haqqında nadir birgə məqalələr toplusu hazırlanıb.

Giriş sözündə Damir Muxetdinov Nizaminin adının bu gün Rusiyada da yaşadığını, burada onun sevildiyini, qiymətləndirildiyini və oxunduğunu qeyd edib: “Sankt-Peterburqda, Rusiya Milli Kitabxanasının kolleksiyalarında, Nizaminin əsərlərindən ibarət ən qədim əlyazma saxlanılır ki, bu da XIV əsrin ikinci yarısına aiddir. Şəhərin Petroqrad tərəfində isə onun şərəfinə abidə ucaldılıb”.

Akademik R.Hüseynov öz tədqiqatında Nizami poetik məktəbinin qlobal əhəmiyyətindən danışıb: “Gəncədən olan müdrik insanın dahiliyi məhz onun yaradıcılığının gələcəklə dolu olması, poeziyasının sözün hərəkətinin qabaqcadan görməsinə, gələcəyin qurulmasına əsaslanmasından ibarətdir: “Nizamidən əvvəl və sonrakı korifeylərin heç biri belə uzun ardıcıl və tərəfdar, bu qədər uzun ədəbi əks-səda buraxmaq missiyasına malik deyildi”.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “İz” elmi-tədqiqat jurnalının baş redaktoru Dəmir Babazadə-Aranelli “Sonsuz Nizami Gəncəvi” məqaləsində şair və mütəfəkkir Nizami Gəncəvi yaradıcılığının müasir bəşəriyyət üçün aktuallığından bəhs edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli də mühüm araşdırmalarını bölüşüb.

Azərbaycan Diplomatik Akademiyasının baş müəllimi İlahə Hacıyeva və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş elmi işçisi İradə Musayevanın jurnalın yeni sayında dərc olunmuş məqalələri yüksək elmi-tədqiqat səviyyəsini təsdiqləyib.

Jurnalda “İslamın minarəsi” jurnalının tematik sayının redaksiya heyətinin üzvü, Azərbaycan Dövlət İncəsənət Akademiyasının professoru, Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədovun iştirakı ilə hazırlanmış Nizami əsərlərinin tərtibatına və illüstrasiya seriyasına xüsusi diqqət yetirilir.

Yeni jurnalın ilk nüsxələri Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin VIII Qurultayının və XX Beynəlxalq Müsəlman Forumunun iştirakçılarına təqdim olunacaq.

Fəridə Abdullayeva

Moskva

Mənbə: AZƏRTAC

Seçilən
46
2
ilk.az

3Mənbələr