AZ

Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması adı altında manipulyasiya - İTTİHAM VAR...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə 1.667.520 manat məbləğində satınalma müqaviləsi bağladığını 18.09.2024-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan əvvəl fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə daha bir satınalma müqaviləsi də bağlayıb. Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması alınması üzrə 1.075.840 manat məbləğində dəyərləndirilmiş bu müqavilə barədə məlumat 06.08.2024-cü ildə açıqlanıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Satınalma Komissiyasının burada nə kimi qanun pozuntularına yol verdiyi açıq-aşkar görünür. Birinci bir mənbədən satınalma metodunun qanunla müəyyən edilmiş tələblərinə nəzər salaq. Qanunun 49-cu maddəsində göstərilir: 49.1. Aşağıdakı hallarda satınalan təşkilat bu Qanunun 44.4-cü ( Ehtimal olunan qiymətdən asılı olmayaraq, aşağıdakı satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər) maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq edə bilər: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:Göründüyü kimi fiziki şəxs Məmmədov Mehman Rza oğlu mənzillərin satın alınması üzrə konkret təchizatçı deyil, satınalma üzərində xüsusi hüquqlara da malik deyil və bu satınalma predmetinin ölkədə kifayət qədər əvəzedicisi və alternativi var. Digər tərəfdən elanda yalnız şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması göstərilir. Burada mənzillərin neçə nəfərə alınması da açıq göstərilməyib. Amma qanunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.Analoji qanun pozuntularına fiziki şəxs Məmmədov Mehman Rza oğlu bağlanan digər müqavilədə yol verilib. Elanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması qeyd olunub. Burada da mənzillərin harada və neçə nəfərə alınması dəqiq göstərilməyib. Amma qeyd etdiyimiz kimi anunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.Keçək bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ümumi olaraq 2 743 360 manat dəyərində iki dövlət sifarişi almış fiziki şəxs Məmmədov Mehman Rza oğluna.Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Mehman Məmmədovun barədəsində heç bir məlumat əldə edə bilmədik.Apardığımız daha ətraflı araşdırmada məlum oldu ki, Məmmədov Mehman Rza oğlu fiziki şəxs kimi Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu ərazi vahidi, Kövər kəndində qeydiyyata alınıb. Onun ikinci ünvanı Mirzəxan-Qaraqoyunlu ərazi vahidi, Təbriz kəndidir. Lakin Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Bərdə rayonunun bu kəndlərin seçicilərinin siyahəsə barədə heç bir məlumat yoxdu. Fiziki şəxs Məmmədov Mehman Rza oğlunun həqiqtəndə bu kəndlərin birində daimi pasport qeydiyyatında olub, olmaması bəlli deyil.Amma rayondakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində əkin-biçinlə məşğul olur. Təxminən 54-55 yaşı olan Mehman Məmmədovun Mirzəxan-Qaraqoyunlu kəndində, yol kənarında 3-4 mağazasının da olduğu bildirilir.Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzilləri Bərdə rayonunun bir kəndində əkin-biçinlə məşğul olan, 3-4 mağası olan bir şəxsin əli ilə alır.Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi dövlət satınalmalarında bu kimi hallara tez-tez rast gəlinir. Nazirlik ötən il də Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması üçün Şəki şəhərində daimi pasport qeydiyyatında olan 72 yaşlı Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində müqavilə bağlamışdı.Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq ikinci dəfədir ki, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzilləri şübhəli satınalmalar yolu ilə alır. Bununla bağlı əvvəlki yazılarımızda qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, qanun fiziki şəxslərin də tenderdə iştirakına icazə verir. Bunun üçün fiziki şəxslərdən bank hesabı tələb olunur ki, bu hesabda tenderdə təklif ediləcək məbləğin ən azı 50 faizi olmalıdır. Bu tenderdə risklərin qarşısını almaq üçündür. Göründüyü kimi, fiziki şəxs Məmmədov Mehman Rza oğlu iki tenderə ümumi olaraq 2 743 360 manat təklif edərək qalib olub. Burada sual yaranır. Bir fiziki şəxs olaraq Bərdə rayonunun bir kəndində əkin-biçinlə məşğul olan, 3-4 mağası olan bir şəxsin bank hesabında ən azı 1 milyon manat varmı?Bütün bu məlumatlara ölkədə dövlət satınalmalarına nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə aydınlıq gətirə bilər. Bu hər iki dövlət qurumu tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması adı altında manipulyasiya deyilmi?Aktualinfo.org

Seçilən
67
3
dia-az.info

4Mənbələr