AZ

Vətən müharibəsi nəticə etibarilə dövlət suverenliyimizin tam bərpa edilməsinə yol açdı - ÖZƏL

"Azərbaycan Respublikasının Dövlət Suverenliyi gününün təsis edilməsi böyük bir tarixi prosesin yekun, son nəticəsidir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"1991-ci ildə müstəqillik qazandıqdan sonra müstəqil Azərbaycan Respublikası öz ərazi bütövlüyünü tam təmin edə bilmirdi. Uzun illər    bundan əziyyət çəkirdik. Dövlətimiz, xalqımız həqiqətən də ciddi problemlərlə üz-üzə idi və 2020-ci ilin 27 sentyabrında başlayıb, 10 noyabrda başa çatmış Vətən müharibəsi nəticə etibarilə dövlət suverenliyimizin tam bərpa edilməsinə yol açdı.
Sonrakı mərhələdə bilirsiniz ki, Qarabağda bir ovuc erməni qalmışdı. Rusiya sülhməramlıları sülhməramlı adı altında ora girsələr də, daha çox ermənilərə, hətta hərbi dəstək verməklə, onları gücləndirməklə məşğul idi. Azərbaycan dövləti də rus sülhməramlılarına, eləcə də bölücü və terrorçu ermənilərə dəfələrlə xəbərdarlıq edirdi ki, bu problemləri dinc yolla həll edək, silahlanmaq, separatçılığı davam etdirmək lazım deyil. Təəssüflər olsun ki, rus sülhməramlılarına arxalanan ermənilər sona qədər dirəniş göstərdilər və Azərbaycan dövləti də məcburiyyət qarşısında qalaraq 19 sentyabr 2020-ci ildə güc tətbiqi ilə bölücülüyü və terrorçuluğu xüsusi əməliyyatla birdəfəlik kökündən məhv elədi. Bununla da həm bölücü terrorçu ermənilərə, həm də onların ağası olan rus sülhməramlılarına yerləri göstərildi və Azərbaycan dövlətinin bütün ərazisində suverenliyimiz bərpa edilmiş oldu. Məhz 2023-cü il sentyabrın 20-də. Ona görə də Prezident İlham Əliyev bu gün 19 sentyabr 2024-cü ildə həmin hadisələri rəhbər tutaraq, 20 sentyabrı Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü kimi qeyd etmək barədə sərəncam verdi. Yəni bu, bir tarixi mərhələnin qapanmasıdır, özü də uğurla, böyük zəfərlə qapanmasıdır. Azərbaycan prezidenti də əlbəttə ki, haqlı olaraq həmin mərhələnin qapanmasını bir sərəncamla tarixi gün olaraq qeyd etməklə öz sözünü demiş oldu. Yəni bu, havadangəlmə bir gün deyil. Şəhidlərimizin qanı ilə yoğrulmuş, qazilərimizin canı bahasına əldə edilmiş zəfərin və nəticədə Azərbaycanın dövlət suverenliyinin bərpa edilməsini təsdiq edir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
olaylar.az

1Mənbələr