“İşəgötürənlər “Coursera”da təhsil alan azərbaycanlıları müvafiq vakansiyalar üzrə işə dəvət etmək imkanı əldə edəcəklər. Məqsəd rəqəmsal iqtisadiyyata keçid prosesində vətəndaşlarımızın rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların dördüncü sənaye inqilabı texnologiyaları sahəsində yeni səriştələr əldə etməsi və rəqabətqabiliyyətliliyin artırılmasıdır”.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, ötən bir il ərzində uğurla həyata keçirildiyi nəzərə alınaraq, layihə “Milli Proqram” çərçivəsində növbəti bir il ərzində də davam etdiriləcək. Bu dəfə 200 minə yaxın insan bu proqramdan istifadə edə biləcək. 2500-dən çox kurs suni intellekt vasitəsilə Azərbaycan dilinə subtitr formasında tərcümə olunacaq: “Dünyanın ən böyük onlayn təhsil platforması olan “Coursera”nın hazırda 140 milyondan çox istifadəçisi var. 300-dən çox təşkilat öz kurslarını onlayn formada “Coursera” platformasında təqdim edir. Bunların sırasında dünyanın ən top universitetləri - Stenford, Yel, Miçiqan, Oksford, eyni zamanda dünyanın ən böyük texnologiya şirkətləri və digər sənaye sahəsində xidmət göstərən şirkətlər – “Google”, “Amazon”, “Meta”, “Sanofi”, “Microsoft” var”.
F.Cəfərov xatırladıb ki, ötən ilin sentyabr ayında İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Elm və Təhsil Nazirliyinin tabeliyində Elmin İnkişafı Fondunun birgə başladığı, 10.000 insanı əhatə edən “4Si Akademiyası” proqramı çərçivəsində vətəndaşlar 8 kateqoriya üzrə 800-ə yaxın onlayn kursa bir il ərzində giriş imkanı əldə etdilər. Bu proqramın tətbiqi zamanı 6 həftədən bir 1000 nəfərə lisenziyaların göndərilməsi, könüllülər vasitəsilə istifadəçilərin paltformada mütəmadi izlənilməsi həyata keçirildi: “Ötən bir il ərzində 10.000 Azərbaycan vətəndaşı 800-dən artıq kursdan ödənişsiz istifadə edərək 4300-ə yaxın sertifikat əldə edib. 32 min saatdan çox onlayn kurslar dinlənilib. Bütün bunları nəzərə alaraq, “Coursera”nın beynəlxalq münsiflər heyəti tərəfindən “4S Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsində “Süni İntelllekt innovasiyası” nominasiyası üzrə qalib elan edilib. “4S Akademiyası” bu mükafata süni intellekt sahəsində bilik və bacarıqların əldə olunmasını fəal təbliğ etdiyinə, eyni zamanda, Bakı və Bakı şəhərinin xaricində regionları əhatə etdiyinə, inklüzivliyi təmin etdiyinə görə və digər faktorlar nəzərə alınaraq layiq görülüb. Xüsusən də “Coursera” platformasında mövcud olan süni intellekt alətlərindən aktiv istifadə edən 109 tərəfdaş ölkə arasından seçilib”.
Qeyd olunub ki, dünya üzrə ən populyar tədris platforması olan “Cousera” hər il insan kapitalının inkişafı üzrə mühüm nailiyyətlər əldə edən tərəfdaşlara “Üstün Nailiyyət Mükafatı” təqdim edir. Seçim zamanı tədris platformasında onlayn təhsilə cəlb edilənlər və əldə edilmiş beynəlxalq sertifikatlar, qazanılan yeni biliklər əsasında karyerasında yüksələnlərin sayı və digər göstəricilər əsas götürülür. “4S Akademiyası” həm də “Üstün Nailiyyət Mükafatı 2024”-ün Orta Şərq və Şimali Afrika regionu üzrə qalibidir: “Bu il “Coursera Şəbəkə Konfransı”nda ən əsas mövzu generativ süni intellektin tətbiqi ilə yeni onlayn təhsil kurslarının yaradılması, insanların suallarına cavab tapma imkanının yaradılması, eyni zamanda generativ süni intellekt vasitəsilə insanların aldıqları təhsilə, suallara cavab vermə tempinə uyğun olaraq gələcək peşə və bacarıqları ilə bağlı sürətli analizlərin təqdim ediməsidir. Bundan başqa, “Coursera” tərəfindən generativ süni intellektin tətbiqi ilə bir sıra yeni alətlər təqdim edilib. Artıq “Coursera” platformasında süni intellekt kouç vasitəsilə müxtəlif kursları dinləyən şəxslərə sanki müəllimlər onların suallarına cavab veririrmiş kimi cavablar veriləcək, eyni zamanda şəxslərin cari təhsil bilgisi və səriştəsinə uyğun olaraq onlara ən optimal, ən maraqlı kurslar haqqında müxtəlif instruksiyalar veriləcək. İstifadəçilərin təhsil alması, müxtəlif səriştələrə yiyələnməsi üçün və eyni zamanda peşələrini dəyişmək istəklərinə uyğun olaraq mövcud 8 min kurs arasından hansı kursun daha uyğun olacağı haqqında müxtəlif həllər və yol xəritəsi təqdim ediləcək”.