"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Əslində, uzun müddət davam edən diplomatik təmaslarda dövlətimizin başçısı qarşı tərəfə anlatmağa çalışırdı ki, regionda sülhə ehtiyac var, müharibə olacaqsa, bu, Ermənistanın sonu deməkdir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycanın uzatdığı barış əlinə Ermənistan təmas xəttində yeni təxribatlar, Tovuz istiqamətində mövqelərimizi atəşə tutmaqla, yeni ərazi iddiaları ilə cavab verdi. Beləliklə, beynəlxalq güclərin marionet idarəçiliyində olan Ermənistanın qəbulolunmaz davranışları Cənubi Qafqazda müharibə ilə nəticələndi. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsi təkcə qəhrəman ordumuzun deyil, bütövlükdə xalqımızın xarakterinin və mübarizə əzminin dünyaya nümayişi kimi tarixə həkk olundu. Xalq-Lider-Ordu birliyinin rəmzinə çevrilmiş "Dəmir yumruq"un zərbəsi məğlubedilməz kimi təqdim olunan mifləşdirilmiş düşmən ordusunu 44 gün ərzində məhv etdi. Təkcə Şuşa şəhərinin işğalçılardan azad olunmasında süngü və yüngül silahlarla düşmənlə əlbəyaxa döyüşlərə atılmış şərəfli Azərbaycan Ordusunun qəhrəmanlığı dünyanın hərb mərkəzlərində hələ də təhlil olunur, Vətəni biz azərbaycanlılar kimi sevmək aşılanır".
Alim Hüseynli
Olaylar.az