AZ

Müəllimlərim kimi müəllim olmaq istəyirəm

BDU-nun 105, Jurnalistika fakültəsinin 55 illik yubileyinə

  Yeni tədris ili bir neçə gündür başlayıb. 2024-2025- ci il tədris ili Azərbaycan ali məktəbinin etalonu hesab olunan Bakı Dövlət Universiteti (BDU) və onun Jurnalistika fakültəsi üçün xüsusilə əhəmiyyətlidir. Çünki bu il ölkədə ilk ali məktəb olan BDU-nun 105, neçə-neçə jurnalist nəsli yetişdirmiş Jurnalistika fakültəsinin isə 55 illik yubileyidir. Hər iki əlamətdar hadisə münasibətilə, yəqin ki, həm universitetdə, həm də fakültə daxilində il ərzində silsilə tədbirlər keçiriləcək.
  BDU ilə tanışlığım 8 il əvvəl - 2016-cı ildə başlamışdı. Çoxları kimi mən də, demək olar, kimsəni tanımırdım. Sadəcə, gələcəkdə müəllimlərim olacaq bəzi insanların, o cümlədən professor Cahangir Məmmədlinin, Qulu Məhərrəmlinin adlarını eşitmişdim, yaxşı mütəxəssis olduqlarını bilirdim. 
Universitetin Jurnalistika fakültəsinə daxil olanda onları yaxından tanıdım.
  Tələbəlik həyatımın üzərindən illər keçməsinə baxmayaraq, ilk günlər dünənki kimi yadımdadır: sürətlə oxunan mühazirələrə, 90 dəqiqəlik dərslərə, kollekvium həyəcanlarına öyrəşməyə çalışırdıq. Tələbə yoldaşlarımız arasında yeni dostlar tapmaq istəyir, yuxarı kursda oxuyanlardan tez-tez kömək istəyir, müəllimlər barədə soruşurduq. Yeri gəlmişkən, hazırkı bir çox dostumu məhz tələbəlik illərində qazanmışam. 
Hə, bir də ilk günlər hər fürsətdə universitetdə, onun həyətində gəzir, şəhərciyi xatırladan bu ali təhsil müəssisəsini kəşf etməyə çalışırdıq. 
  Çox keçmədi ki, öyrəşdik. Növbəti kurslarda biz yeni qəbul olanlara dəstək olmağa, fakültədəki xoş, humanist ənənəni davam etdirməyə başladıq. İndi yaxın dostlarımdan biri olan, hazırda İctimai Televiziyada çalışan Qasım Məmmədli ilə məhz belə tanış olmuşam. 
  Yuxarı kurslara keçdikcə nəinki fakültəyə, tələbəlik həyatına, həm də müəllimlərə öyrəşdik. Birinci kursda oxuyanda məndən böyüklərdən eşitdiyim “Jurnalistika fakültəsi bir ailədir” fikrinin təsdiqini üçüncü kursdan etibarən tapdım. Doğrudan da, qəribədir bizim fakültə. Müəllimlər bir az işıq, həvəs gördükləri istənilən tələbəyə dəstək olmağa hazırdırlar. 
  Bunu ilk dəfə hazırda təqaüddə olan Mahmud Mahmudovdan görmüşəm. Həlim xasiyyətli, emosional insandır. Nəinki yaxşı müəllim, həm də yaxşı insandır. Yadımdadır, az qala, hər dərs məni tribunaya çıxarar, qəzetlərdə son çıxan yazılarımla bağlı sorğu-sual edərdi. 
  Tələbəlik illərimdə tez-tez ozamankı adı ilə Jurnalistikanın Nəzəriyyəsi və Təcrübəsi (sonradan adı dəyişilərək Yeni Media və Kommunikasiya nəzəriyyələri oldu) kafedrasına gedərdim. Kafedranın odövrdəki müdiri professor Cahangir Məmmədlinin tövsiyələrini dinləyərdim. Ədəbiyyatdan siyasətə qədər hər mövzudan danışar, sonra da özünəxas tərzdə əlavə edərdi: “Dədə, jurnalist hər şeydən baş çıxarmalıdır”. 
  İndi dekan müavinlərimizdən olan Esmira Rövşənova o zaman kafedranın əməkdaşı idi. Hər dəfə içəri girəndə mənə çay təklif edirdi, bəzən də ya “Şərq”, ya da “525-ci qəzet”in bir nüsxəsini verərək: “Təbrik edirəm, yazın çıxıb” deyirdi. 
  Hər yeni semestrə başladıqca tanıdığımız müəllimlərin sayı daha da artdı. Hazırda multimedia və elektron kommunikasiya kafedrasının müdiri olan Aynur Nəsirova, professorlar Həmid Vəliyev, Sabir Məmmədli, dosent Sima Rəhimova və başqaları müxtəlif illərdə bizə müxtəlif fənlərin sirlərini öyrətdilər. Güney Firudunbəyli, Günel Orucəliyeva, indi dekan müavinlərindən biri olan Samir Xalidoğlu, Ramin Rzayev kimi gənc müəllimlərlə də tanış olduq. Onlardan təkcə jurnalistikanın müxtəlif sahələri deyil, həm də pedaqogikanı, tələbə ilə dost olmağı öyrənməyə çalışdıq. 
  Universitetin bakalavr pilləsindən məzun olanda BDU-nun 100, fakültəmizin isə 50 illik yubileyi tamam olurdu. Həmin vaxt “Elə bir ailədənəm ki...” adlı bir kitab hazırlamışdım. Daxilimdə bir narahatlıq var idi: yolumuzun ayrıldığını düşünürdüm. Amma belə olmadı. 
  Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının magistrantı oldum. Bu dəfə də digər müəllimlərimlə yanaşı, həm də elmi rəhbərim Cahangir Məmmədlinin, elmi işlər üzrə dekan müavinim Sevinc Əliyevanın, kafedra müdirim Xatirə Hüseynovanın dəstəyini hiss etdim. 
“İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan mediasının” fəaliyyəti mövzusunda dissertasiya işimi müdafiə edərkən onların hər birinin, o cümlədən dekanımınız Vüqar Zifəroğlunun dəstəyini hiss etdim. 
  Fakültəmizin mənə ən böyük etimadlarından biri müəllim kimi aralarına qəbul etmələri olub. Artıq üç ildir ki, müəllimlərimlə birlikdə çalışıram. Bir neçə dəfə dediyim kimi, müəllimlərim kimi müəllim olmağa çalışıram. Çünki mən onlardan – yuxarıda adını çəkdiyim müəllimlərimlə yanaşı, həm də professor Akif Rüstəmovdan, dosentlər Zaur Babayev, Rəhilə Kəsəmənlidən, Gülnarə Sadıqovadan, Akif Babayevdən, doğrudan da, çox şey öyrənmişəm. 
Ötən illərdə bunu müşahidə etmişəm: Jurnalistika fakültəsinin müəllimləri tələbələri əvvəlcə kənardan müşahidə edir, sınayırlar. Gözləri tutdusa, aralarına dəvət edirlər. Beləliklə, sən bu ailənin üzvünə çevrilirsən. 
  Həm tələbəlik həyatımda, həm də indi (bu gün də onların tələbələriyəm) dəfələrlə onların inamını hiss etmişəm: Cahangir müəllimin özünün “yaradıcı komanda”sına məni koordinator təyin etməsi, Vüqar müəllimin hələ tələbəlik vaxtı “səni gələcəkdə aramızda görmək istəyirik” deməsi, Sevinc xanımın elmi işlərimlə bağlı göstərdiyi köməklik, Xatirə xanımın dərs saatları verərək, “sən yaxşı pedaqoq olacaqsan” söyləməsi məhz bu etimadın təzahürləridir. 
  Ötən illər ərzində BDU-nun digər fakültələrindən də çox yaxşı insanlar, dostlar tanımışam. Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Müşviq Mustafayev, Rəşid Cabbarov, Ramin Allahverdiyev, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimləri Əlimusa İbrahimov, Sultan Zahidov, filologiya fakültəsinin müəllimləri Sənan İbrahimov, Yeganə İsmayılova, İlqar Hüseynli və başqaları məhz belələrindəndir. 
  Təəssüf ki, itkilərimiz də olub: fakültəmizin dəhlizlərində daha Şirməmməd Hüseynovu görə bilmirik. Ayaz Musayevlə, Nəsir Əhmədli ilə dil məsələləri barədə danışa, Nəsiman Yaqublunun mühacirət dövrü mətbuatı barədə mühazirələrini dinləyə bilmirik. 
Həmçinin digər fakültələrdən də çox yaxından tanıdığım müəllimlər dünyasını dəyişdilər. 
  Əlbəttə, itkilərin yerini doldurmaq mümkün deyil. Adını çəkdiyim mərhum müəllimlər həmişə xatirəmizdə qalacaqlar. Bununla belə, təsəllimiz də olmamış deyil: məsələ burasındadır ki, BDU-nun əsas prioritetlərindən biri də müasir beynəlxalq tendensiyalara uyğun olaraq gəncləşmə siyasətidir. Bu gün BDU-nu digər ali təhsil müəssisələrindən fərqləndirən əsas faktorlardan biri kimi də məhz bunu qeyd etmək olar. 
  Yuxarıdakı qeydləri BDU-nun 105, Jurnalistika fakültəsinin 55 illiyi ilə bağlı etməyi özümə borc bildim. Çox yaza bilərəm. Amma başa düşürəm ki, daha vacibi budur: universitet və fakültə rəhbərliyinin, müəllimlərinin etimadını, tələbələrimizin inamını doğrultmaq. Oxucular qarşısında da bunun üçün çalışacağıma söz verirəm. 

Kənan Novruzov
Seçilən
13
sherg.az

1Mənbələr