AZ

“Məktəblərdə bu fənnin tədrisinə müharibə veteranları olan müəllimləri cəlb etmək lazımdır” - RƏY

Vətənpərvərlik vətənə olan sevgi, bağlılıq və hörmət hissidir. Bu, insanların doğulduqları və yaşadıqları ölkəyə sadiqliyini, onun dəyərlərini qorumaq və inkişaf etdirmək istəyini ifadə edir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi hər bir dövlətin əsas prioritetlərindən biridir. Bu məqsədlə ölkəmizdə həyata keçirilən tədbirlər və yanaşmalar bir neçə əsas istiqamətdə aparılır. Buna misal olaraq dövlətin təhsil, mədəniyyət, idman və digər sahələrdə uşaq və gənclərin vətənpərvər ruhda yetişməsini aşılayan bir çox mühüm addımlarını qeyd etmək olar. Şəxsin vətənpərvər ruhda yetişməsi ilə bağlı təməl ailədən qoyulsa da, burada təhsilin də xüsusi rolu vardır.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov İqtisadiyyat.az-a deyib ki, gənc nəslin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik ruhunda tərbiyəsi hər bir ölkənin gələcəyini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, vətənpərvərlik sadəcə sevgi və məhəbbət hissi deyil, həm də milli kimliyin, mədəniyyətin və tarixin dərin anlayışı ilə bərabər, fərdin cəmiyyət qarşısında məsuliyyət hissini formalaşdıran bir anlayışdır: “Bu mənəvi dəyərlərin aşılanması isə bir sıra yollarla həyata keçirilməlidir. Vətənpərvərlik hissi ilk növbədə ailədən başlamalıdır. Ailə mühitində uşaqlara milli dəyərlər, adət-ənənələr, tarix və mədəniyyətlə bağlı biliklərin ötürülməsi onların milli kimliyini formalaşdıran əsas addımdır. Ailə üzvləri, xüsusən də valideynlər öz davranışları və danışdıqları ilə uşaqlara vətənə sevgi, ona bağlılıq hisslərini aşılaya bilər. Bu proses kiçik yaşlardan başlamalıdır ki, uşaq ilk olaraq öz mədəniyyətini və kimliyini dərk etməyi öyrənsin”.

Vətənpərvərliyin inkişafında məktəblərin rolu

K.Əsədov vurğulayıb ki, təhsil və məktəblər vətənpərvərlik tərbiyəsinin ən vacib istiqamətlərindən biridir. Məktəblərdə bu mövzuya xüsusi diqqət yetirilməsinin vacib olduğunu deyən ekspert söyləyib ki, vətənpərvərliyin inkişafı üçün bir neçə addımların atılması vacibdir: “Tarix təliminin gücləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Gənclərin öz ölkəsinin tarixini, mədəniyyətini və milli qəhrəmanlarını dərindən öyrənməsi və onların bu dəyərlər əsasında yetişməsi vacibdir. Müasir gənclər tarixi və mədəni keçmişlərinə bağlı olduqda bu, onlarda milli qürur və vətənə sevgi hisslərini daha güclü formalaşdırır. Bundan başqa, məktəblərdə və universitetlərdə vətənpərvərlik mövzusunda müxtəlif tədbirlərin təşkili də mühüm əhəmiyyət daşıyır. Milli bayramların qeyd edilməsi, vətənpərvərlik mövzulu mühazirələr, inşa yazı müsabiqələri, milli qəhrəmanlarla bağlı filmlərin göstərilməsi və müzakirəsi gənclərin vətən sevgisini inkişaf etdirmək üçün əhəmiyyətlidir. Həmçinin tarixi abidələrə və milli qəhrəmanların məzarlarına ekskursiyalar təşkil etmək onların bu abidələrlə birbaşa əlaqə qurmasına kömək edir”.

Ekspert həmçinin bildirib ki, universitet səviyyəsində vətənpərvərlik tərbiyəsi daha dərinləşmiş və daha əhatəli olmalıdır: “Gənc nəslin vətənpərvərlik şüurunu inkişaf etdirmək üçün universitetlərdə də tarixi biliklərin möhkəmləndirilməsi və milli dəyərlərə əsaslanan tədbirlərin təşkili zəruridir”.

K.Əsədovun sözlərinə görə, bu, aşağıdakı formalarda reallaşdırıla bilər: Tələbə təşkilatları və könüllülük fəaliyyətləri - Universitet tələbələri müxtəlif sosial və vətənpərvərlik yönümlü fəaliyyətlərə cəlb edilməlidir. Tələbə klubları və vətənpərvərlik yönümlü layihələr vasitəsilə gənclər həmrəylik və birlik anlayışlarını inkişaf etdirir, eyni zamanda vətənə xidmət etmənin vacibliyini dərk edirlər. Vətənpərvərlik dərsləri və təlimləri - Gənclərin milli şüurunun formalaşmasında universitetlərdə xüsusi dərslərin təşkili də vacibdir. Bu dərslər çərçivəsində ölkənin inkişafına töhfə verən görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti, tarixi hadisələr və milli qürur mövzuları müzakirə edilməlidir.

Gənc nəslin milli mənlik şüurunun inkişafında ailədən başlayaraq təhsil, media və cəmiyyət böyük rol oynayır

Ekspert qeyd edib ki, müasir dövrdə media və sosial şəbəkələr gənc nəslin təlim-tərbiyəsində və dünya görüşünün formalaşmasında mühüm rol oynayır: “Vətənpərvərlik mövzusu sosial şəbəkələrdə və mediada daha geniş yer almalıdır. Televiziya proqramları, film və seriallar, sosial şəbəkə kampaniyaları vasitəsilə gənclərə vətənpərvərlik dəyərləri aşılanmalıdır. Bu, xüsusilə gənclərin diqqətini çəkən modern və interaktiv formatlarda həyata keçirildikdə daha effektiv ola bilər. Vətənpərvərliyi təkcə məktəb və ailələr deyil, həm də bütün cəmiyyət dəstəkləməlidir. Milli bayramların təntənəli qeyd olunması, milli qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi və ictimai tədbirlərin keçirilməsi gənclərə milli kimliklərinin və vətənlərinə olan borclarının önəmini anlamağa kömək edir. Bundan başqa, görkəmli ziyalıların, sənətkarların, idmançıların və tanınmış şəxsiyyətlərin vətənpərvərliyi təşviq etməsi, gənclərə nümunə olmaq baxımından çox əhəmiyyətlidir. Vətənpərvər ruhda yetişən gənclər öz ölkələrinə daha bağlı olur, milli dəyərlərə hörmətlə yanaşır və dövlətin inkişafına töhfə verməyə hazır olurlar. Vətənpərvər gənc həmçinin öz fərdi maraqlarından çox cəmiyyətin, dövlətin maraqlarını üstün tutur. Bu, həm iqtisadi, həm sosial, həm də mədəni inkişaf üçün mühüm əhəmiyyət daşıyır. Vətənpərvərlik hissi ilə tərbiyə olunan nəsillər cəmiyyətin mənəvi sütunu rolunu oynayaraq, ölkənin inkişafına davamlı şəkildə töhfə verəcəklər. Beləliklə, gənc nəslin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi üçün ailədən başlayaraq məktəb, universitet, media və cəmiyyət səviyyəsində bir çox addımlar atılmalıdır. Bu proses hərtərəfli, məqsədyönlü və davamlı olmalı, həm də müasir gənclərin maraq dairələrinə uyğun şəkildə həyata keçirilməlidir. Gənclərə vətənpərvərlik hissini aşılamaq onların gələcəkdə öz ölkələrinin fəal vətəndaşları olmalarına, cəmiyyətin inkişafında müsbət rol oynamalarına yol açacaqdır”.

Azərbaycanda hərbi vətənpərvərlik ruhu milli kimlik və tarixin dərin kökləri ilə bağlıdır. Xüsusilə Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Hər kəsi bir yumruq ətrafında birləşdirən hiss məhz vətənpərvərlik və milli mənlik şüurunun dərki idi. İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və uğurlu hərbi əməliyyatları bütün azərbaycanlılar arasında böyük vətənpərvərlik coşğusu yaratdı. Məlum olduğu kimi, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, vətənpərvərlik ruhu tərbiyə, ənənə və milli xüsusiyyətlərə bağlı olan bir hissdir. Erkən yaşlarda uşaqların tərbiyəsində müsbət keyfiyyətləri formalaşdırmaqla onlarda vətənpərvərlik ruhunun daha dayanıqlı inkişafına nail olmaq mümkündür:

Uşaqları dünyaya gələn gündən etibarən vətənpərvərlik ruhda yetişdirmək lazımdır

“Bina bünövrəsi üstündə durduğu kimi məhz insan da vaxtında doğru-düzgün tərbiyə olunarsa, ilkin vərdişlərə yiyələnərsə, əlbəttə gələcəkdə vətənpərvərlik binası onun üstündə daha dayanıqlı, daha möhkəm olacaq və istənilən təhlükələrə sinə və güc gələcək. Bu gün sosial şəbəkələrdə hibrid müharibənin birinci elementi məhz informasiya sahəsidir. Gənclərimizdə vətənpərvərlik ruhu dayanıqlı, möhkəm və pisi yaxşıdan ayıra biləcək elə bir səviyyədə olmalıdır ki, informasiya sahəsində hibrid müharibəsinə uyğun olaraq hər hansı bir cəmiyyəti laxtalandırmaq, çalxalandırmaq istəyi onlara təsir etməsin”.

Polkovnik vurğulayıb ki, insanlarda vətənpərvərlik ruhunun formalaşması və yaxud tərbiyələnməsi hansısa bir yaşdan başlamır: “Buna aid bir məsəli diqqətinizə çatdırım. Yeni ana olmuş bir qadın uşağını nə zamandan tərbiyələndirməyə başlamalı olduğu barədə peyğəmbərə müraciət edir. Peyğəmbər ondan uşağının nə zaman doğulduğunu soruşur və ana altı gündür ki, övladını dünyaya gətirdiyi söyləyir. Peyğəmbər cavab verir ki, artıq 6 gündür övladını tərbiyələndirməyə gecikmisən. Ona görə də deyərdim ki, bu, daimi gedən proseslərdir. Ümumiyyətlə, respublikamızda övladlarımızın vətənpərvər ruhda yetişməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Artıq balaca balalarımıza bağçadan başlayaraq vətənpərvərlik, bayrağa, vətənə sevgi aşılanır. Daha sonra məktəblərdə bu proses davam edir. Aşağı siniflərdən ta buraxılış sinfinə qədər mövzular dəyişsə də, məqsəd bir olaraq qalır: vətənpərvərlik vərdişlərini inkişaf etdirmək və vətənpərvərlik ruhunu formalaşdırmaq”.

“Bu gün II Qarabağ savaşında şücaət göstərən qəhrəman oğullarımız haqqında danışarkən daim burada iki faktoru qeyd edirik. Bu, ailə və məktəbdir. Tədris müəssisələrində fəaliyyət göstərən müəllimlərimizin 11 il ərzində gənclərimizin vətənpərvərlik ruhunda formalaşmasında çox böyük əməyi vardır. Bugünkü qəhrəmanlarımız, qazilərimiz, veteranlarımız - bu gün bizi qələbəyə gətirənlər məhz həmin o müəllimlərin və ailənin zəhmətinin nəticəsidir. Cənab Prezidentimiz tədrisdə vətənpərvərlik ruhunun formalaşmasına xüsusi diqqət və qayğı göstərir. Bu istiqamətdə qəbul edilmiş sənəddə vətənpərvərlik ruhunun tədris müəssisələrində formalaşma iqtiqamətləri və prinsipləri əks olunub. Məhz bu yöndə yürüdülən uğurlu strategiyanın nəticəsidir ki, II Qarabağ savaşında biz onun nəticələrinin bir daha şahidi olduq”, - Ş.Ramaldanov bildirib.

Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinə müharibə veteranları olan müəllimləri də cəlb etmək lazımdır

Ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev isə İqtisadiyyat.az-a açıqlamasında Azərbaycanın hazırda özünün çox böyük əhəmiyyət kəsb edən zəfər dövründən keçdiyini deyib. O, bu zəfərin əldə olunmasında Azərbaycan gənclərinin kifayət qədər mühüm bir rol oynadıqlarını bildirib: “Hazırda Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsi kifayət qədər böyük əhəmiyyət daşıyır. Regionda və sərhədlərimizdə baş verən proseslər onu göstərir ki, hər bir vətəndaşımız, xüsusilə də gənclərimiz istənilən an cənnət vətənimizin və sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi üçün öz vətəndaşlıq borcunu yerinə yetirməyə daim hazır olmalıdırlar. Bunun üçün ilk növbədə ailədə, uşaq bağçalarında və xüsusilə də orta məktəblərdə təlim-tərbiyə işi düzgün qurulmalıdır”.

Ekspert vurğulayıb ki, uşaqların vətənpərvər ruhda tərbiyəsi həm ailənin, həm cəmiyyətin, həm də təhsil müəssisələrinin ən vacib vəzifələrindən biridir: “Onlar mənəvi, fiziki, psixoloji baxımdan daim yüksək səviyyədə hazırlığa malik olmalıdırlar. Vətənimizə, doğma torpağımıza bağlı olmalıdırlar. Onlar qalib Azərbaycan dövlətinin bundan sonra da Ali Baş Komandanın rəhbərliyi altında qələbələr əldə etməsi üçün hər bir fədakarlığa hazır olmalıdırlar”.

Ə.Verdiyev həmçinin şagirdlərin vətənpərvər ruhda yetişməsində təhsil müəssisələrinin rolundan da danışıb: “Şagirdlərimiz Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizdən, döyüşçülərimizdən nümunə götürməlidirlər. Yuxarı siniflərdə mövcud olan gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi üçün müharibə veteranları olan müəllimləri prosesə cəlb etmək lazımdır. Məktəblərdə müharibədə şüacaət göstərən qəhrəman hərbi qulluqçularımızla şagirdlərin görüşləri təşkil olunmalıdır. Bu görüşlər davamlı xarakter daşımalıdır. Müxtəlif müşavirələr, konfranslar, dəyirmi masalar, mədəni-kütləvi və digər tədbirlərin keçirilməsi formal xarakter daşımamalıdır. Çağırışaqədər hərbi hazırlıq fənninin tədrisi üçün məktəblər bütün zəruri olan avadanlıqlarla tam şəkildə təmin edilməlidirlər. Bu fənlərin tədrisi ilə məşğul olan heyətin hazırlığına da ciddi diqqət yetirilməlidir. Keçirilən hərbi oyunların miqyası kənd, qəsəbə və rayon səviyyəsinə qədər inkişaf etdirilməlidir. Məktəblilərin yuxarı siniflərdə güc strukturlarının hərbi hissələrinə səfərləri təşkil edilməlidir. Həmin hərbi hissələrin keçdiyi döyüş yolu, onun qəhrəman qulluqçuları barədə şəxsi heyətə geniş məlumatlar verilməlidir”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanıb.

 

Sadiq Cavadov

Seçilən
13
iqtisadiyyat.az

1Mənbələr