Böyük şirkətlər 2030-cu ilə qədər Almaniyada startaplara 12 milyard avro sərmayə qoymağı öhdələrinə götürüblər.
Berlində keçirilən “Start-up Summit”ində iri şirkətlər 2030-cu ilə qədər gənc və innovativ şirkətlərə 12 milyard avro sərmayə qoymağı öhdələrinə götürüblər. Allianz, Commerzbank, Deutsche Bank və Deutsche Börse kimi aparıcı şirkətlərin imzaladığı niyyət bəyanatında Almaniya startaplarını beynəlxalq rəqabətdə gücləndirmək üçün daha çox artım və innovasiya kapitalına ehtiyac olduğu vurğulanıb.
Baş nazir Olaf Şolz sammitdəki çıxışında startapların Almaniya iqtisadiyyatının gələcəyi üçün həyati əhəmiyyət daşıdığını və daha çox texnologiya yönümlü sahibkarlara ehtiyac olduğunu bildirib. Federal maliyyə naziri Kristian Lindner özəl kapitalın əhəmiyyətinə diqqət çəkərək, startapları bürokratiya yükündən xilas etmək üçün daha çox iş görülməli olduğunu bildirib. KfW-nin baş direktoru Stefan Vintels Almaniyanın illik 30 milyard avro innovasiya maliyyələşdirməsinə ehtiyacı olduğunu bildirərək, dövlət kapitalı ilə yanaşı, özəl investorların da cəlb edilməsinin vacibliyini vurğulayıb.