“Anti-terror əməliyyatları onsuz da qaçılmaz idi, lakin hesab edirəm ki, bu, olmaya da bilərdi. Ona görə ki, 2020-ci ildə məsələni bitirən anda bu gün də bizə xəyanət edən Rusiya o vaxtı bu məsələni dayandırdı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Hərbi ekspert Ermənistanın 23 saatlıq anti-terror əməliyyatlarının ildönümü ilə bağlı fikirlərini bölüşüb.
O, əlavə edib ki, Rusiya 2020-ci ilin 44 günlük savaşından sonra prosesi dayandırıb üzərlərinə müəyyən öhdəliklər götürdülər ki, guya onları yerinə yetirəcəklər, amma bu olmadı:
“Hətta bu günün özündə də Rusiya Ermənistana “Smerç” raketləri və müxtəliftipli silah-sursat satır. Bunun özü də yolverilməzdir və Azərbaycan, ümumiyyətlə, bu məsələdə Ermənistana yekun sözünü deməlidir. Lakin burada özünü Azərbaycana dost və müttəfiq kimi nümayiş etdirməyə çalışan Rusiyaya da təpki göstərilməli və onları başa salmaq lazımdır ki, ruslar fransızlar və amerikalılar kimi yanlış yoldadırlar. Onlar Ermənistana bu silahları verməklə İrəvanı şirnikləndirirlər ki, bir müddətdən sonra Azərbaycana qarşı hansısa təxribatlar həyata keçirsin.
Biz hadisələr bitəndən sonra bu məsələlərə qiymət veririk, lakin bu hadisələr baş verməyə bilərdi. Bu, bizim üçün iki-üçqat ağır məsələdir, ona görə ki, xeyli əsgər və zabitlərimizi itirdik. Bu isə hər birimizi ağrıdır. Təəssüflər olsun ki, proses belə davam edəcəksə, gələcək illərdə də problemlərimiz olacaq”.
Rafi Müslümov