1 il əvvəl Azərbaycanın Qarabağda lokal xarakterli antiterror əməliyyatına start verməsi gözlənilən idi.
Əməliyyatlara qədər Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən mövqelərimiz müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulur, ərazilərimizin minalanması davam edirdi. Döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyi daha da artırırdı.
Döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu.
Bir sözlə, Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti davam edirdi. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız daşıyan nəqliyyat vasitələrinin Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bir sözlə, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Qarabağda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı.
Halbuki 44 günlük müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan xəbərdar etmiş, 10 noyabr üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyi xatırlatmışdı. Sülhməramlıların bölgəyə gəlişi ilə qanunsuz silahlı birləşmələr paralel çıxmalı idi. Amma nəinki qanunsuz silahlılar Azərbaycan ərazisindən çıxmadı, əksinə gərginliyin artmasına səbəb olan təxribatlar daha da intensivləşdi.
Azərbaycan Prezidenti dəfələrlə Qarabağın yerli erməni icması ilə dialoq təklifi etsə də, qarşı tərəf bu təklifdən qaçdı. Halbuki, Bakıdan gələn bütün təkliflər sülhü və təhlükəsizliyi təmin etməyə imkan verirdi. Ermənistanın sülhdən yayınaraq pozucu qüvvələrin təsiri altında destruktiv mövqeyindən əl çəkməməsi antiterror əməliyyatlarını qaçılmaz etdi.
Azərbaycan antiterror əməliyyatı zamanı da humanist yanaşma sərgilədi – mülki infrasrtuktur əsla hədəfə alınmadı. Hətta Azərbaycan tərəfi erməni əsilli əhaliyə təhlükəsizliklə bağlı müraciət də etdi. Yəni, bizim məqsədimiz yalnız və yalnız separatçıları zərərsizləşdirməkdən ibarət idi. Prezident Administrasiyasının bəyanatında dialoq təklifi ilə yanaşı şərtlər də yer almışdı– ağ bayraq qaldırıb silahı təhvil vermək. Biz 44 günlük müharibədə olduğu kimi, antiterror tədbirləri zamanı da sona qədər ədalətli mübarizə apardıq.
Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirildi. 23 saatdan da az müddətdə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Ordumuz nəzərdə tutduğumuz bütün mövqelərə çıxdı. Prezident İlham Əliyevin də söylədiyi kimi, biz bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar, məhv olacaqdılar. Başqa variant ola bilməzdi.
Beləliklə, Xankəndinin mərkəzində Azərbaycan Gerbi, Azərbaycan Bayrağı ucaldıldı. Ötən ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etdik.