AZ

Parlamentari: İrəvana bu şans uzun illər verilməyəcək

Regional əməkdaşlıq, Zəngəzur dəhlizinin açılması daha çox Ermənistana lazımdır

 Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnən lokal xarakterli antiterror tədbirlərindən 1 il ötür.  Bu məqsədlə təqvimdə yeni əlamətdar gün təsis edilib. Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il 20 sentyabr tarixi Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Sərəncamda bildirilir ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib: “Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib, ölkəmizin təbii resursları talan olunub, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib.
2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsində Zəfər qazanılıb. 2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.
Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. 

Qeyd edək ki, 2023-cü il 19-20 sentyabr tarixlərində baş verən antiterror əməliyyatları Azərbaycanın öz suveren hüquqlarının bərpası və ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi üçün tarixi əhəmiyyət daşıyan mühüm hadisədir.
Onsuz da qəhrəman ordumuz  2020-ci ildə 44 günlük Vətən müharibəsində o şanlı tarixi  yazaraq torpaqlarımızı işğaldan azad etmişdi. Antiterror əməliyyatları ilə Xankəndi və ətrafından tam separatçı terrorçuları  təmizlədilər. Bəli, Azərbaycan ordusu məhz bir əvvəl həyata keçirdiyi antiterror əməliyyatı ilə Qarabağ zəfərinin zirvəsini fəth eləyib. Cəmi 23 saat 43 dəqiqə ərzində  şücaətli Azərbaycan ordusu  torpaqlarımızda geniş imkanlar əldə edən erməni separatçılarının  200 illik işğal siyasətinə birdəfəlik son qoyub. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgərandakı erməni silahlı dəstələri tərkislah edilib, yaşayış məntəqələri qondarma xunta rejiminin nəzarətindən azad edilib. 13 istiqamətdən gerçəkləşən bir günlük lokal  xarakterli əməliyyat qondarma rejimin dağılması və Ermənistanın revanşist niyyətlərinin tamamilə iflasa uğraması ilə nəticələndi. 
İşğaldan azad edilən əzəli torpaqlarımızda üçrəngli bayrağımız dalğalanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa edib.

Erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur edən antiterror əməliyyatını şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bir çox aspektdən xüsusi önəm daşıyır: 

“Bu qələbə ilə Azərbaycan xalqı tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi və “güclü Ermənistan”, “güclü Ermənistan ordusu” mifini aradan qaldırdı. Ermənilər əslində İrəvanı, Zəngəzuru, sonrakı dövrdə Qarabağı işğal etdilər. Düşünürdülər ki, onlar uzun illər bizim bütün ərazilərimizi işğalda saxlaya biləcəklər. Amma Azərbaycan həyata keçirdiyi tədbirlərlə bu prosesin qarşısını qəti şəkildə aldı və bütün dünyaya göstərdi ki, Ermənistan bu ərazilərdə insanlıq əleyhinə cinayətlər törədib, ərazilərimizi dağıdıb. 
Vətən müharibəsində qələbə ilə Azərbaycan bölgədə yeni reallıq yaratdı. Bütün dünya Azərbaycanın bu qələbəyə necə nail olması barəsində müzakirə aparır. Təbii ki, qələbə Azərbaycanı daha da gücləndirdi və xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan Vətən müharibəsində çox böyük və tarixi qələbə qazanıb. Son 200 illik tariximizdə ilk dəfə torpaq itirmədik, əksinə itirilmiş torpaqlarımızı geri qaytardıq”.

C. Məmmədov qeyd edib ki, Ermənistan Vətən müharibəsi başa çatdıqdan sonra imzalanan üçtərəfli Bəyanat üzrə öhdəliklərini qətiyyən yerinə yetirmirdi. Onların arasında, xüsusilə də erməni silahlılarının ölkəmizin ərazilərindən çıxarılmaması Azərbaycanı dərindən narahat edirdi: 
“ Ermənistan isə silahlı birləşmələrini ərazilərimizdən çıxarmaq əvəzinə orada şəxsi heyət, zirehli vasitələr, artilleriya qurğuları saxlayırdı. Həmçinin həmin ərazilərə müharibədən sonra Ermənistanda istehsal olunan minalar daşınırdı. Burada məqsəd separatçı rejimin Azərbaycan Ordusuna qarşı müqavimətini gücləndirmək idi. Ermənistandan Azərbaycan ərazilərinə göndərilən minalarla itkilərimiz davamlı olaraq artırdı. Bütün bunları nəzərə alan ölkəmizin xəbərdarlığına və bəyanatlarına məhəl qoymayan separatçı rejim və onu dəstəkləyən Paşinyan komandasının cəzalandırılması üçün Azərbaycan antiterror tədbirlərini həyata keçirmək qərarını verdi. Bu antiterror tədbirləri Azərbaycan ərazilərində mövcud olan erməni silahlılarından min nəfərdən çoxunun məhv edilməsi və ya yaralanması ilə nəticələndi.
Qəhrəman Azərbaycan Ordusu cəmi bir gün ərzində yüzlərlə kvadratkilometr işğal altındakı ərazimizi azad etdi, düşmənin 65-ə yaxın zirehli və zirehsiz vasitələrini, avtomobil texnikasını sıradan çıxardı.
Ordumuz düşmənin döyüş texnikalarını, artilleriya vasitələrini, xüsusi texnikalarını qənimət olaraq ələ keçirdi. Bundan başqa, ermənilər atıcı silahlarını və onlara aid milyonlarla sursatı da döyüş meydanında atıb getdi.
2020-ci ildə baş verənlərdən Ermənistan nəticə çıxarmadı. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. 
Azərbaycan isə  başqa bir addım atmaya bilməzdi. Biz hansı yolla olur olsun torpaqlarımızı azad etməli idik. 2023-cü ildə Azərbaycan bu işğala son qoydu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırıb:
 “Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilib. Bu gün sülh ən çox Ermənistana lazımdır. Ermənistan anlamlıdır ki, bu gün onlar sülh üçün ciddi səylər göstərməlidirlər. Çünki Ermənistan özü blokadada qaldı və ciddi problemlər yaşadı. Münasibətlərin bərpasından sonra regional əməkdaşlıq, Zəngəzur dəhlizinin açılması və digər məsələlər Ermənistan iqdisadiyyatının dirçəlməsi üçün vacibdir. Bu şans uzun illər olmayacaq. Azərbaycan əlinin uzun müddət havada qalması ilə barışmayacaq”.

Seçilən
11
2
sherg.az

3Mənbələr