AZ

Musiqili Teatrda “O olmasın, bu olsun” 100-cü dəfə oynanılıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni mövsümə “Üzeyir Hacıbəyli həftəsi” layihəsi çərçivəsində “O olmasın, bu olsun” tamaşasının 100-cü nümayişi ilə başlayıb.

Teatrdan Tribunainfo.az-a bildirilib ki, tamaşadan əvvəl səhnəyə çıxan Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev həm Milli Musiqi Günü, həm teatrın yeni mövsümünün açılışı, həm də tamaşanın yubileyi münasibətilə bütün teatrsevərləri təbrik edib. O, “O olmasın, bu olsun” komediyasının yaranma tarixinə nəzər salaraq sonuncu quruluşundan keçən 26 il ərzində bu tamaşada rol almış mərhum sənətkarların da adlarını ehtiramla yad edib.

Tamaşanın quruluşçu rejissoru “Şöhrət” ordenli Xalq artisti Cənnət Səlimova da Üzeyir dühasının Azərbaycan mədəniyyəti tarixindəki önəmli yerindən danışaraq onun Musiqili Teatrın repertuarını zənginləşdirən ölməz əsərləri sırasında özünün də quruluş verdiyi tamaşanın olmasından qürur duyduğunu bildirib. Məşədi İbad obrazını Xalq artistləri Hacıbaba Bağırov (1998-ci ildən) və Ramiz Məmmədovdan (2000-ci ildən) sonra, Əməkdar artist Şövqü Hüseynovun (2014-cü ildən) da məharətlə canlandırdığını vurğulayan Xalq artisti aktyoru və teatrın kollektivini tamaşanın yubileyi münasibətilə təbrik edib.

Səhnə əsərində Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nadir Xasiyev, Nahidə Orucova, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Səmədzadə Xasiyev, Hüseyn Əlili, Aydan Həsənova, Elməddin Dadaşov, Telnaz Hüseynova və başqaları çıxış ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
tribunainfo.az

5Mənbələr