AZ

FİDE əsrin ən yaxşı qrossmeysterlərini açıqladı


Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli şahmatçı Maqnus Karlseni kişilər arasında əsrin ən yaxşı qrossmeysteri elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qadınlar arasında əsrin ən yaxşı qrossmeysteri isə macarıstanlı Yudit Polqar seçilib.
Mətbuat xidmətinin bildirdiyinə görə, cümə axşamı Beynəlxalq Şahmat Federasiyasının 100 illik yubileyi münasibətilə FİDE-nin qala gecəsi keçirilib.
Qala gecəsində Karlsenə və Polqara əsrin ən yaxşı qrossmeysteri mükafatları təqdim olunub.
Karlsenin 33 yaşı var. O, Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlinin lideridir. Karlsen 2013-cü ildə klassik şahmat üzrə dünya çempionu adını alıb və bu titulu dörd dəfə qoruyub. 2022-ci ildə o, rusiyalı Yan Nepomnyaşşi ilə dünya şahmat tacı uğrunda görüşdən imtina edib və bununla da, dünya çempionu titulundan məhrum edilib. Karlsen FİDE tarixində dünya çempionu titulunu ən uzun müddət qoruyan şahmatçı olub.
1989-2015-ci illərdə FİDE-nin qadın reytinqinə başçılıq edən Polqar isə 2014-cü ilin avqustunda karyerasına son qoyub. Macarıstan qadın komandasının üzvü kimi idmançı 1988 və 1990-cı illərdə Ümumdünya Şahmat Olimpiadalarında qızıl medal qazanıb. Bundan əlavə, kişilərdən ibarət milli komandanın tərkibində iki dəfə yarışın gümüş medalçısı olub.
Qeyd edək ki, Alman İmperiyasını təmsil edən Emmanuel Lasker 1894-cü ildə bu titulun ilk sahibi avstriyalı Vilhelm Steynitsə qalib gələrək dünya çempionu titulunu qazanıb. Daha sonra Lasker dünya titulunu daha altı dəfə qoruyub və 1921-ci ildə kubalı qrossmeyster Xose Raul Kapablankaya məğlub olana qədər şahmat tacını saxlayıb.
Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) 1924-cü ildə Parisdə yaradılıb. Dünya titulu uğrunda görüşlər isə 1886-cı ildən keçirilməyə başlayıb.
Seçilən
39
2
yeniavaz.com

3Mənbələr