AZ

Rafael Xələfov koronavirus tutduğundan məhkəməyə gəlmədi - MN-nin 143 milyonluq cinayət işi 

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin verdikləri vəsatətlər müzakirə olunub. İlk olaraq məhkəməyə şahid qismində çağırılan Rafael Xələfovun vəkili Xəyal Bəşirov müvəkkilinin xəstə olması ilə bağlı göndərdiyi tibbi arayış elan olundu. Hakim qeyd etdi ki, "Rafael Xələfov 17.09.2024-cü il tarixdə  "COVİD-19"-a yoluxub, yəni test nümunələri pozitiv çıxıb. Bu səbəbdən iştirak edə bilmir. Amma növbəti iclasda iştirak edəcək".
Sonra Bayram Bayramovun vəkili Tahir Şamxalov bildirdi ki, Hərbi Səfərbərlik və Çağırış İdarəsinə əsgər, zabit sayı barədə sifariş verilib. Hakim isə qeyd etdi ki, vəkilin sorğusunu redaktə etmişik, 2020-ci ildə səfərbərlik idarəsi tərəfindən hərbi xidmətə çağırılmış hərbi qulluqçularla bağlı sifariş və ödənilmiş pullarla bağlı məlumatın verilməsi istəmişik. Hakim vəkilin vəsatətini təmin edərək həmin məsələ ilə bağlı sorğu verdi, bu sorğuya nəzarət isə MN-nin Hüquq İdarəsinin üzərinə qoyuldu. 
Məhkəmənin növbəti gedişində Vüsal Əlizadənin vəkili Əhməd Fərhadov Laçın rayon Məhkəməsində ipoteka yüklü mənzilin bank tərəfindən məhkəməyə verilməsi barədə danşıdı: "Biz banka olan borcumuzu tam bağladıq və bank iddiadan imtina etdi,ödənilən çekləri məhkəməyə təqdim edə bilərik".
Hakim Fikrət Əliyev isə vəkilin çıxışına münasibət bildirərək qeyd etdi ki, bank arayış və imtina ərizəsini bizə təqdim eləsin. 
Daha sonra hakim Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun 19.09.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə vəsatət göndərdiyini qeyd etdi. Göndərdiyi vəsatətə münasibət bildirən vəkil təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini istədiyini söylədi: "Cəlal Kazımova 17.06.2017-ci ildən 2020-ci ilin dekabr ayına kimi olan müddətə ittiham verilib. Ordakı 6 ayın mənimsəməsi ittihamdan çıxarılmalıdır. Bundan başqa 2015-2022-ci ilə kimi Ali Hərbi Məktəbin mühasibatlıq sənədləri yandırılıb. Ona görə də, həmin dövrün əmrlər kitabı götürülməlidir. 2018-ci ilin 5 ayı ərzində 67500 manat kənarlaşma olub. 
Hakim Fikrət Əliyev yerində müşavirə etdikdən sonra bildirdi ki, Əli Adıgözəlovun vəsatəti qismən təmin olunmalıdır. Maliyyə Nazirliyində iş üzrə araşdırma aparan mütəxəssislərə sorğu verilməlidir. 
Növbəti vəsatəti isə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə verdi: "Vəsatət mənimsədikləri məbləğləri böyük olan şəxslərin dindirilməsi ilə bağlıdır. Rəşad Məlikzadənin dindirilməsini istəyirik, ziddiyətli məqamlar var. Bu ziddiyət Rəşad Məlikzadə ilə Rafael Xələfovun ifadələri arasındadır. Xatırladım ki, ən böyük mənimsənilən məbləğlərdən biri Rəşad Məlikzadədir. 
Dövlət ittihamçısı vəsatətə münasibət bildirərək qeyd etdi ki, yeni bir əhəmiyyət kəsb edən bir sual varsa etiraz eləmirik. 
Hakimlər isə vəsatəti təmin etmədilər. Dedilər əgər R. Xələfov dindiriləndən sonra ehtiyac olarsa vəsatətə təzədən baxarıq. 
Növbəti məhkəmə prosesi 27 sentyabr tarixinə təyin olunub. 
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
24
unikal.az

10Mənbələr