AZ

«Əsrin müqaviləsi» barədə deyilməyən faktlar: Qətllər, hədə və nəticə… — VİDEO

“Aydın tarix” verilişinin budəfəki sayında Azərbaycanı regionda liderə çevirən “Əsrin müqaviləsi” və onun barədə deyilməyən faktlardan bəhs edilib.



1994-cü il. Qərb Azərbaycanın nefti üçün qapımıza qədər gəlmişdi. Lakin Qərbin də öz şərtləri var idi.



Qərb şirkətləri Azərbaycan neftinin istehsalı və sonrakı ixracı üçün xeyli miqdarda investisiya yatırmalı idi. Lakin heç kim müharibə gedən bir ölkəyə investisiya yatırmaq istəməz.



Buna görə də Heydər Əliyev ilk növbədə 1994-cü ilin mayında Ermənistanla atəşkəsə nail oldu.



Müharibə dayandı. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yataqlarının birgə işlənməsi haqqında dəyəri 7,4 milyard dollar olan məhsulun pay bölgüsü tipli müqavilə imzalanır.



“Əsrin müqaviləsi”nin imzalanmasından 9 gün sonra Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov və spikerin birinci müavini Afiyəddin Cəlilov qətlə yetirilib.



Heydər Əliyevin tərcüməçisi Tahir Kərimov bildirib ki, bu da Azərbaycana bir xəbərdarlıq idi:



“Əgər layihəni həyata keçirməyə çalışsaq, belə terror aktları törədiləcək. 2001-ci ilin avqustunda Azərbaycanın geodezik gəmisi Xəzər dənizində İran hərbi gəmiləri tərəfindən hücuma məruz qaldı və onlar əmr etdilər ki, buradan getməlisiniz, Xəzər dənizində iş apara bilməzsiniz”.



Bu hadisə zamanı Qərb ölkələrinin Azərbaycandakı səfirləri Heydər Əliyevlə görüşdə bildirdilər ki, ölkələrini təmsil edən şirkətlər investisiya yatırıb, lakin İran Xəzər dənizində kəşfiyyat-hasilat işlərinin həyata keçirilməsinə imkan vermir, vəziyyət kritikdir.



“Heydər Əliyevin geniş tərkibdə olan görüş otağı elə idi ki, onun üzü pəncərəyə tərəf olurdu. Qonaq da üzbəüz otururdu. Heydər Əliyev diqqətlə ona baxdı. Dedi ki, zəhmət olmasa, pəncərədən baxın, siz orada nə görürsünüz? O da baxdı, Xəzər dənizini gördüyünü dedi. Heydər Əliyev soruşdu ki, orada İranın gəmiləri var? Qonaq “yox” dedi. Heydər Əliyev “burada məni görürsünüz? Mən burada oturmuşam. Bax, budur, sizin qarantınız. Mənim burada oturmağım sizin qarantınızdır. Məndən qarant istəməyin” dedi”, – Tahir Kərimov qeyd edib.

Seçilən
59
ictimaimedia.az

1Mənbələr