AZ

De Bruyne yenə Belçika yığmasını tənqid etdi - Kevin daim nədənsə narazıdı

Futbol ictimaiyyətinin böyük hissəsi yığmaların oyunlarına görə yaranan fasiləni xoşlamır. Ancaq belə oyunların xəbər məkanını genişləndirdiyini inkar etmək axmaqlıq olardı. Pis, yaxşı və sadəcə, maraqlı xəbərlər gəlməkdədi.

Millətlər Liqasının oyunlarına görə yaranan sentyabr fasiləsi də bu mənada istisna olmadı. Edeqorun zədəsi pis xəbərlərin başında dayanır, Ronaldonun 900-cü qolu fenomenal uğurdu, sonuncu kateqoriyaya isə Kevin de Bruyneni aid edək.
Belçika yığmasının Fransaya 0:2 hesablı məğlubiyyətindən sonra yarımmüdafiəçi jurnalistlərin önünə çıxıb:

“Məhz nəyin yerində olmadığını deyə bilmərəm. Mən artıq fasilədə komanda ilə danışmışam, media üçün bunu təkrarlaya bilmərəm, ancaq məsələnin mahiyyəti ondan ibarətdi ki, biz bütün komponentlərdə “artırmalıyıq”. Can atdığımız standart yaxşı olmaqdısa, buna nail olmaq üçün yetərincə yaxşı deyilik. Tam gücümüzü qoymalıyıq. Bunu etməsək, onda hər şey bitib! Etiraf edirəm ki, 2018-ci ildə olduğu qədər yaxşı deyilik. Bunu görən ilk adamlardan biriyəm. Hələ də yolverilməz olan bəzi şeylər qalır. Dəqiqləşdirməyəcəm. Arxada hədsiz sıx qərarlaşırıq: müdafiədə altı oyunçu qalanda xətlərarası əlaqə itir. Ancaq söhbət bundan yox, tapşırıqları yerinə yetirməyən adamlardan gedir”.

Kevin detalları açıqlamamağı vəd etsə də, faktiki hər şeyi deyir. Problem ondadı ki, futbolçunun ifasında belə ifadələr artıq tendensiyaya çevrilib. De Bruyne üç il əvvəl də yığmanı tənqid edərkən ən sərt ifadələri seçmişdi:

“Oyunçularımıza olan bütün hörmətimə rəğmən, biz yalnız Belçika yığmasıyıq. Komandamızda bağlı səmimi olaq: İtaliya ilə Fransanın top səviyyəli 22 futbolçusu var, bizim isə yoxdu”.

Kevin Qətərdəki dünya çempionatı ərəfəsində komandanın hədsiz yüksək orta yaşına əsaslanaraq yığmasını “autsayder” adlandırmışdı. Belə açıqlamaların intensivliyi artdıqca oyunçuya yönəlik suallar da çoxalır: Kevin belə ifadələr səsləndirməklə nəyə ümid edir? Hər kəsdə emosiya olur, bu normaldı. Ancaq məgər milli komandanın kapitanında və liderində ruhdansalıcı sözləri publika önündə səsləndirməyə imkan verməyən süzgəc olmamalıdımı? Özü də müntəzəm! Belçikalıların baş məşqçisi Domeniko Tedesko başverənləri De Bruynenin qalib mentallığı ilə izah edir. Yetərincə şübhəli yanaşmadı, axı belədə paltardəyişmə otağındakı atmosfer korlanır, bu da meydanda problemlərə yol açır – elə həmin dünya çempionatı vaxtı media kollektivdəki parçalanmadan yazırdı.

Tedeskonun tezisi həm də ona görə düzgün görünmür ki, Kevinin ruhdan salan sitatları artıq hər oyuna favorit kimi yaxınlaşan “Mançester Siti”yə tərəf də yönəlib. Belçikalı ulduz Çempionlar Liqasının püşkatmasına belə reaksiya vermişdi:

“İki il əvvəl “İnter”lə finalda oynamışıq. Söhbət İtaliya liqasında dominantlıq edən və çox yaxşı oynayan komandadan gedir. Onlar zirvədədi”.

Razılaşın ki, belə qorxaq ifadələrlə çətin ki, premyer-liqanın ən iddialı, ulduzlarla zəngin klublarından birinin paltardəyişmə otağında futbolçulara motivasiya vermək mümkün ola.
Nə qədər təzadlı səslənsə də, belə görünür ki, iş məhz De Bruynedə qalib mentallığının olmamasındadı. Bu yerdə Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində apreldə “Real”la keçirilən oyundakı bir hadisə yada düşür. Cavab görüşüdü, iki oyunun nəticəsinə görə hesab bərabərdi, hər şey penalti seriyasına aparır. 112-ci dəqiqədə, mövsümün ən vacib və həlledici məqamında Kevin əvəzlənməsini istədi. O adam ki, fərq yaratmağa qadirdi. O adam ki, penalti vurmaqla bağlı göstəricisi yaxşıdı – karyerası boyunca 12 belə zərbədən ikisini boşa verib. Və heç bir zədəsi də yoxdu, sadəcə, overtaymın sonuna 8 dəqiqə qalmış mübarizədən çəkildi.
Kevin ehtiraslı açıqlamalarında müntəzəm 2018-ci ilə söykənir – guya məhz onda Belçika yığması formasının zirvəsində olub, həmin vaxtdan bəri aşağı yuvarlanır. Kapitan “qızıl nəsil” barədə suallara da çılğın reaksiya verir, AÇ-2024 vaxtı ona bu haqda sual ünvanlayan jurnalistə “axmaq” demişdi. Hərçənd belə təsəvvür var ki, məhz De Bruyne özünün də sıralarında olduğu nəslin yalnız bürünc medal qazanmasıyla mental baxımdan barışa bilmir. O komandanın maksimum nəticəsi Rusiyada keçirilən dünya çempionatında 3-cü yeri tutması oldu. Dahi futbolçu olmaq mümkündü, ancaq belə aydın olur ki, çempion psixologiyası bəzən ən titullu kişidə də çatışmır. Vacib uğurları əldən verən əsl liderin sağa-sola yalnız neqativ yağdırmaq hüququ yoxdu.

Belçika yığmasının həyatında yeni era başlayır – Doku, De Ketelar, Openda, Onana, Düranvil ön plana çıxmaqdadı. De Bruynenin təcrübəli və inamlı dayday rolunu üzərinə götürüb gənclərə yoldaşlıq etmək şansı var. Amma bunun üçün əvvəlcə başını qaydaya salmalıdı.
Seçilən
1796
football-plus.az

1Mənbələr