Almaniyanın Brandenburq əyalət məclisinə keçirilən seçkilər Federal Kansler Olaf Şoltsun da üzv olduğu Sosial Demokrat Partiyasının (SPD) çətin qələbəsi ilə başa çatıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, partiya ilkin rəsmi nəticələrə əsasən səslərin 30,9 faizini alaraq birinci olub. İfrat sağ Almaniya üçün Alternativ (Alternative für Deutschland - AfD) partiyası 29,2 faiz səs toplayıb. Bu, seçkilərdən əvvəl keçirilən rəy sorğularına əsasən qalib gələcəyi proqnozlaşdırılan AfD üçün gözlənilməz olsa da, partiya üzvləri bu nəticəni böyük sevinclə qeyd ediblər.
Sahra Vagenknext İttifaqı (BSW) seçicilərin 13,5 faiz, Xristian Demokrat İttifaqı (CDU) isə 12,1 faizinin səsini ala bilib.
Bu seçkilərin nəticələri Yaşıllar partiyası üçün sarsıdıcı olub. Partiya cəmi 4,1 faiz səs toplaya bilib. Federal hökumətdə SPD ilə koalisiyanın üzvü olan partiya 5 faizlik həddi keçə bilmədiyindən bu imkandan da məhrum olub. Lakin buna baxmayaraq, partiya əyalət parlamentində deputatla təmsil oluna bilər. Seçki sisteminə görə, seçicilər partiyaya və namizədə ayrılıqda səs verirlər. Buna görə də partiya namizədlərə verilən səslər sayəsində əyalət parlamentində təmsil olunmaq hüququ qazana bilər.
Bununla da SPD 1990-cı ildə Almaniyanın birləşməsindən sonra Brandenburq əyalətində keçirilən seçkilərdə yenə də qalib gəlib. Əyalətin Baş naziri, SPD təmsilçisi Ditmar Voydke seçkilərin nəticələrini “böyük uğur” adlandırıb.
Qeyd edək ki, bu seçkilərdə seçici fəallığı Brandenburq əyaləti tarixində rekord səviyyədə olub. Səsvermə prosesində seçicilərin 74 faizi iştirak edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Mənbə: AZƏRTAC