AZ

Kremlin zəhərlədiyi Sibir dissidenti: "Rejim qəfil dağılacaq"

Rusiyalı dissident jurnalist Vladimir Kara-Murza Qərblə Rusiya arasında məlum "məhbus mübadiləsi” nəticəsində Londona gəldikdən sonra məşhur "The Guardian” nəşrinin əməkdaşı onunla görüşərək müsahibə alıb. Rusiya hakimiyyətinin kabusuna çevrilmiş məşhur juranlistlə söhbətin bəzi məqamlarını oxuculara təqdim edirik...

"Vladimir Kara-Murzanın xanımı Yevgeniya ilə sonuncu dəfə martın əvvəlində qaranlıq bir gündə görüşdüm. Söhbət etdiyimiz zaman Aleksey Navalnının tabutu Moskva qəbiristanlığında donmuş yerə endirilirdi. Bu arada qeyd edim ki, Yevgeniyanın əri Vladimir Kara-Murza hələ də o vaxt Sibir həbsxanasında idi və saxlanıldığı kamera da Navalnının öldürüldüyü ehtimal edilən, yaxud ölü tapıldığı Arktika Dairəsinin üstündəki kamera ilə demək olar ki, eyni idi.

Paralelliklər qeyri-adi idi. Jurnalist Vladimir də siyasi fəala çevrildiyinə görə, nəinki Kremlə nifrət edir və ondan qorxurdu, həm də saxta ittihamlarla həbs edilib, eyni zamanda da Navalnını zəhərləyən eyni FSB (Federal Təhlükəsizlik Xidməti) bölməsi tərəfindən iki dəfə zəhərlənib.

Perspektivlər o qədər qaranlıq idi, Rusiya və Ukraynadan gələn xəbərlər isə o qədər amansızcasına depressiyaya səbəb olurdu ki, altı aydan sonra Yevgeniyanın London otelinin foyesinə daxil olmasını, bu dəfə Vladimirin yanında olmasını görmək, demək olar ki, ağlasığmaz möcüzə kimi görünürdü. Altı həftə əvvəl o, Sibir KULAK-ında idi. Bu gün azad adamdır, həyat yoldaşı və kiçik oğlu, doqquz yaşlı Daniellə birlikdə Soyuq müharibədən bəri Rusiya ilə Qərb arasında ən böyük məhbus mübadiləsi nəticəsində Londona gəlib.

İxtisasca tarixçi olan Kara-Murzanın tarixi dərk etməsi onun Putin rejiminin tez və qəfil dağılacağına inamının əsasını təşkil edir:

"Rusiyada hadisələr belə baş verir. Həm 20-ci əsrin əvvəllərində Romanovlar İmperiyası, həm də 20-ci əsrin sonunda Sovet rejimi üç günə dağıldı. Bu, metafora deyil, hər iki halda sözün əsl mənasında üç gündə olub”. 

O, ehtirasla inanır ki, azad və demokratik Rusiya və Avropada sülh üçün ən yaxşı şans Rusiyanın Ukraynadakı məğlubiyyətindən asılıdır.

O deyir ki, "itirilmiş təcavüz müharibəsi” ölkədə siyasi dəyişikliklərin ən böyük hərəkətverici qüvvəsi olub. Baxmayaraq ki, onun fikrincə, təkcə Rusiya xalqı deyil, həm də "bütün bu illər ərzində Putindən qaz alan, onu beynəlxalq sammitlərə dəvət edən, qırmızı xalı sərən” Qərb liderləri də kollektiv məsuliyyət daşımalıdır.
O, britaniyalı jurnalistə həqiqətin üzə çıxacağını düşündüyünü deyib: 

"Bu adamlar ciddi qeydlər aparırlar. Son gələndə və gələcək, o zaman arxivlər açılacaq və biz Tramp, Marin Le Pen və sizin britaniyalı oğlanlarınız haqqında həqiqəti öyrənəcəyik”. 

Çirkli pulların yuyulmasının və Putin imperiyasının reputasiyasının mərkəzi olan Londonda oturub Britaniyanın siyasi himayədarlığının ən məşhur simalarından biri, "İndependent” və "Evening Standard” qəzetinin sahibi, DTK polkovnik-leytenantı Aleksandr Lebedevin oğlu Yevgeni Lebedevin adını çəkəndə o, gülür. 

"Bu Sibir baronu olan oğlandır?", deyir və əlavə edir: "Mən onunla görüşməliyəm. Görəsən, o, məni eşidər?”

Seçilən
247
7
paralel.az

10Mənbələr