AZ

Antiterror tədbirləri və suverenliyin bərpası ŞƏRH

Bu il sentyabrın 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Bu qərar Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.

Bu gün hər birimiz Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsinin ildönümünü böyük fəxr və qürur hissi ilə qeyd edirik. Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı. Bundan sonrakı mərhələdə isə cəmi bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi, sərhədlərimiz bütövləşdi. Bu tarixi uğurlar dünya durduqca Azərbaycan xalqının əbədi qürur mənbəyi olacaq. Azərbaycan Ordusunun bu möhtəşəm Qələbəyə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində imza atdığı bildirilib. Azərbaycan dövləti həm uzun illər davam edən erməni işğalına son qoyub, həm də separatizmin və terrorçuluğun kökünü tarixi ərazilərimizdən birdəfəlik kəsib. Ölkəmiz bu Qələbəsi ilə həm də işğalçı Ermənistanı dəstəkləyən, separatizmi qızışdıran bəzi beynəlxalq siyasi dairələrə, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən ölkələrə də layiqli cavab verib. Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza ataraq üzərinə götürdüyü öhdəlikləri məhz həmin qüvvələrin dəstəyi və havadarlığı ilə yerinə yetirmirdi. Ermənistanın siyasi rəhbərliyi işğalı davam etdirməyə, Qarabağda fəaliyyət göstərən separatçı rejimə dəstək verməyə çalışırdı. Lakin Azərbaycan öz ordusunun gücü ilə istəyinə nail oldu və dünyada bənzəri olmayan siyasi iradə və qətiyyət, yüksək səviyyədə hərbi peşəkarlıq nümayiş etdirdi.

2020-ci il Vətən müharibəsindəki Qələbədən sonar Azərbaycan öz ərazisinə tam nəzarəti bərqərar etmək üçün səylərini davam etdirib. Siyasi və diplomatic tədbirlərə baxmayaraq, Ermənistan Qarabağ ərazisindəki silahlı birləşmələri dəstəkləməkdə, təhlükəsizliyə təhdidlər yaratmaqda və Azərbaycan Respublikasının suverenliyini pozmaqda davam edirdi. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Silahlı Qüvvələri Qarabağ bölgəsindən qeyri-qanuni silahlı birləşmələrin yekun olaraq çıxarılması və konstitusiya quruluşunun bərpası ilə nəticələnən antiterror əməliyyatına başladı.

Cəmi 23 saat davam edən əməliyyat Ermənistan hərbi qüvvələrinin tam tərksilah edilməsinə və Azərbaycanın öz ərazisi üzərində nəzarətinin tam bərpasına gətirib çıxardı. Bu əməliyyat Azərbaycan xalqının və dövlətinin öz müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmini təsdiq etdi. Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi təkcə Azərbaycan xalqının və Ordusunun tarixi xidmətlərinin etirafı deyil, həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir. Bu əlamətdar tarix həm də xalqımızın uğrunda mübarizə aparmağa və qurban verməyə hazır olduğunu göstərənən yüksək dəyərdir. Zənnimcə, bu günün konsepsiyasının üç əsas sütunu bunlardır: Müstəqillik uğrunda qəhrəmanların və qurbanların xatirəsi - Dövlət Suverenliyi Günü doğma torpaqlarının azadlığı uğrunda canlarından keçənlərin xatirəsini yad etmək üçün mühüm məqam olacaq. Bu yaddaş milli kimliyin ayrılmaz hissəsinə çevriləcək, müstəqilliyin təmənnasız gəlmədiyini xatırladacaq. Digəri, milli birlik - 20 sentyabr təkcə qələbələrin qürur günü deyil, həm də Azərbaycan xalqının birlik və əzmkarlığının simvolu olacaq. Azərbaycanın çətin anlarda necə birləşərək öz torpağını, gələcəyini müdafiə etməyə hazır olduğunu sübuta yetirdiyinin bütün dünya şahidi oldu. Əsas məqamlardan biri isə gələcəyə istiqamətləndirmədir – bu gün həm də dövlətçiliyin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, siyasi, iqtisadi və social institutların inkişaf etdirilməsi zərurətini xatırladacaq.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri

Seçilən
106
1
sesqazeti.az

10Mənbələr