AZ

Azərbaycan səfiri İtaliya qəzetinə ünvanladığı məktubda Cənubi Qafqazdakı real vəziyyətdən bəhs edib

Azərbaycan səfiri İtaliya qəzetinə ünvanladığı məktubda Cənubi Qafqazdakı real vəziyyətdən bəhs edib

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov bu ölkənin “Corriere della Sera” nəşrinə ünvanladığı məktubda Azərbaycan reallıqlarından və Ermənistanla sülh prosesindən bəhs edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, jurnalist Cian Antonio Stellanın məqaləsinə cavab olaraq səfir öz məktubunda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxın müddət ərzində qanunsuz işğala məruz qaldığını xatırladıb. Bildirib ki, 1990-cı illərdən başlayaraq Ermənistan silahlı qüvvələri Qarabağı işğal edib, nəticədə bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, onlardan 300 mini məcburi şəkildə Ermənistanı tərk etmək məcburiyyətində qalıb və öz evlərinə qayıtmaq imkanından məhrum edilib. Müxtəlif beynəlxalq sənədlərdə dəfələrlə Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması tələb olunub.

Diplomat vurğulayıb ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərimizi tərk edən ermənilər 1990-cı illərdə azərbaycanlıların çəkdiyi əziyyətlərdən fərqli olaraq bunu öz istəkləri ilə ediblər. Bölgəyə iki dəfə səfər etmiş, eləcə də Ermənistanda fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabatları və bəyanatları erməni sakinlərə qarşı hər hansı zorakılıq və təzyiqin olmadığını təsdiqləyir. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli qərarında da Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bir daha təsdiq edilib. Buraya milli və etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini təmin etmək öhdəliyi daxildir.

Səfir bildirib ki, Azərbaycan özünün multikultural və çoxmillətli ənənələri ilə öz ərazisində mövcud olan istənilən tarixi sərvəti qoruyur və bərpa edir, Bakının mərkəzindəki erməni kilsəsi buna əyani sübutdur. İşğal zamanı isə Qarabağda Azərbaycanın bütün dini və mədəniyyət abidələri, o cümlədən muzeylər və məktəblər, 60-dan çox məscid dağıdılıb. Eyni hal Ermənistanda da baş verib və bu gün orada Azərbaycanın mədəni irsinə dair heç bir sübut yoxdur.

“Biz bu gün Cənubi Qafqazda sülh müqaviləsinin imzalanması, regionda sabitliyin və rifahın təmin edilməsi üçün tarixi fürsət qarşısındayıq”, - deyə diplomat vurğulayıb.

Məqalə müəllifinin İtaliya və Azərbaycan münasibətlərinə dair cəfəng fikirlərinə cavabında isə Rəşad Aslanov iki ölkə arasında sədaqət və dostluq ilə xarakterizə edilən əlaqələrin mövcud olduğunu bildirib.

Nihad Budaqov

Roma

Mənbə: AZƏRTAC

Seçilən
106
3
ilk.az

4Mənbələr