Bu gün 19-20 sentyabr antiterror əməliyyayları zamanı şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun şəhadətə qovuşduğu gündür.
İctimaimedia.az xəbər verir ki, Musavat.com şəhidin evində olub və onun həyat yoldaşı Gülşən Şadmanova ilə söhbətləşib.
Hərbiyə gedən yol — vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi aldı
«Həyat yoldaşım 1984-cü il mart ayının 1-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. 1990-cı ildə Kəlbəcər rayon Zivel kənd orta məktəbində ibtidai sinfə gedib.1993-cü ildə Kəlbəcər rayonu işğal edildikdən sonra orta təhsilini Göygöl (Xanlar) rayon 6 nömrəli orta məktəbdə, 1994-cü ildə isə Abşeron rayon Xırdalan qəsəbəsində yerləşən Kəlbəcər rayon 20 nömrəli orta məktəbdə davam etdirib.
1998-ci ildə həmin məktəbin 8-ci sinfini bitirib və C.Naxçıvanski adına hərbi liseyə qəbul olunub. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub və 2005-ci ildə həmin məktəbi “motoatıcı» ixtisası üzrə fərqlənmə ilə bitirib.
2005-ci il iyun ayından 2017-ci ilin may ayınadək Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində taqım, bölük, tabor komandirinin MTT işləri üzrə müavini, qərargah rəisi və tabor komandiri vəzifələrində xidmət edib. 2017-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayınadək Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissədə tabor komandiri, hərbi hissənin döyüş hazırlığı üzrə bölmə rəisi olub».
Gülşən Şadmanova davam edir: «2020-ci ilin oktyabr ayından dekabr ayınadək tabor komandiri kimi Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.
Şuşanın ətrafında olan bir neçə yüksəkliyin müdafiəsi məhz Əkrəmgilin taboruna həvalə olunmuşdu. Müharibədəki şücaətinə görə vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi, İgidliyə görə medalı, Qubadlı və Cəbrayıl rayonlarının azad olunmasına görə medalları ilə təltif olundu”.
Hərbçi 2022-ci ilin dekabr ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasında yarım qalmış Ali hərbi təhsilini davam etdirib. O, 2021-ci ilin avqust ayında Hərbi Akademiyanı bitirdikdən sonra Sumqayıtda N saylı hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunub. 2022-ci ilin sentyabr ayında keçirilən “Qisas əməliyyatı” zamanı Əkrəm Şadmanov Kəlbəcərdəki “Kömürdağ” yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. 2023-cü ilin sentyabr ayında aparılan “Antiterror” əməliyyatları zamanı Ağdam-Xocalı istiqamətində döyüşlərin planlaşdırılmasında və aparılmasında xüsusi bacarıq nümayiş etdirib.
Hərbçi 2023-cü ilin 24 sentyabrında Ağdam rayonunun Gülablı kəndi yaxınlığında döyüş mövqelərinə baş çəkməyə gedərkən “Kamaz” markalı avtomobil ilə düşmənin yol üzərində qurduğu minaya düşərək şəhid olub. O, İkinci Fəxri Xiyabanda dəfn olunub.
Qızının doğum gününə gələcəkdi, söz vermişdi…
Gülşən Şadmanova: ”Əkrəm şəhid olanda qızım Solmazın 14, oğlum Arazın isə 10 yaşı var idi. Sentyabrın 24-ü biz səhər-səhər onunla danışdıq. Dedi ki, Xocalıdan Ağdama gəlib, iclası var. Günorta təkrar zəng etdi. Planlaşdırdıq ki, icazə alıb gələ bilsə, axşam qızıma ad günü keçirəcəyik. Hətta mən dedim ki, ola bilər ki, gələ bilməzsən, belə dəqiqliklə söz vermə. O etiraz etdi, bildirdi ki, mütləq gələcək.
Əkrəmin sevdiyi xörəkləri bişirdim və başım süfrə hazırlamağa qarışdı. Artıq axşam düşürdü və anidən zənglər gəlməyə başladı. Hər kəs Əkrəmi soruşurdu. Özümdə deyildim, nə baş verdiyini anlamırdım. Toparlanıb qızıma dedim ki, internetdə atasının adını yazsın. Qızım bunu edəndə rəngi soldu. İsrarla ondan nə baş verdiyini soruşdum. Dedi: ”Ana, inşAllah yalan olar. Hamı yazır ki, atam şəhid olub. Başsağlığı verirlər”. Uşaqlar ağlamağa başladı. İnadla onları inandırmağa çalışdım ki, yalandır. Çünki Əkrəm 44 günlük döyüşdə olanda da ölüm xəbəri gəlmişdi. Bir neçə yerə yığdım, lakin heç kimdən məlumat ala bilmədim. Şəhid olmasına isə inanmaq istəmirdim…
Az müddətin içində ev adamla doldu. Mən artıq özümdə deyildim. Gecə saat 3-də hospitala getdim və yoldaşımın tabutunu gördüm. Acı həqiqəti o zaman qəbul etdim, Əkrəm şəhid olmuşdu.
O, gedəndə demişdi: “Məni Yasamalda gözlə, mütləq qayıdacağam”. Çünki o döyüşlərin bir günlük olduğunu bilirdi.
İnana bilməzdik ki, 23 il xidmət etmiş və hər bir döyüşdən sağ çıxmış adam şəhid ola bilər…
Həmin gün iki nəfər Əkrəm və müavini mayor Tural Seyidov minaya düşmüşdü. Tural Seyidov o dəqiqə keçinib. Əkrəm isə başından yaralanıb. Yoldaşım qışqırıb ki, onu ayağa qaldırsınlar, əsgərlərinin qarşısında uzanıqlı olmasın. Qan apardığı üçün heç kim ona toxunmayıb. Bir də uca səslə deyib ki, siz kişisiniz, məni qaldırın. Daha sonra həkim gəlib və onu xəstəxanaya çatdırmağa çalışıblar. Lakin elə maşındaca şəhid olub”.
“Sənə Şuşanın azadlığını hədiyyə edirəm”
Hərbçinin həyat yoldaşı Gülşən xanım da Qarabağlıdır. O Şuşanın Malıbəyli kəndində anadan olub. Ər və arvadı həm də Qarabağ, Vətən sevgisi birləşdirirdi.
Şəhid xanımı: ”Əkrəm Kəlbəcərli, mən isə Şuşalıyam. O, döyüş yolunu elə-belə seçməmişdi. Bu, vətən, torpaq sevgisi idi.
Vətən müharibəsində olanda bir dəfə Əkrəmdən zəng gəldi. Telefonu tez açıb soruşdum:“sən yaxısan?”. O, gülərək məni toyumuzun 12 illiyi münasibəti ilə təbrik etdi və xahiş etdi ki, televizoru yandırım, mənə hədiyyəsi var. Televizoru açanda gördüm ki, Prezident Şuşanın azad olunması xəbərini elan edir. Əkrəm dedi: ”Sənə ən gözəl hədiyyə Şuşanın azadlığıdır”.
Sonuncu dəfə antiterror əməliyyatına gedəndə qarşımda dayanıb: ”Bu oğul Malıbəylini və Xocalını azad edəcək”, dedi. Bizim özümüzə məxsus parollarımız var idi. Xocalıda olanda bibimin oradan olmasına işarə edərək deyirdi :”Bibingildəyəm və ya bibin yaxşıdır”. Bu o demək idi ki, Xocalı azaddır. Yaxud da “Sənin atanın evinə getmişəm”. Bilirdim ki, o, Malıbəylidədir.
Onun ən çətin döyüşü Qubadlıda olub. Həmin vaxt mayor idi. Biz 5 gün ondan heç bir xəbər ala bilmədik. Hətta facebookda şəhid olması məlumatı yayılmışdı. 5 gündən sonra zəng etdi ki, salamatdır”.
Atanın arzuları və heç kimin bilmədiyi son söz…
Şəhidimizin övladları ilə bağlı böyük arzuları var idi. Ən çox da onların ali təhsil almalarını istəyirdi.
“Avqust ayının məzuniyyətini uşaqlarla birlikdə keçirdi. Övladları ilə dost idi. Onlarla harada təhsil alacaqları ilə bağlı söhbətlər edirdi, birlikdə planlar qururdular. Oğlum deyirdi ki, xaricdə təhsil alarsa, atası onunla birlikdə qalacaq. Qızım isə etiraz edirdi, atasını öz yanında görmək istəyirdi. Zarafatlaşırdılar, atalarını bölüşə bilmirdilər.
İnsan keçmişə boylananda görür ki, nə qədər xoşbəxt günlərimiz var imiş. Əkrəm şəhid olsa da, onun arzularını həyata keçiririk.
Qızım atası şəhid olandan sonra bir neçə dəfə xiyabana getsə də, sonralar getmək istəmədi. Ondan bunun səbəbini soruşdum. Dedi: “Ana ,evdə olanda atamın haçansa geri dönəcəyini xəyal edirəm. Xiyabana gedəndə isə atamın qayıtmayacağını anlayıram.
Atasının ad günü ərəfələrində Solmaz məktəbdən çox kədərli gəldi. Bir vərəq göstərdi, dedi ki, atasına şeir həsr edib. Ondan bu şeir haqqında soruşdum. Dedi: ” Dərsdə pis idim, atam üçün darıxırdım. Sinifdə ağalaya bilmədim, əvəzində bu şeiri yazdım”. Göz yaşlarını 4 bəndlik şeirlə vərəqə tökmüşdü, sanki.
Biz şəhidlərin ölmədiyini bilirik, amma insan sevdiyini unuda da bilmir. Oğlum Araz atasından sonra bir səhər yuxudan durub yemək yemədi. Dedim, nə istəyirsə, onu hazırlayım yesin. Cavabı ürəyimi dağladı. Dedi: «Mənim ürəyim bir şeyi istəyir, onu da mənə heç kim verə bilməz. Mən atamı istəyirəm”. Bu, 10 yaşlı Arazın sözləri idi. Əkrəm ailəsi ilə bağlı son sözü minaya düşəndə həkimə demişdi. Amma bunu heç kimə demirəm”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezdentinin 07.11.2023- cü il tarixli sərəncamına əsasən polkovnik-leytenant Şadmaov Əkrəm Yunus oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta