AZ

Qərbi Azərbaycan Xronikası: Ağzıbir, Ağin, Ağıllı və Ağyar - türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də “Toponim oğrularının məhv edə bilmədiyi Azərbaycan izləri" adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, süjetdə “addəyişmə terroruna” məruz qalan Ağzıbir, Ağin, Ağyar toponimləri, eləcə də Ağıllı oronimi haqqında söz açılır.

Bildirilir ki, indiki Ermənistan ərazisinin qədim Azərbaycan torpağı olması tarixi faktlarla sübuta yetirilib: “Bunun üçün coğrafi xəritələrə, sənədlərə baxmaq kifayətdir və Qərbi Azərbaycan ərazisindəki toponimlərin mütləq əksəriyyətinin türk-oğuz mənşəli olması təsdiqini tapır”.

AĞZIBİR - Göyçə mahalının Kəvər, yəni Kamo rayonunda kənd olub. Kənddə 1831-ci ildən 1916-cı ilə qədər yalnız azərbaycanlılar yaşayıb. 1918-ci ildə kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulub. 1922-1926-cı illərdə kəndə ermənilər yerləşdirilib və azərbaycanlılar sıxışdırılıb. Bundan sonra kənddə demoqrafik vəziyyət dəyişib. Azərbaycanlılar 1948-ci ildə Ağdaş rayonuna köçürülüblər. O vaxtdan kənddə yalnız ermənilər yaşayır. 1945-ci il dekabrın 7-də kəndin adı dəyişdirilib Lçap qoyulub.

AĞİN - Şörəyel mahalının Ağin, yəni Ani rayonunda kənd olub. Kəndin köklü sakinləri azərbaycanlılar olub. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulub, 1829-1830-cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-1878-cı illərdə Qarsdan ermənilər köçürülərək burada yerləşdirilib. 1961-ci il oktyabrın 12-də kəndin adı dəyişdirilib Ani qoyulub.

AĞYAR - Dərələyəz mahalının Keşişkənd, yəni Yeğeqnadzor rayonunda kənd olub. Kəndin ilkin adı Əyar olub. İlk dəfə XII-XIII əsrlərdə adı çəkilib. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşayıb. Buraya ermənilər 1828-1829-cu illərdə İranın Xoy, Salmas və Maku vilayətlərindən köçürülüblər. 1946-cı il sentyabrın 10-da kəndin adı dəyişdirilərək Aqarakadzor qoyulub.

AĞILLI - Göyçə mahalının Çəmbərək, yəni Krasnoselo rayonunda yaylaq adıdır. Bu oronim Azərbaycan dilində “mal-qara, qoyun saxlamaq üçün hasarlanınış yer” mənasında işlənən “ağıl” sözünə “lı” şəkilçisinin artırılması ilə əmələ gəlib.

Sonda vurğulanır ki, “toponim oğruları” kimi tanınan ermənilər oğuz, qıpçaq və alban tayfalarına məxsus tarixi adları xalqın yaddaşından silməyə çalışıblar: “Lakin bu bəd əməlin baş tutması əbədi mümkün deyil. Çünki bu toponimlər indiki Ermənistanın əzəli sakinləri olan Qərbi azərbaycanlıların gündəlik ünsiyyətində işlədilir və yaşadılır”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Seçilən
138
1
far.az

10Mənbələr