AZ

Bir də yuxudan oyanarlar ki, 5 il keçdi - Gecə qutudan çıxan deputat gündüz parlamentdə yatar

Azərbaycan xalqının millət vəkili sarıdan bəxti gətirmədi ki, gətirmədi. O parlamentin ki tərkibi seçkidən əvvəl bəlli ola, ondan nə gözləyəsən?! O parlamentə ki kimlərin mandat alacağının tam siyahısını əvvəlcədən səhih biləsən, xalq Milli Məclisindən daha nə istəsin? Budur, ilk iclas başlar-başlamaz, siftə elədilər: kimisi yuxuladı, kimisi əsnədi, kimisi mürgülədi, kimisi də donuq və ifadəsiz nəzərlərlə prezidentin çıxışını dinlədi; bir çoxunun üzündə isə nə bir məna var, nə bir emosiya, nə bir reaksiya... Sanki zorla gətirib ora oturdublar bir çoxlarını. Hər şey bir yana, axı ilk iclasdır, axı Prezident İlham Əliyev çıxış edir, axı dünya və Azərbaycan sizə baxır, heç olmasa burada 1-2 saat dözmək olmazdımı? Amma bəlkə də təzə və köhnə deputatların haqqına giririk, gecəni rahat yatmayıblar, həyəcandan gözlərinə yuxu getməyib, səhəri tavana baxaraq açıblar, ona görə iclasda dözmədilər, yuxu gözlərindən töküldü, Prezident danışa-danışa xumarlanıb yatdılar. Onları lentə alanlar da "insafsızlıq" ediblər, yorğunluqlarını nəzərə almayıblar. Adamın lap yazığı gəlir, ürəyi yanır ki, fədakar, gecəsini gündüzünə qatan, seçkidə qarışqa kimi işləyən, səhərdən axşama kimi seçicilərin yanında olan deputatlar indi necə yorğun-arğındırlar. Ona görə qınamaq lazım deyil, belə gərgin, həyəcan dolu seçki kampaniyasından hansı deputat qalib çıxsa, ilk iclasda mürgüləyər. Özü də necə şəffaf, maraqlı, qızğın rəqabət şəraitində seçkilər keçirilibsə, Anaxeber.info-nun bir ay əvvəldən yaydığı siyahıdan 123 nəfərin adı düz çıxdı, ikisini isə heç kəs tanımırdı deyə təxmin etmək olmamışdı. Ona görə də ürəklərinə salmasınlar, elə bu minvalla davam eləsinlər, iclaslarda yuxulasınlar, lazım gələndə qulaqlarına pambıq da taxsınlar ki, birdən həmkarlarından biri bərkdən danışar, bilməz, çaşıb uşaq pulundan, kommunal xərclərin bahalığından, limitlərin ləğvindən, cərimələrin yüksək olmasından, hər şeyin bahalaşmasından, korrupsiya və monopoliyadan ağzına gələni danışıb şər-böhtan atar, yanında yatmışları narahat edib oyadar, yuxularına haram qatar. O baxımdan qulaqcıq da pis deyil, pambıq çox kustar üsuldur, amma qulaqcıqla həzin musiqi sədaları altında yuxuya getmək olar. Lazım gəlsə, Elza Seyidcahan "lay-lay deputatım, lay-lay" mahnısı bəstələyər.İntəhası, bizim deputatların arasında yatanlar üçün daha komfort şərait yaradılmasını təklif etmək lazımdır. Əvvəla, parlamentdə oturduqları kreslolar narahatdır, adam yuxulayanda bixəbər başı gedir, yaxşısı Milli Məclisdə ayrıca çarpayı qoymaq lazımdır. Kimin yuxusu gəlsə, gedib uzanıb yuxusunu alsın. Misal üçün Yaponiyada iş yerlərində işçilərə belə şərait yaradılır. Onsuz da parlamentdə gedən müzakirələri dinləməyə həvəs də yoxdur, üstəlik, yorucudur. Məsələn, Prezidentin iştirak etdiyi iclasda mürgüləyənlərdən biri Könül Nurullayeva idi. Digəri "çiçəyi burnunda" deputat, hələ mandatın ləzzətini çıxarmamış Əlibaba Məhərrəmzadə idi, elələri də vardı ki, heç tanımaq olmurdu. Necə deputatdırlar ki, tanımaq da olmur. Bu da bir ayrı dərd.Kəsəsi, axı onların nəyinə lazımdır ki, iclasda Siyavuş Novruzov nə deyəcək, yaxud Cavanşir Feyziyev nə danışacaq. Onsuz da 30 ildir danışırlar. Ondansa gedib yatmaq yaxşıdır. Hətta elələri var ki, 5 ildə bir dəfə ağızlarını açmırlar. Onlara el içində "lal deputat" deyirlər. Həmin deputatlar yuxulamağı tam haqq edirlər. Çünki parlamentdəki əksər çıxışları dinləyib əsəbləşməkdənsə, yuxulamaq yaxşıdır. Psixoloqlar da tövsiyə edirlər ki, yatmaq beynin inkişafına kömək edir, xüsusən də günortalar yarım saat da olsa mürgüləmək lazımdır. Nəzərə alsaq ki, parlamentin iclasları günortaya qədər davam edir, o zaman qarşıdan gələn "qış yuxusu"na getmək olar. Və beləcə gözlərini açıb görəcəklər ki, yatdılar, yatdılar, 5 ilin tamamına çatdılar, növbəti seçkilərə hazırlıq başlayır. Üsətəgəl, əgər özlərini yaxşı aparsalar, daha 5 il yuxulamaq mandatı qazanacaqlar, sağlıq olsun, biz də seçkiyə bir ay qalmış siyahını yayacağıq. Amma bu dəfə oxuculara söz veririk, heç iki dairədə də səhv etməyəcəyik, 125 dairədən kimlərin  deputat olacağını  qabaqcadan dəqiq təqdim edəcəyik. Bu dəfə iki yerdə səhv etdiyimizə görə adam lap xəcalət çəkir. O vaxta qədərsə mürgüləyən deputatlarımıza ancaq bunu arzulamaq olar - yuxunuz şirin olsun! Azər Talıbov Anaxeber.info

Seçilən
39
2
anaxeber.info

3Mənbələr