“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 20 ədəd “Starlink” peykini orbitə çıxarıb.
Xeberler.az məlumat verir ki, daşıyıcı raket sentyabrın 24-də ABŞ-ın Sakit okean vaxtı ilə saat 21:01-də Kaliforniyadakı Vandenberq bazasından start götürüb. Raketin artıq onuncu dəfə istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” platformasına şaquli eniş edib.
“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 7 mindən çox peyk buraxıb. Hazırda onların 6,4 mindən çoxu işlək vəziyyətdədir.
Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın mini-peyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta