İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi “SDG Digital GameChangers” mükafatının “Planet-İqlim və Ətraf Mühitimiz Üçün İnnovasiya” kateqoriyası üzrə finala yüksəlib.
Xeberler.az bildirir ki, bu barədə Agentlik məlumat yayıb.
Qeyd edək ki, bu mükafat Beynəlxalq Telekommunikasiya İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən birgə təşkil olunan “SDG Digital” sammiti çərçivəsində təqdim olunur. İştirakçı ölkələr bu sammitdə öz rəqəmsal və innovativ həlləri ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə necə töhfə verə biləcəklərini nümayiş etdirirlər.
Müsabiqəyə mövcud 5 kateqoriya üzrə 1186 müraciət təqdim edilib. Hər kateqoriya üzrə 20 layihə finala yüksəlib. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi Azərbaycandan seçilən yeganə finalçı olaraq ölkəmizi təmsil edib.
Rəqəmsal Sənəd Dövriyyəsi dövlət qurumları arasında sənəd mübadiləsini tam rəqəmsal formada həyata keçirərək kağız istifadəsini minimuma endirir. Bu xüsusiyyət altsistemi digər layihələrdən fərqləndirərək mükafatın finalına yüksəlməsinə səbəb olub.
Xatırladaq ki, Rəqəmsal Sənəd Dövriyyəsi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli Fərmanına əsasən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən hazırlanıb və istifadəyə təqdim edilib. Fərmanın icrası çərçivəsində, bu günə qədər dövlət orqanları və tabeli alt qurumlar da daxil olmaqla, altsistemə 1700-dən çox qurum inteqrasiya olunub. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemindən istifadə etməklə, qurumlar arasında baş tutan sənəd mübadiləsi ilə hər ay ümumilikdə 500 mindən çox vərəqə qənaət edilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta