AZ

İki əsrlik sindromun qırılma nöqtəsi, Əliyevin tarixi zəfəri…

27 sentyabr 2020-ci il: 4 il öncə bu təqvimdə başlayan Vətən müharibəsi ilə tarixin, daha dəqiq desək, ədalətsiz şəkildə yazılan tarixin gedişatı dəyişdi. Azərbaycan Ordusu bütün cəbhə xəttini yararaq, irəlilədi və cəmi 44 gün ərzində torpaqlarımızda 30 ilə yaxın davam edən işğala son qoydu. 27 sentyabr təqvimi məhz bunun başlanğıcı, həm də əsrlərdir davam edən stereotiplərin qırılması anı idi.



Bu təqvimi – Vətən Müharibəsini bir neçə aspektdə qiymətləndirmək olar.



Birincisi, Azərbaycanın məğlubiyyət stereotipinin qırılma nöqtəsi idi.



İki əsrdən artıq müddətdə — son 250 illik tariximizdə Azərbaycan ardıcıl şəkildə ərazi və güc itkisinə məruz qalıb. Bu, 1747-ci ildən — Nadir Şah Əfşarın vəfatından sonra başlanan ağrılı dövr idi. Azərbaycanda xanlıqlara parçalandı. 1813-cü ilə — Gülüstan müqaviləsinin imzalanmasına qədər davam edən bu dövrdə Azərbaycanın demək olar ki, yalnız adı qalmışdı. Gülüstan, ardınca da Türkmənçay (1828-ci il) müqaviləsi ilə Azərbaycan torpaqları iki hissəyə bölündü. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda böyük dönüşün başlanğıcı ümidləri yaranmışdı, lakin cümhuriyyət ilk qurulanda İrəvan şəhəri ermənilərə güzəşt edilməklə itkilər yaşandı. Cəmi 23 aydan sonra yenidən işğal altına düşən Azərbaycanın torpaqları sovetləşmənin ilk illərindən başlayaraq, qırmızı imperiyanın sonuna qədər ermənilərə “otlaq” və “əkin sahəsi” adı altında bağışlandı. Zəngəzur, Göyçə, Dərələyəz və digər tarixi torpaqlarımız itirildi. SSRİ dağılandan sonra isə Azərbaycan 20 faiz torpaqlarını itirdi. Məhz 27 sentyabr tarixi iki əsr yarımlıq məğlubiyyət tarixinin qələbəyə çevrilməsi idi.



İkincisi, Azərbaycan beynəlxalq hüququ özü bərpa etdi.



Qarabağ münaqişəsi mövcud olan dövrdə beynəlxalq birlik adı altında çıxış edən qüvvələr işğalçıya dəstək verir, beynəlxalq hüququn, BMT qətnamələrinin icrasına laqeyd münasibət sərgiləyirdi. Bütün danışıqlar prosesi yalnız işğala əsaslanan status-kvonun qorunub saxlanılmasına hesablanmışdı. Vətən müharibəsinin başlanması beynəlxalq hüququn icrası demək idi.



Üçüncüsü, 27 sentyabr Azərbaycanın ərazi bütövlüyünün bərpası, Azərbaycan xalqının 30 illik işğala qarşı yumruq kimi birləşməsinin təqvimidir.



Dördüncüsü, bu təqvim ermənilərin uydurduğu qondarma “miflərin” – “yenilməz ordu”, “qəhrəmanlar” və digərlərinin darmadağın edilməsi günüdür.



27 sentyabr Cənubi Qafqazın siyasi mənzərəsinin dəyişdiyi, qlobal hadisələrə birbaşa təsir edən gün kimi də tarixə düşdü.



Bütün bunlar Azərbaycan liderinin – Prezident İlham Əliyevin əsəridir. Məhz o, Azərbaycanın 250 illik məğlubiyyət sindromunu sındırdı, qələbə səhifəsini açdı. Məhz o, torpaqlarımızı azad edərək, beynəlxalq hüququ təmin etdi. Məhz o, “erməni miflərini” tarixin zibilliyinə göndərdi.



İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə torpaqlarımızın azad olunacağının anonsunu vermişdi və Vətən müharibəsinin başlandığı günə qədər – 17 il ərzində Azərbaycanı bu zəfərə hazırladı. Qüdrətli, daxili sabitliyin və inkişafın təmin edildiyi, geosiyasi arenada söz sahibinə çevrilən Azərbaycanı qurdu. İqtisadi inkişafda inqilabi nəticələr əldə etdi, sosial rifahın təmin edilməsi istiqamətində mühüm addımlar atdı, Azərbaycanı beynəlxalq siyasətin həlledici oyunçusuna, enerji və nəqliyyat layihələrinin mərkəzinə çevirdi. Region və dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər sistemi formalaşdırdıı. İşğalçı Ermənistanın siyasi və iqtisadi istiqamətlərdə mühasirəsini yaratdı. Və bütün bunlara paralel olaraq qüdrətli ordu qurdu. Prezident İlham Əliyev Zəfər gününü addım-addım yaxınlaşdırırdı.



2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi danışıqlar masasında da vəziyyətin dəyişməsi, irəliyə doğru addımın atılması ümidlərini yaratmışdı. Beynəlxalq oyunçular da Qarabağ münaqişəsinin həll edilməsi imkanlarından bəhs edirdilər. Hərçənd, Ermənistanın bu prosesdə öz oyununun olduğu həqiqəti də var idi, bu oyun masada istəyinə nail olmayanda, çılpaqlığı ilə ortaya çıxdı. Ermənistan elə görüntü yaradırdı ki, münaqişənin həllində maraqlıdır, amma danışıqlarda yeni şərtlər də irəli sürür, bununla qazanclı çıxmaq istəyirdi. Xüsusilə işğal altındakı ərazilərdəki separatçıları “tərəfə” çevirmək cəhdləri edirdi. Azərbaycan lideri bu oyunu pozdu: Ermənistanın bütün cəhdlərini alt-üst etdi və öz gündəliyini diktə etdi və göstərdi ki, regionun gələcəyi işğala son qoymaqdan keçir.



Ermənistanın “demokrat” kimi sırınan hakimiyyəti masada məğlub olduğunu anlayanda sələflərinin yoluna qayıtdı və təxribat hücumlarına başladı. Əsas hədəf də məhz Azərbaycanın mülki vətəndaşları idi. İşğalçı ölkənin “yeni müharibə — yeni ərazilər” tezisi isə açıq şəkildə meydan oxumaq və yeni işğal planları qurmaq demək idi. Tovuz döyüşlərində buna cəhd etdilər də, lakin təxribat baş tutmadı. İlham Əliyev düşmənin bütün oyununu – sülh tərəfdarı kimi görünmək gedişlərini də, hərbi təxribatlarını da – diplomatik məharətlə alt-üst etdi. Artıq işğalçının yolu qalmamışdı, ya torpaqları boşaltmalı, ya da yeni işğal hücumu ilə vəziyyəti dəyişdirməli idi. Ermənistan ikincini – təxribat hücumunu seçdi. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə təxribatlara adekvat cavab verərək, qondarma “təmas xəttini” yardı.



Cəmi 44 gün bəs etdi ki, işğalçı Ermənistanın 4 ilə zəbt etdiyi və 30 ilə yaxın işğalda saxladığı ərazilərimizi azad edək. Cəmi 44 günə Ermənistan ordusu darmadağın edildi. Şuşaya üçrəngli bayrağımız sancıldı və işğalçı ölkə kapitulyasiyaya məcbur oldu. Və İlham Əliyev 2018-ci ildə Azadlıq meydanında keçirilən hərbi paradda bəyan etdiyi “Şuşaya sancılan qələbə bayrağınızı burada – Azadlıq meydanında hərbi paradda nümayiş etdirəcəyik” sözləri gerçək oldu.



İlham Əliyev həm də “yenilməz erməni ordusu”, “qəhrəman erməni əsgəri”, “görkəmli erməni sərkərdələri” kimi erməni miflərini də alt-üst etdi. “Yenilməz erməni ordusu” Azərbaycan əsgərinin qarşısında diz çökdü, “qəhrəman erməni əsgəri” Azərbaycan əsgərinin qarşısında qaçdı, “görkəmli erməni sərkərdələri” arxalarına baxmadan “yoxa çıxdılar”.



Azərbaycan qalib gəlmiş, ərazi bütövlüyü təmin edilmişdi, lakin Xankəndi və ətrafında erməni separatizmi hələ də qalırdı. Onlar ümid edirdilər ki, kənar oyunçuların dəstəyi ilə qondarma “dövlət” yarada biləcəklər. Hərçənd, bir qarış torpağımızı belə güzəştə getməyən Prezident İlham Əliyevin öz planı vardı və incə gedişlərlə regionun bəlasına çevrilən erməni separatizmini təslim olmağa məcbur etdi. Vətən müharibəsindən başlayaraq, Xankəndidə bayrağımızın dalğalanmasına qədərki 3 il ərzində Prezident İlham Əliyev suverenliyimizin bərpası məqsədilə tarixi planlarını həyata keçirirdi: Laçın yoluna sərhəd-keçid məntəqəsi qoyuldu və bununla erməni separatizminin nəfəsliyi olan “Laçın dəhlizi” ləğv edildi, həmçinin, sərhədlərimiz tam bərpa olundu; Qarabağ artıq təkcə hüquqi yox, praktiki olaraq da Azərbaycanın daxili işinə çevrildi; separatizmin ləğv edilməsi və ərazimizdə qalan erməni silahlı dəstələrinin neytrallaşdırılması istiqamətində rıçaqlar işə salındı; reinteqrasiya prosesi ön plana çıxarıldı, erməni əhalisinin separatçıların girovluğundan xilas edilməsi istiqamətində addımlar atıldı; və nəhayət, antiterror tədbirləri ilə cəmi 24 saata separatçılar təslim edildi, silahlı dəstələrin tərki-silah edilməsi həyata keçirildi.



Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin edən milli lider İlham Əliyev Ermənistanla sülh danışıqlarının əsas təşəbbüskarı kimi bütün bölgədə sülhün bərqərar olması istiqamətində çalışır. 44 günlük müharibədən dərhal sonra sülh gündəliyini məhz rəsmi Bakının irəli sürməsi də bunun bariz nümunəsidir. Lakin Ermənistan Qarabağ münaqişəsi mövcud olduğu dövrdəki klassik qeyri-konstruktiv siyasətini davam etdirmək cəhdlərindən əl çəkmir, sülh perspektivini pozan addımlar atır. Hərçənd, Prezident İlham Əliyevin, onun qurduğu qüdrətli Azərbaycanın qarşısında duruş gətirmək imkanları sıfıra bərabərdir. Proseslərin məntiqi nəticəsi aydın görünür: ya Ermənistan Azərbaycanın haqlı tələbləri çərçivəsində sülh sazişini imzalayacaq, ya da “dalan ölkə” kimi regionun siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşəcək.

Seçilən
18
4
ictimaimedia.az

5Mənbələr