AZ

Astronomlar: Soyuq yad planet Yerin gələcəyinə işıq sala bilər

Astronomlar bildirirlər ki, “ağ cırtdan” adlanan sönmüş ulduzun ətrafında fırlanan ilk qayalı planet milyardlarla il sonra Yerin vəziyyətinə dair fikir təqdim edir. Bu göy cismi göstərir ki, soyuq olmasına rəğmən planetimiz Günəşin sönməsindən sonra kosmosda kimsəsiz forposta çevrilə bilər.
Xeberler.az “Nature Astronomy”” jurnalına istinadən məlumat verir ki, kütləsi Yerdən təqribən 1,9 dəfə böyük olan bu planet Havay adalarında yerləşən teleskopun məlumatları əsasında öyrənilir. Araşdırmaya görə, yeni kəşf edilən planet Günəş sistemindən təxminən 4200 işıq ili uzaqlıqda, Süd Yolu qalaktikasının mərkəzindəki qabarıq fəzanın yaxınlığındakı “ağ cırtdan”ın ətrafında fırlanır. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir və təxminən 9,5 trilyon kilometrə bərabərdir.
“Ağ cırtdan” Günəşin kütləsindən bir və ya iki dəfə böyük olan adi bir ulduz olub. Onun hazırkı kütləsi isə Günəşin təxminən yarısına bərabərdir. Kütləsi Günəşdən səkkiz dəfə az olan ulduzlar, ulduz qalığının ən çox yayılmış növü olan “ağ cırtdan” kimi sönərək kiçilirlər.
Ev sahibi ulduzun “ölümündən” əvvəl yeni planet müəyyən bir məsafədə orbitə çıxıb. O, çox isti və ifrat dərəcədə soyuq deyil, səthində maye suyun mövcud ola biləcəyi və bəlkə də həyatı dəstəkləyəcəyi də ehtimal olunur. O, əvvəlcə Yerin Günəşə olan məsafəsi ilə eyni orbitdə fırlanırdı. Ulduzun sönməsindən sonra planet öz yerindən 2,1 dəfə uzaqda yerləşib.
Kaliforniya Universitetinin astronomu, tədqiqatın aparıcı müəllifi Janq Keminq bildirib ki, bu planet dondurucu bir dünyadır, çünki ondan daha kiçik olan “ağ cırtdan” normal ulduz olduğu dövrlə müqayisədə olduqca zəifdir.
Astronomlar bildirirlər ki, təxminən 4,5 milyard il yaşı olan Günəş də “ağ cırtdan”a çevriləcək. Kaliforniya Universitetinin astronomu və tədqiqatın həmmüəllifi Cessika Lu deyir: “Günəşimizin ömrünün sonunda o, nəhəng ölçülərə çatacaq. Astronomlar onu qırmızı nəhəng adlandırırlar, onun xarici təbəqələri küləklə yumşaq bir şəkildə sovrulacaq. Günəşimiz kütləsini itirdikcə, planetlərin orbitləri daha böyük ölçülərə qədər genişlənəcək. Nəhayət, Günəş bütün xarici təbəqələrini itirəcək və geridə isti nüvə kütləsi qalacaq. Buna “ağ cırtdan” deyilir”.
Alimlər Yerin 7 milyard il sonra meydana çıxacağı təxmin edilən qırmızı nəhəng fazasında məhv olub-olmayacağını müzakirə edirlər.

Seçilən
47
4
xeberler.az

5Mənbələr