AZ

Deputat: "Şanlı Ordumuz millətimizi gələcək nəsillərin qınağından hifz etdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Anım Günü Azərbaycanın ən şərəfli günüdür. Həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyev ona Azərbaycan Konstitusiyası ilə verilmiş hüquq əsasında Vətənimizin ərazi bütövlüyünün bərpasına doğru dahi sərkərdəlik etdi. Şanlı Ordumuz milli şərəfimizi ucaltdı, ləyaqətimizi qorudu və torpaqlarımızı 30 illik erməni işğalından azad edərək, millətimizi gələcək nəsillərin qınağından hifz etdi. Məhz buna görə də bu gün 30 ilə yaxın düşmən əsarətində nalə çəkən şəhərlərimiz artıq kədərimiz deyil, quruculuq libasına bəzənmiş yaşayış yerləridir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O vurğulayıb ki, artıq Qarabağ deyəndə azərbaycanlıların ruhu üşümür, əksinə, ürəkləri məğrurcasına və fəxrlə şənlənir:
"30 illik işğala 44 gün ərzində son qoyuldu. Təqvimindən qaranı, tarixindən yaranı silməyə qalxan Azərbaycan bu gün qüdrətin, qətiyyətin və şərəfin elə bir məqamındadır ki, fikrin və hissin, düşüncənin və hərəkətin nəbzi yalnız "Qarabağ Azərbaycandır!" nidası ilə vurur. Bütün dünya "Dəmir yumruğ"un gücünü gördü, mütərəqqi ölkələrdə Azərbaycanın hərbi məharəti örnək oldu, öyrənildi, heyranlıq yaratdı. Azərbaycanın milli inkişaf modelinin müəllifi, dünya azərbaycanlılarının birliyini təmin edən lider İlham Əliyev həm də milli və siyasi həmrəyliyi təmin etdi".
"Artıq ictimai-siyasi müstəvidə müxtəlif bucaqlar və rakurslar, yanlış radikal yanaşmalar yoxdur. Dövlətin gücü xalqın inam və etimadındadır. Siyasi partiyaların xilaskar sərkərdə, müzəffər Ali Baş Komandanın ətrafında yekdil mövqeyi bu gücü daha da möhkəmləndirir. Vətən savaşının ilk günlərində 50 siyasi partiya birgə bəyanat verdi. Sübut olundu ki, qısa zamanda dövlətimiz hər mütərəqqi dəyişikliyə qadirdir. 44 günlük Vətən müharibəsindəki zəfərlər göstərdi ki, kiçik qələbələr bizə böyük qələbələr gətirdi", - deyə deputat vurğulayıb.
Qələbənin bərpasından sonra Azərbaycanın milli ideyasının yeni üfüqlərə doğru yol aldığını söyləyən deputat qeyd edib ki, əvvəl milli ideya Azərbaycanın ərazi bütövlüyünün bərpası idisə, bu gün o, suveren Azərbaycanın çiçəklənməsi ilə əvəzlənib:
"Prezidentimizin önəmli prinsiplərindən biri verdiyi sözə sadiqliyidir. Çünki 2003-cü il seçkisindən sonra o, "dünya görəcək ki, Azərbaycanda hansı demokratik dəyişikliklər olacaq" kimi bəyanat vermişdi. Dünya bunu gördü. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümüdür. İnkişaf düsturumuzun da ilk təməli o zaman - 2003-cü ildə qoyuldu. Bu gün biz dünyaya milli və siyasi həmrəylik, həmçinin Qələbə və qalib gəlmiş millət fenomenini sərgiləyirik".
Müsahibimiz diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin güclü dövlət konsepsiyası nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, "demokratiya laboratoriyası"na çevrilən region ölkələrindən fərqli olaraq, həm öz milli qüdrətini artırıb, həm də Zəfər tarixi yaradaraq tarixi yenidən yazıb:
"Bu gün ölkə başçısı Azərbaycanın sabitlik adası kimi siyasi təkamülünü təmin edir. Mən ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımıza Allahdan rəhmət, onların ailələrinə güc və səbir diləyir, qazilərimizə isə şəfalar arzulayıram. Əminəm ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrlərdə də yeni-yeni tarixi uğurlara imza atacaq".
Mərahim Nəsib
Seçilən
25
50
oxu.az

10Mənbələr