AZ

Telefonnaya...

Telefonnaya küçəsi köhnə Bakının ən mərkəzi küçələrindən deyildi. Adından küçənin “telefonla” bağlı olduğu anlaşılır. Bizim dövrün Bakısında adı “28 Aprel” idi. Bu gün isə bura “28 May” küçəsi adlanır. XX əsrin əvvəllərində “Telefonnaya” Bakının kənar məhəllələrindəndi. O dövrdə telefon nadir bir şey olduğundan ona belə bir adın verilməsi təəccüblü deyil. Bəzi qaynaqlar 1887-ci ildə şəhərdə ilk telefon köşkünün məhz burada qoyulduğunu desələr də “Telefonnaya”nın tarixi bir az fərqlidir…

Sovetin son illərində evində Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” (Bakı, Azərnəşr, 1987. – 320 səh) kitabı olmayan azərbaycanlı ailə yox idi. Mən bu kitabdan bəzi hissələri ktabın nəşrindən 3-4 il əvvəl, səhv eləmirəmsə 1984-cü ildə “Azərbaycan” jurnalının bir-neçə nömrəsində oxumuşdum. Bu əsər ölkəmizdə böyük ictimai-mədəni hadisəyə çevrilmişdi. Xalq hərəkatından bir qədər əvvəl çıxması gənclərin tariximizə olan marağının artmasında müstəsna rol oynamışdı. Mənimsə bu kitaba başqa səbəblərdən də xüsusi marağım vardı. Bunlardan biri Manaf Süleymanovun (1912-2001) təhsil aldığım və sonralar çalışdığım Neft və Kimya institutunun müəllimi, Geoloji-kəşfiyyat fakultəsinin dosenti olmasıydı. Manaf müəllim həm atamın, həm də elmi rəhbərim akademik Azad Mirzəcanzadənin iş yoldaşı idi.

“Telefonnaya” adına mən ilk dəfə “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında rast gəlmişdim. Hərçənd ki, kitabda bu küçənin nə üçün belə adlandırılması haqda heç bir məlumat yoxdur. Mənim oxuduqlarıma görə Bakıda ilk telefon xəttini 1881-də isə “Nobel qardaşları Cəmiyyəti” çəkib. Bakı qubernatoru general-leytenant Pozenin icazəsi ilə uzunluğu 6 km olan və Nobellərin baş kontorları ilə baş mühəndisinin evini birləşdirən telefon xətti istismara verilir. Bakıda telefon rabitəsinin başladığı tarix də o zamandan sayılır. 1886-da isə Bakı Baş Poçt və Teleqraf idarəsi Moskvalı tacir Qustav Listlə ilk telefon şəbəkəsi haqda müqavilə imzalayır. İlk başda Bakıda telefonu olan cəmi 40 mənzil vardı.

Belə az telefon istifadəçisi olan bir şəhərdə isə 1887-də küçədə telefon köşkünün quraşdırılması və buna görə də buraya “Telefonnaya” adının verilməsi ağlabatan deyil. Ehtimal ki, “Nobel qardaşları Cəmiyyəti”nin baş mühəndisi bu küçədə yaşayırmış və məntiqlə düşünəndə buradan onların Villa Petrolea binasına qədər elə 6 km ancaq edər. Bu təxminimi o vaxt Azad müəllimə də demişdim, çünki onun yaşadığı ev də məhz bu küçədə, Kirxa ilə üzbəüzdə binada idi.

Bir dəfə aspirant yoldaşlarımdan biri ilə (bizim məşhur beynəlxalq qrossmeystrlərdən birinin atasıdır) Azad müəllimin evində hazırladığımız elmi məqaləni müzakirə edirdik. Kağızların içində bir səhifə çatmırdı və aspirant dostum “Evim Telefonnayadadır, ikicəyə dəqiqəyə gətirə bilərəm” dedi. Azad müəllimin üzünü turşutdu, bir az dayanıb incik bir səslə belə dedi: “Tarixi elə yaxşı bilirsənsə niyə bu küçəyə Lindley yox Telefonnaya deyirsən”.

* * *

Vilyam Lindley (ing. Sir William Heerlein Lindley; 1853-!917) görkəmli ingilis mülki mühəndisi və inşaatçısıdır, su kəmərləri və kanalizasiya qurğuları sahəsində dövrünün ən böyük mütəxəssislərindən biridir. Lindley atası və iki qardaşı ilə Varşava, Hamburq, Frankfurt, Praqa və b. şəhərlərin su təchizatı və kanalizasiya xəttlərini inşa edib. Bakının əsrlərlə davam edən su problemini həll etmək üçün Ser Lindleyi 1889-cu ildə ölkəmizə dəvət edirlər. Su mənbəyini özü seçmək şərti ilə Lindley Bakıda çalışmağa razılıq verir.

Bakının su təchizatı isə ermənilərin – mənfur Saruxanyan və Adamyan-Babayan qardaşlarının inhisarında idi. Bu alçaqlar Bakı ətrafında su mənbəyi kəşfiyyatı üçün lazımi məbləğin ayrılması üçün müxtəlif əngəllər çıxardırlar. Nəhayət, məsələyə Hacı Zeynalabdin Tağıyev qarışır və onun verdiyi 25 min rubl ilə (o dövr üçün astronomik məbləğdir) çalışmalara təkan verilir. Araya I Dünya Savaşının girməsinə baxmayaraq inşaatın başlamasından 7 il sonra – 1917-ci ilin 22 yanvarında Şahdağın ətəyindən çıxan təmiz və dadlı Şollar suyu Bakıya çatır.

Şəhər başçısı (rus. Голова) Luka Lavrentyeviç Bıç suyun 100 vedrəsinə 75 qəpik qiymət qoyur. Vladiqafqaz dəmir yolları idarəsi Lindleyə ömürboyu pulsuz istifadə üçün dəmiryolu jetonu verir. Lakin o, bundan istifadə edə bilmir. Lindley kəmərin açılışından sonra Londona qayıdır və 9 ay sonra vəfat edir. Bakı Duması onun adına dini mərasim – panixida keçirir, adının əbədiləşdirməsi haqda qərar qəbul edir.

“Telefonnaya” küçəsinin adı 1913-cü ildə dəyişdirilərək “Romanov prospekti” olmuşdu. 1918-ci ildə isə Milli Hökumətimiz Ser Vilyam Lindleyin adını əbədiləşdirir – “Romanov prospekti” Lindley küçəsi olur. Cümhuriyyətimizin qədirbilən qurucuları bu görkəmli ingilis mühəndisinə Bakı və bakılıların vəfa borcunu ödəmiş oldular. 1923-cü ildə isə Sovet Azərbaycanının qansız rəhbərliyi küçəyə tariximizin ən qaranlıq günlərindən biri olan “28 Aprel” adını verdilər. Müstəqilliyimizin bərpasından sonra isə 1991-ci ildə küçənin adı “28 May” oldu…

* * *

Azad müəllimin “Telefonnaya” adına sərt reaksiyası bundan qaynaqlanırdı. Onun üçün Bakı, Bakının tarixi, şəhərin tarixi şəxsiyyətləri toxunulmaz və təftiş olunmaz idilər. Mən də əziz müəllimimlə bağlı bu kiçicik xatirədən yola çıxaraq doğulduğum şəhərin bəzi kədərli səhifələrini vərəqləmək istədim. Məqaləni yazarkən Lindleylə bağlı bəzi faktları dəqiqləşdirmək lazımdı. Axtarışın nəticələrindən şoka düşdüm – bu böyük mühəndislə bağlı cəmi 2-3 material var idi. Onlardan biri 1997-ci ildə “Bakinskiy raboçiy” qəzetində T. Qumbatovanın “Şollar su kəməri – 80” (Шолларскому водопроводу – 80) məqaləsi idi. Sevindim ki, nə yaxşı belə bir həmyerlimiz var, Bakıya, onun tarixinə hörmət və izzət göstərib. Sonra bəlli oldu ki, Tamara Filippovna Qumbatova Kievdə doğulub, Kiev universitetini bitirib, texnika elmlər namizədidir, “Bakraboçi” qəzetindəki məqalədən başqa həm də “Жизнь немцев-колонистов на Кавказе” (2005 г.), “Баку и немцы” (2008 г.), “Привет из Баку” (2010 г.) kimi kitabların müəllifidir. Tamara Qumbatovaya nə qədər mütəşəkkir olsaq azdır.

Təsəvvür edirsizmi, Bakıda bu görkəmli mühəndisin adına bir küçə, o küçədə bir bürünc heykəl olsa ingilislərin şəhərimiz, millətimiz haqda fikirləri necə fərqli olar. Zatən Qız Qalası, Atəşgah, Şirvanşahlar kompleksi və bir neçə başqa yer xaricində Bakıda gəzməli, görməli çox da yer yoxdur – etiraf edək gəlin əvvəlcə. Nə qədər axı “Torqovı” ilə o tərəf-bu tərəfə getsin yazıq turist? Şəhərimizdəki turistik yerlərin əksəriyyətinin nə hekayəsi var, nə də əfsanəsi. Heç belə bir imkan da əldən verilərmi? Tarixi də var Şollar kəmərinin, tarix yazanı da!

Ümumən isə Bakının tarixinə, onun böyük mirasına sahib çıxmaqdan danışırıqsa nə üçün şəhərin Quba meydanı, Çəmbərəkənd, Kolodezniy, Sudaşıyan, Balaxanı yolu, Salyan yolu, Maştağa küçəsi, Çamaşırxana, Quberniya, Çadralı, Minarəli, Tatar küçəsi, Dəvəçi, Dar küçə, Əyri küçə, Köndələn küçə kimi tarixi adları silinib unudulmalıdırlar? “Quberniya çarlıq dövrünü xatırladacaq” deyənlərə “Yoxsa Azərbaycan Çar Rusiyasının tərkibində olmayıb? Bu adı dəyişməklə tarixi də dəyişmirsiz axı?” kimi cavab verərik. Və ya “Çadralı ilə Minarəli mövhumatı çağırışdırır” deyə söylənənlərə də cavabımız “İnanın ki, indi mövhumatçılar daha çoxdur, o vaxt heç olmazsa orta sinif vardı, oxumuş, təhsilli insanlarımız daha çoxdular”. Bəli, bu gün sadəcə olaraq diplomlu insanlar çoxluq təşkil edirlər – oxumamaq üçün rüşvət verib oxumayıb “diplomlu” məmurlar deyillərmi bu dilbər şəhərə bu qədər soyuq münasibət göstərənlər?

Bir sözlə, tarixi ədalət bərpa edilməlidir, məncə. Və demirəm ki, gəlin “28 May” küçəsinin adını 5-ci dəfə dəyişib yenidən Lindleyin adını verək. Hardasa şəhərin şimal qapısı tərəflərdə, Şollar xəttinin keçdiyi istiqamətlərdəki küçələrdən birinə Ser Vilyam Lindleyin – Bakını susuzluqdan xilas edən adamın adını verək, hətta postamenti Şollar suyu ilə doldurulan böyük bir hovuzun içində bacarıqlı mühəndisə monumental bir abidə də qoyaq.

Amma digər yandan da düşünürəm ki, Bakını və bakılıları ermənilərin əlindən məhv olmaqdan xilas edən Nuru Paşanın adını guya əbədiləşdirdik, qalmışdı Lindley və digərləri.

Niyə beləyik axı biz?..

Seçilən
187
1
vaxt.az

2Mənbələr