“Hekayə günü” yazıçı Mirmehdi Ağaoğlunun İkinci Qarabağ savaşından bəhs edən “Epikriz” hekayəsini təqdim edirik.
Səhərə yaxın Fazil həkim yenə yuxudan qəfil ayıldı. Yata bilməyəcəyini anlayıb yerindən qalxdı. Çarpayının cırıltısına arvadı da oyandı, kişinin əynini geyindiyini gördü. Əvvəl gileylənib yatağa qaytarmaq istədi, lakin sonra yerinə girsə belə işə gedənə qədər o tərəf-bu tərəfə fırlanıb onu da yatmağa qoymayacağını düşünüb susdu.
Müharibə başlayan gündən əri yuxudan elə bu vədələrdə durardı. Düzdür, onda daha çox işə görə belə edər, evə gecəyə yaxın gəlib, bir-iki saat gözünün acısını alandan sonra hava açılmamış təzədən qalxıb idarəyə yollanardı. Müharibə gedən vaxtı bilirdi ki, əri hər gün Mərkəzə gətirilən yüzlərlə şəhid meyitinin təşrih edilməsində iştirak edir, lap elə bu təşhiretmələrin (ərindən tibb terminlərini çoxdan öyrənib öz danışığına qatmışdı) hamısında iştirak eləməsə belə direktor kimi ekspert rəyinə özü imza atır.
Bəs indi nə baş verir? Müharibə gör nə vaxt bitib – iki ay əvvəl. Amma əri hələ də vərdişindən əl çəkmir; hər gün səhərə yaxın ayılır, bundan sonra nə çalışsa yata bilmir, qalxıb həyətdə gəzişir, bir stəkan çay içməmiş, ağzına bir tikə çörək atmamış maşını qarajda yata-yata pay-piyada Mərkəzə yollanırdı.
Arvadı qorxurdu ki, birdən bu vərdiş Fazilin yaşadığı sarsıntılardan qaynaqlanar, sonra da Allah eləməmiş, fəsadı çıxar. Neçə ilin məhkəmə-tibbi eksperti müharibə gedən vaxt gecə işdən gəlib mətbəxdə arvadının hazırladığı yeməklə canındakı gərginliyi çıxarmaq üçün qayınatasının çəkdiyi xalis tut arağından iki-üç qədəh vurandan sonra gün ərzində Mərkəzdə gördüklərindən — ora gətirilən başsız, qolsuz, ayaqsız, parça-parça olmuş əsgər bədənlərindən danışıb zülüm-zülüm ağlayırdı. Arvadı ürəyinin tutacağından qorxduğu üçün onu sakitləşdirmək xatirinə danlayırdı ki, neçə ilin meyityaranısan (ayrı vaxt ərinin peşəsinin adını çəkəndə ağız dolusu məhkəmə-tibbi eksperti deyən elə bil bu deyildi!) gör nədən sarsılmısan! Fazil də gözünün yaşını silib hıçqıra-hıçqıra cavab verirdi: “Bunlar o meyitlərdən deyildi, ay Nazı. Bizim uşaqlardan da balacadılar, az qala nəvəm yaşdadılar”. Həmin vaxt mətbəxdəki su kranının qabağında şam yeməyindən qalmış qab-qacağı yuyan arvadı başını çevirib ona baxsaydı üzünün qanının çəkildiyini, dodaqlarının sallandığını, gözlərinin bərəldiyini, xalis teatr maskası kimi donub qaldığını görərdi.
Qayınatasının çəkdiyi məlhəm mislində tut arağı da gərginliyinin azalmasına kar eləməyəndə qonaq otağına keçər, divardan asılmış qara sazını köynəkdən çıxarıb sinəsinə basardı… Ta ki, səs edib uşaqları oyadacaq deyə tənbeh olunana qədər.
***
Havanın açılmağına xeyli vardı. Həyətin daş döşənmiş hissəsi ilə bağçanı ayıran sürahinin üstündəki plafonların yan-yörəsindən başqa hər yer qaranlıq idi. Arabir şəhərin kənarındakı avtomagistraldan keçən maşınların səsi və özü kimi vaxtsız oyanan xoruzların banı olmasa deyərdin, dünyada tək-tənhadır.
Yadına beş-ay əvvəl düşdü. Onda da səhərə qədər yata bilməmişdi. Bir neçə gün qabaq Bakıdan zəng vurub tapşırmışdılar, sentyabrın 27-si böyük gün olacaq, necə lazımdırsa hazırlığını görsün. Dünənin uşağı deyildi, rayonun böyük adamları ilə oturub-dururdu, onlardan da az-çox eşitmişdi, həm də neçə vaxtdı cəbhə ilə həmsərhəd rayonlarındakı qaynaşmadan da böyük günün nə anlama gəldiyini bilirdi. Dərhal işdə hamıya vacib tapşırıqlarını vermiş, sentyabrın 26-sı həyəcandan gecəni səhərə qədər yata bilməmiş, bayquş kimi qulağı çöldə olmuşdu. Səhərə yaxınsa geyinib həyətə düşmüşdü.
Onda şəhərin kənarından keçən maşınların uğultusundan qulaq tutulurdu. Bu azmış kimi göydən də heç vaxt eşitmədiyi səslər gəlirdi, elə bil başının üstündə nəhəng cırcıramalar uçurdu. Səhər öyrənmişdi ki, gecə cırcırama olub onu narahat edən vızıltı əslində pilotsuz uçuş aparatlarının səsi imiş.
Həmin gün dan yerinin sökülməsi ilə zəlzələ kimi anidən ortaya çıxan səslərdən müharibənin başladığını anladı. Həyəcanla uzaqdan — Füzuli istiqamətindən gələn gurultuya qulaq kəsilib ayırd etməyə çalışdı. Bu top səsidir, bu tank, bu isə “Qrad”… Sovet dövründə xidmət eləmiş bir adam kimi tankın səsini topdan, topun səsini “Qrad”dan ayıra bilirdi. Düzünə qalsa, bunun üçün Sovet ordusunda xidmətə də gərək yox idi, cəbhəyanı bölgələrdə yaşayan süddən təzə ayrılmış körpələr də bu səsləri əzbərdən tanıyırdılar. Di gəl, başının üstündən çəkilməyən, bir yaxınlaşıb, bir uzaqlaşan nəhəng “cırcırama vızıltısı”nın hansı hərbi texnikanın səsi olduğunu müəyyənləşdirməyə çətinlik çəkirdi.
Ömrünün payız çağını yaşayan Fazil həkim dünyagörmüş bir adam kimi müharibənin yaxın vaxtlarda alovlanacağını özü üçün çoxdan müəyyənləşdirmişdi. Üstəlik, iyulda general Polad Həşimovun şəhid edilməsi onu da bir vətən övladı kimi hiddətləndirmiş, bundan sonra müharibənin başlamasını səbirsizliklə arzulamışdı. Dostlarının arabir onun başına yığışıb sazda çaldığı havalara hayıl-mayıl olduqları məclislərin əvvəlində hər dəfə qızışan gərgin siyasi mübahisələr zamanı özü də dəfələrlə istəyini açıq şəkildə dilə gətirmişdi.
Başını qaldırıb səmaya baxdı. Üfüqün qızartısı əriyib yox olur, göy üzü asta-asta ağarırdı. İstədi evə qalxıb sazını götürsün, bu doğuluş mənzərəsinə baxa-baxa sübhün pak çağında bir-iki hava çalıb toxtasın. Yoldaşının və uşaqların hərəkətini başqa yerə yozacaqlarından çəkinib fikrindən daşındı, onsuz adı havalıya çıxmışdı, qorxdu bir də dəliyə çıxar. Onun yerinə öz əlilə həyətin qabağına əkdiyi qızılgüllərdən birinin qönçəsinin üstünə əyilib ətrini sinə dolusu içinə çəkdi. Başını qaldırıb cəbhə istiqamətinə baxdı, nəfəsini buraxıb astadan söylədi: “Ya Allah!”
***
Məhkəmə-tibbi eksperti kimi bu yaşına qədər çox ölü, ölüsünü aparmağa gələn çox adam görmüşdü. Ümumiyyətlə, bir patoloq-anatom olaraq onun üçün heç bir xətər görməmiş meyitlə, parça-parça olmuş, yaxud ən ağlagəlməz deformasiyalara uğramış meyit arasında fərq yalnız işin azlığı və ya çoxluğunda idi, hissi mənada ona heç nə təsir edə bilmirdi. Bir dülgər üçün odunla yonulmuş hazır taxta arasında nə fərq vardısa, onun üçün da salamat qalmış meyitlə müxtəlif deformasiyalara uğramış meyit arasında eyni fərq vardı. Peşəkarlığı bunu tələb edirdi. Ancaq 44 günlük müharibə dövründə qarşılaşdığı mənzərələr qədər ona təsir edəni olmamışdı. Müharibədən sonra hissləri əvvəlki kimi sözünə baxmırdı. Hərdən fikirləşirdi ki, bəlkə artıq qocalıb, peşəkarlığı artdıqca da soyuqqanlılığı azalıb. Hərdən də soyuq başla 30 illik karyerasını gözünün qabağına gətirib bu qənaətə gəlirdi ki, yox, əslində sentimental-filan deyil, sadəcə indi gördükləri bu yaşa qədər gördüklərindən min dəfə dəhşətlidir. Xatırlayırdı, Birinci Qarabağ müharibəsində minaya bu qədər əsgər düşmürdü, bu qədər əsgər qəlpə yarası almırdı. Düzdür, o zaman da Fazil həkimi sarsıdan və uzun müddət pərişan edən Xocalıdan gətirilən meyitlər olmuşdu. Amma bu pərişanlıq da müharibənin sonrakı gedişatı sırasında qeybə çəkilmişdi. Yəni o vaxt əvvəldən hər cür dəhşətə hazır idilər, müharibə gedirdi, Xocalı faciəsindən sonra da müharibə yekunlaşmadı, nəticədə sonrakı ölümlərin təsiri ilə hissləri kütləşdi. Bu dəfə isə hər şey qəfil başlayıb qəfil də bitmişdi. Buna görə də üstündən iki ay keçməsinə baxmayaraq müharibənin gərginliyi hələ də canından çıxmırdı.
Yox, hər halda yaş da öz sözünü deyir. Axır vaxtlar saza hədsiz bağlanmağı da bundandı, qabaq bu qədər saz çalmazdı, ayda-ildə bir dəfə, toydan-toya, məclisdən-məclisə yadına düşərdi, ya düşməzdi.
Evdə dayana bilməyib yenə səhərin alaqaranlığında pay-piyada işə gedərkən ağlından bunlar keçirdi. Küçədə az adam gözə dəyirdi. Mağazalar hələ bağlı idi. Bircə qonşu İffətin prospektə çıxan küçədə açdığı “Bərəkət — Un məmulatları”nın işığı yanırdı. Bir də bazara gedənlərin yuxulu maşınları ara-sıra gəlib yanından keçirdi. Bir azdan isti çörəyin ətri hər yana yayılacaqdı. Ac idi, yoldaşının durub yemək hazırlamağını gözləməyib evdən çıxmışdı. Azca ləngisəydi, birini alıb işə aparar, könlünə düşsə yolda lap bazara burulub bir parça pendir də götürərdi, sonra da Paşayevə zəng vurub deyərdi, keç bəri. O da belə gözlənilməz işləri, qəfil təntənələri xoşlayandı.
Müharibə rayona təzə təyinat almış bu cavan müstəntiqlə Fazil həkimi yaman yaxınlaşdırmışdı. Qısa müddətdə bir qərinənin dostuna çevrilmişdilər. Görünür birlikdə yaşadıqları sarsıntılar aralarındakı yaş fərqini silib atmağa bəs eləmişdi.
***
İlk şəhidlər gətiriləndə hələ təmkinli idi. Özünü itirən müstəntiq Paşayev olmuşdu. Fazil həkim təşrih masasına uzadılmış ilk meyitin əynindəki hərbi formanı kəsib çıxaran zaman müstəntiq də elə hey ağlayır, dayanmadan söyüş söyürdü. Buna görə Fazil həkim hətta ona təpinmişdi ki, özünü ciddi aparsın, yas yerində deyil, iş başındadır. Rəhmsizlik etdiyini bilirdi, amma işin ciddiyyətinə də xələl gətirmək olmazdı. Hələ nə qədər meyit yarılacaqdı. Ağlayıb-sızlamaqla axşama kimi heç bircəciyini də təşrih edib bitirə bilməzdilər.
Şəhidin telefonu zəng çalanda da özünün itirmədi. Müstəntiq Paşayev kapitanın ciblərini axtarıb telefonu çıxardı. Ekranında “Evdən” sözü yazılmışdı. Müstəntiqlə Fazil həkim bir-birinə baxa-baxa ta o vaxta qədər gözlədilər ki, telefon susdu, lakin üstündən heç on saniyə keçməmiş yenidən zəng çaldı.
— Necə edək? – Paşayev çiyinlərini çəkib ona baxdı.
— Yəqin, evlərində bilirlər müharibə başladığını.
— Yəqin! Ya da hardansa eşidiblər. Saytlar müharibə başladığını tezdən yazır.
— Neyləsinlər, narahatdırlar.
Paşayev dinmədi.
Hiss elədi ki, “narahat” sözü burda yerinə düşmədi, müstəntiq Paşayevin söhbətin dalını gətirməməyi də o demək idi ki, sözü düzgün seçməyib.
Yenə gözlədilər, bəlkə, “Evdən” daha zəng gəlməyə. Lakin telefon üçüncü dəfə dilə gəldi.
— Nə edim? – Paşayev yalvarırcasına soruşdu.
Bir telefona baxdı, bir də kapitanın parçalanıb-dağılmış bədəninə.
— Açım nə cavab verim? Fazil həkim, dünyagörmüş adamsan… Bəlkə, sən?.. Mən necə deyim, oğlunuz, əriniz, atanız, ya qardaşınız şəhid olub? — Telefonu Fazil həkimə uzatdı. – Hə?
— Onda belə elə. Aç, bir kəlmə de ki, Vətən sağ olsun, sonra da söndür. Özləri başa düşəcəklər.
— Fazil həkim, nə danışırsan?! Mən bacarmaram.
“Bacarmaram” desə də Paşayev axırda onun buyurduğunu elədi; bütün cəsarətini toplayıb telefonu açdı, xəttin o başındakı qadın səsini bir saniyə dinlədi, boğula-boğula astadan “Vətən sağ olsun” dedi, telefonu söndürdü və qəbahətini müəyyən qədər təlafe etməyi düşünərək indicə doğmasının sədası yayılan cihazı şəhidin qanlı sinəsinə qoydu. Bir neçə saniyə də keçdi. Bir-birinə baxdılar və Paşayev əli yanan adamlar kimi qəfildən çığırıb ağlamağa başladı, səsi meyit yarma otağının soyuq kaşı divarlarına dəyib qəlpə təki bütün varlığını dəldi.
Paşayevə qarşı necə amansız olmuşdu! Məgər özü telefona cavab verib “Vətən sağ olsun” deyə bilərdi? Yox. Bəlkə də həmin gün bacarmazdı, amma sonrakı günlərdə şəhidlərin telefonlarına gələn zənglərə az cavab verməmişdi. Xəttin o başında çox vaxt sükut, ya da çığırtı ilə qarşılaşmışdılar onun sözlərini. Yeri gələndə söyüş, qarğış da eşitmişdi. Doğrusu bunların heç birindən inciməmişdi.
Günortaüstü cəbhə bölgəsindən gələn meyitlərin sayı durmadan artdı. Artıq gətirilən meyitlərə təkcə Fazil həkim baxmırdı, təşrihdə qonşu rayonlardan, eləcə də Bakıdan gələn ekspertlər də iştirak edirdilər. Təşrih olunan şəhidlərin paltarları çıxarılıb ad-familiya ilə torbalara, qutulara yığılır, otaqlardan birində toplanırdı.
Axşama yaxın bir də onda xəbər tutdular ki, binanı telefon səsləri bürüyüb. Otağa girəndə qulaqlarına inana bilmədilər. Bütün torbalar, qutular xor kimi səs-səsə vermişdi; zəng səsləri çağrı melodiyalarına, vibrasiyaların səsi qudoklara, mahnılara qarışmışdı. Torbaları, qutuları açıb telefonların bir neçəsinin ekranına baxdılar: “Ata”, “ANA”, “Oğlum”, “Qızım”, “Qaqa, “AİLƏ”, “EV”, “Dost”, “Canım”, “Aşqım”, “ÖMRÜM” yazılanı da vardı, eləcə Xatirə, Gülşən, Şəşi, Rəhim yazılanı da, quruca rəqəmlər qeyd olunanı da. Nə etsinlər? Hansına cavab versinlər? Telefonu açıb oğlunuz, atanız, qızınız, yoldaşınız, canınız, aşqınız şəhid olubmu desinlər? Yox, bunu bacarmazdılar. Onda qərara gəldilər ki, kilidi olan telefonların hansının mümkündürsə batareyasını çıxarsınlar. Bu yolla əsgərin, zabitin doğması nə qədər nigaran qalsa belə döyüşdə olduğunu düşünəcəkdi. Bir də ki, ölüm xəbərini şəhidlərin yaxınlarına vermək onların səlahiyyətində deyildi, onun üçün ən doğru qərar elə telefonların söndürülməsi idi.
Bu zaman qarşılarına başqa bir maneə çıxdı. Bəzi ağıllı telefonların arxasını açmaq mümkün deyildi. Telefonların kimə məxsus olduğunu bildikləri üçün Paşayev məsləhət gördü ki, onları saxlama otağına aparıb həmin meyitlərin barmaqlarına toxundurub açsınlar, sonra da birdəfəlik söndürsünlər. Həmin vaxt dilə gətirmək üçün münasib məqam olmasa da Fazil həkim Paşayevin bu tapıntısına sevinmişdi. Min il qalsa da belə şey öz ağlına gəlməzdi. Sonrakı günlərdə bu üsulla tanınmaz halda olan şəhidlərin şəxsiyyətlərini müəyyən etdilər, yəni şəhidin üstündəki telefona baxaraq kim olduğunu dəqiqləşdirdilər.
Müharibənin ilk günündən başlayaraq Fazil həkimin direktor olduğu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə hər gün onlarla şəhid meyiti gətirilirdi. Çoxu da aldığı qəlpə yarasından tanınmaz halda olurdu. Bir dəfə laborantlardan kimsə meyit yarılan otağın döşəməsindən qana bulanmış bir cüt ağ papış tapdı. Şəhidlərdən hansının cibindən düşdüyünü heç kəs bilmədi. Fazil həkim laborantları danlayıb diqqətli olmağı tapşırandan sonra bəlkə yiyəsi üzə çıxar deyə papışı götürüb xalatının cibinə qoydu.
Ona ən çox təsir edən şəhid yaxınlarının meyitlərini götürməyə gələndə göstərdikləri davranış idi. Telefonda kiməsə doğmasının şəhid olmasını demək bir başqa, üzbəüz meyitini göstərmək tam başqa əzab idi. Lakin düşündüyünün əksinə hər dəfə ayrı mənzərə ilə qarşılaşırdı. Bu vaxta kimi elə bilirdi kişilər qadınlara baxanda daha güclü, soyuqqanlıdırlar, demə yanılırmış.
Birdən döşünə sanki iynə batırdılar. Dayandı. Divara söykənib bir neçə dəfə dərindən nəfəs aldı, paltonun yaxasını açıb vodolazkanın üstündən sinəsini ovxaladı.
Qadınlar daha güclüymüş! Oğlanlarının şəhid olma xəbərini eşidən atalar dözə bilmir, dizlərinə döyüb ağlayır, başlarını divara çırpırdılar. Analar isə sakitcə “Vətən sağ olsun” deyir, övladlarının meyitini götürüb gedirdilər. İtkin düşməyindənsə parça-parça olmuş meyitin qayıtmasını bir təsəlli sanırdılar.
Ağsudan gələn şəhid anasının soyuq rəftarını hələ də unuda bilmirdi. Əri ilə birlikdəydi. Oğlanlarını axtarırdılar. Qadına oğlunun şəhid olduğunu söyləsələr də öz gözlərilə görməyincə inanmayacağını deyirdi. Oğlanın meyiti pis vəziyyətdə olduğu üçün anasına göstərmək istəmirdilər, başını və ayağının birini mina aparmışdı.
Nə qədər bəhanə gətirsələr də, hətta əlacsızlıqdan meyitin tanınmaz hala düşdüyünü desələr də qadın inadından dönmür, oğlunun sol döşünün üstündə “nakolka” olduğunu, görsə, tanıyacağını iddia edirdi. Belə olanda qərar aldılar ki, mələfə ilə meyitin hər yerini qapadıb yalnız sinəsini açıq saxlasınlar. Əri içəri girməyə ürək etmədi, çöldə gözlədi, qadınsa meyit yarılan otağa girib əvvəl təşrih masasının üstünə boydan-boya salınmış ağ mələfəyə tamaşa elədi. Güman ki, mələfənin ölçüsü ilə altındakı meyitin boyunu tutuşdururdu. Həyəcanını gizlətməyə çalışsa da ehtiyatla masaya yaxınlaşdı, mələfənin kəsiyindən göyərmiş sinəyə baxdı. Astadan dedi: “Oğlumdur”. Söz ağzından yad bir kəlmə kimi çıxdı, elə bil, təşrih masasının üzərində cansız uzananla qadını heç bir doğmalıq bağlamırdı, elə bil, oğlunu axtarmaqdan yorulmuş qadın qəsdən yalan danışırdı. Fazil həkim bir ananın bu qədər soyuq ola biləcəyini təsəvvürünə gətirə bilmirdi. Qadın birdən içəridəkilərin gözündən yayınıb mələfəni meyitin üzərindən çəkdi, oğlunun başsız, ayaqsız bədənini görüb yerə çökdü, ağladı, ağladı…
Fazil həkim qarışıq heç kəs ona yaxınlaşmağa ürək eləmədi. Özünün sakitləşməsini gözlədilər. Bir qədər sonra qadın təzədən dəyişib əvvəlki adam oldu. Ayağa qalxıb otağın temperaturuna uyğun gələn bayaqkı buz kimi səslə “Vətən sağ olsun” deyib çıxdı.
Onu bir daha bayırda başını döyəcləyən ərinə təsəlli verərkən gördü. “Bəsdir, az ağla?” deyə acıqlanırdı ərinə.
Fazil həkim yenə dayandı. Şəhər parkının alçaq dəmir çəpərindən tutub gözlədi. Ürəyi təkrar sancmışdı. Yenə sağ əlini sinəsinə aparıb ovxaladı. “Hə, bax, əsgərin sinəsinin burasında idi “nakolka”, — ovxalaya-ovxalaya ağlından keçirdi. Yox, qoy saat doqquz olsun, rayonun baş kardioloqu, dostu Kamil həkimə zəng edib qəbuluna gedəcək, daha uşaqlıq elədiyi bəsdir. O vaxta qədər də kabinetdə bir az dincələr. Mərkəzə çatmağına da bir şey qalmamışdı, Məşğulluq İdarəsinin qabağından dönən kimi onların binası gəlirdi.
Mərkəzin həyətindən içəri keçdi. Səhərin gözü açılmamış işə gələn kim idi, darvazanın ağzındakı balaca otağında mürgü döyən mühafizəçidən başqa heç kəs yox idi. Daha buralar əvvəlki təki qələbəlik deyildi. Müharibə vaxtı xəstəxananın qabağı gündüz də, gecə də adamla dolu olardı. Zarafat deyildi, təkcə özü yüzlərlə meyit təşrih etmişdi. Əksəriyyəti də minaya düşmüş, qəlpə yarası almış, tanınmaz halda olan döyüşçülərin meyitləri idi. Valideynlər, döyüşçülərin yaxınları şəhid olan doğmalarının kimliyinin müəyyən edilməsi üçün bəzən günlərlə gözləyirdilər. Onu ən çox üzən isə şəhidlərin çoxunun 20-25 yaşında olması idi. Eləsi vardı, 18 yaşı təzə tamam olmuşdu, ölüm əzabının belə üzündəki məsumluğu, saflığı silib atmağa gücü çatmamışdı. O uşaqları təşrih etmək Fazil həkim üçün dünyanın ən ağır işgəncəsi idi. Birinci Qarabağ müharibəsindən sonra doğulan həmin uşaqların heç birinin bu davaya dəxli yoxdur. Özlərinin səhvi ucbatından münaqişə otuz il ləngimiş, gəlib bu məsum cavanlara yetmişdi. Düzdür, Qarabağ müharibəsində həkim qismində olsa da o vaxt iştirak etmişdi, lakin indi düşünürdü ki, bu uşaqlar onun kimi qocaların ucbatından həlak olub. Vaxtında müharibəni bitirsəydilər, lap elə biryolluq ölüb yerə girsəydilər, bu uşaqlar qurban getməzdi.
Ona görə, özünü günahkar bilir, müharibədən sonrakı iki ay ərzində illərdir işlədiyi bu binaya hər gəlişində çox yaşadığına görə daxili bir xəcalət hissi keçirir, gözünün qabağında təşrih etdiyi şəhidlər canlanır, başını yerə dikib utana-utana düz kabinetinə gedirdi.
Bu dəfə də o cür elədi. Uzun, soyuq dəhlizdən keçib pilləkənlə ikinci mərtəbəyə qalxdı. Kabinetə girib paltosunu soyundu. Şkafdan həmin ağ papışları çıxarıb masanın üstünə qoydu. Yumşaq, dəri kreslosuna əyləşib kim bilir hansı atasız körpənin toppuş ayaqlarının həsrəti ilə alışıb-yanan bu uşaq geyiminə xeyli tamaşa elədi. O vaxt bir neçə dəfə soraqlaşsa da kimin cibindən düşdüyünü müəyyənləşdirə bilməmişdi. Qərara aldı ki, nəyin bahasına olur-olsun papışın sahibini — şəhid övladını axtarıb tapsın. Lap ehtiyac yaransa, müstəntiq Paşayevdən də yardım istəsin, diribaş oğlandır, mütləq bir yolunu öyrənib onu sevindirərdi. Gülümsədi. Gecədən bəri ilk dəfə üzünə təbəssüm qondu.
Sonra ürəyindən saz çalmaq keçdi. Sazı özü ilə götürmədiyi üçün heyfsiləndi. Sonra ürəyindən daha nəsə keçdi…
***
Hava artıq təmiz ağarmış, bayırda növbəti günün qovğası başlamışdı. Soyuq yanvar ayına baxmayaraq şəhərin küçələri bu gün onları hansı xəbərin gözlədiyindən məlumatsız iş və yaxud başqa vacib qayğıların dalınca tələsənlərlə aşıb-daşırdı. Onların içində həmişə bütün işçilərdən qabaq Mərkəzə gələn laborant qadın da var idi ki, bir azdan Fazil həkimin cansız bədənini kabinetində məhz o tapacaq, dərhal da təcili tibbi yardıma zəng vuracaqdı. Həkim briqadası yetişib yekun qərarını verənə qədər rayonun böyük adamlarından biri kimi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin direktorunun ölüm xəbəri ildırım sürəti ilə tələsənləri öz iş yerlərində və ya getdikləri mənzil başında haqlayacaqdı. Meyitə baxışdan sonra epikrizdə yazılacaqdı: “Ölüm səbəbi infarkt.”
Amma tələsənlər də daxil heç kəs bilməyəcəkdi ki, Fazil həkimin ölümünün əsl səbəbi utanc hissi olub.kulis
10 Aprel — 03 May, 2021
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta