AZ

Azad Mirzəcanzadənin fraktalları...

Aspirantdım. Elmi rəhbərim akademik Azad Mirzəcanzadə həftədə bir dəfə seminar keçirirdi. “Köhnə Bina”nın 2-ci mərtəbəsindəki ensiz, uzun kabinetinə aspirantlar xaricində doktorantlar və professorlar da gəlirdilər. Hər seminarda Azad müəllim ortaya mütləq bir yeni fikir atır, çıxan yeni kitab haqda danışır, ən sonda isə ənənəvi olaraq bir az klassik musiqidən söhbət açardı.

Belə seminarlardan birində yazı taxtasında Böyük Britaniya xəritəsinin konturlarını çəkməyə başladı. Birdən geri dönüb gözləri ilə məni tapdı, “Fraktalın nə olduğunu bilirsizmi?” (Azad müəllim hamıya “siz” deyə müraciət edirdi) soruşdu. “Xeyir” demək istəyirdim ki, “Siz Tətbiqi riyaziyyat məzunu, Albert Latıpov isə neftçi, mühəndisdir, gedin İngiltərə sahillərinin uzunluğunu hesablayın, gələn həftə bizə danışarsız”.

Albert Başqırdıstanlı bir tatar balası idi (indi elmlər doktoru, professor olan A.Latıpov “Başneft”də böyük vəzifə tutur) məndən bir yaş kiçik idi. Seminardan sonra ağzından bircə cümlə çıxdı: “Nə işə düşdük”. Bütün ümidi mənə idi. Düşünürdü ki, mən lazımi ədəbiyyatı tapacam, sonra da onunla Azad müəllimin yeni fantaziyasının altında nələr yatacağını axtaracağıq. Əlimizdə bircə sehrli “dəyənək” var idi – əziz müəllimimizin tələffüz etdiyi “Fraktal” sözü…

Bir həftə sonra seminarda yazı taxtasının önünə çıxıb İngiltərə sahillərinin uzunluğunu necə hesabladığımızı danışdım. Azad müəllim Latıpova dönüb fraktalların neft mədənlərilə bağlı tərəflərini eksperimental olaraq araşdırmasını, mənə isə Feygenbaum nəzəriyyəsi haqda elmi ədəbiyyat oxumağı tapşırdı. Özü də mutlu idi, biz də. Beynində hələ formalaşdırmadığı yeni ideyanın konturlarını cızırdı. Bizim sevincli olduğumuzu görüb sakit səslə “Fraktallar haqda” məqalə yazıb “Elm və Həyat” jurnalına göndərməyimi söylədi.

Məqalə jurnalın 1987-ci ilin yanvar sayında dərc olundu. Albertlə adama 10 jurnal aldıq. Sonra bütün Bakını gəzib daha 10-15 nüsxə tapdıq. Dost, qonşu, önümüzə kim çıxsa hədiyyə edir, öyünürdük. Hətta mən bir aspirant qıza jurnalı imzalayıb verdiyimi də xatırlayıram. Sonralar o qız (indi ABŞ-da yaşayır, professordur) “Kitabı imzalayaraq vermək nə qədər ciddi işdirsə, jurnal imzalamaq da bir o qədər kreativ fikirdir” deyib, əslində məni lağa qoymuşdu...

Bu gün görkəmli alim, akademik Azad Mirzəcanzadənin (1928-2006) ad günündə korifey alimi sonsuz ehtiram və minnətdarlıqla anmaq istəyirəm…

Seçilən
161
vaxt.az

1Mənbələr