AZ

Yeni reallıqlar və çağırışlara adekvat reaksiya: Nefti üstələyən milli silah siyasətimiz...

Neft erası bitməkdədir. Azərbaycan hazırda neft və qazdan asılılığını azaltmaq, iqtisadiyyatını şaxələndirmək yolunu tutub. İndi xüsusilə önəm verdiyimiz sahələrdən biri də hərbi sənayenin inkişafıdır. Azərbaycan hazırda hərbi sənaye (və ya müdafiə sənayesi) məhsullarının istehsalında uğurlu addımlara imza atır.

Biz artıq silah istehsalı sahəsində də öz brendlərimizi yaradırıq. Müasir tələblərə cavab verən milli silahların istehsalında yeni-yeni uğurlar qazanmaqdayıq. İndi Azərbaycan təkcə silah alan ölkə yox, həm də silah satan ölkə kimi tanınmaqdadır. Və silah ixracımız get-gedə hətta idxalı da üstələməyə başlayır.

Beləliklə, yerli və milli silah istehsalının sürətlə inkişaf etdirilməsi bir tərəfdən ölkəmizin strateji maraqlarının təmin edilməsinə, Silahlı Qüvvələrimizin ehtiyaclarının daxili imkanlar hesabına qarşılanmasına və ölkənin təhlükəsizliyinin qorunmasına xidmət edir, digər tərəfdən isə müxtəlif ölkələrə hərbi təyinatlı məhsulları ixrac etməyə və bu yolla Azərbaycanın dünyada potensial silah istehsalçılarından biri kimi tanınmasına imkan yaradır.

Silah biznesi neft sənayesindən heç də az gəlirli sahə deyil. Bu gün “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə “Made in Azerbaijan” brendi altında silah istehsalı və ixracı, onların xaricdə satışının təşkili uğurla həyata keçirilir. Son illərdə “Made in Azerbaijan” brendli silahlar bir sıra NATO ölkələri də daxil olmaqla, dünyanın müxtəlif regionlarında alınır, hərbi məqsədlərlə istifadə olunur.

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan birlik və müəssisələr tərəfindən son illərdə yüzlərlə adda hərbi məmulat yaradılıb, 1000 addan (nomenklaturadan) çox yerli məmulatlar sınaqdan keçirilərək Silahlı Qüvvələrimizin istifadəsinə verillib. Bu günlərdə Bakıda keçirilən 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2024) nümayiş etdirilən yeni milli silahlarımız isə xarici ölkələrə satdığımız silahların çeşidlərinin daha da genişlənəcəyini göstərir.

Ötən yazıda qeyd etdiyim kimi şərti adı "Turan-1" olan avtomat silahımız ilk dəfə "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirildi. “Azərsilah” Holdinqin istehsal etdiyi ölkəmizin ilk yerli lazer silahı olan “Fireforce” adlı silah da azərbaycanlı mühəndislər tərəfindən ADEX 2024-də uğurla sərgiləndi.⁠ Xüsusən də müxtəlif atıcı silahların modifikasiya olunmuş variantları, avtomat silahlar, mina atanlar, dronlar, pulemyotlar, snayper silahları, zirehli maşınlar, minatəmizləyən cihazlar, artilleriya vasitələri, raketlər və aviasiya bombaları, NATO standartlarına cavab verən tapançalar və s. bütün sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Ümumən, hazırda ölkəmizdə Müdafiə Sənayesi şirkətləri tərəfindən artıq 2 minə yaxın silah - sursat, hərbi-texniki avadanlıq və mərmilər istehsal olunur. Çeşidlərin sayı ildən-ilə artırılır.

Onu da qeyd edim ki, postsovet məkanında cəmi bir neçə ölkə bu qədər geniş çeşiddə silah-sursat istehsal edir. Və Azərbaycandan başqa yalnız 4 postsovet respublikasının (Rusiya, Ukrayna, Belarus və Qazaxıstan) bu cür böyük silah sərgiləri keçirmək imkanları var.

Lakin Rusiya artıq beynəlxalq silah bazarındakı mövqelərini sürətlə itirməyə davam edir. Bunun da əsas səbəbi Rusiyanın Ukrayna “bataqlığ”ında çabalaması və öz ordusunun daxili silah tələbatını ödəməkdə çətinlik çəkməsi ilə bağlıdır. Rusiya hazırda Şimali Koreya, İran, Çin, Vyetnam kimi ölkələrdən idxal etdiyi silahlarla ordusunun ehtiyaclarını ödəməyə çalışır. Bu isə təbii ki, Azərbaycanı Rusiyadan silah alışını minimuma endirmək, dayandırmaq barədə düşünməyə vadar edir.

Çünki öz ordusunu silahla təchiz etməkdə çətinlik çəkən Rusiya bizim ölkəmiz üçün etibarlı silah təchizatçısı ola bilməz. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən (MSN) Silahlı Qüvvələrimizin ehtiyaclarının öz milli silahlarımız hesabına qarşılanması və eləcə də xarici ölkələrə hərbi təyinatlı məhsulların ixracının artırılması istiqamətində işlərin aparılması da elə bu yeni reallıqdan irəli gəlir. Bu gün artıq əminliklə deyə bilərik ki, atıcı silahlar və aviasiya vasitələri (qırıcı-bombardmançı təyyarələr, helikopterlər və s.) sahəsində Rusiyadan heç bir asılılıımız yoxdur.

Hələlik yeganə asılılığımız döyüş tankları ilə bağlıdır. Lakin rus tanklarıyla da tezliklə vidalaşacağıq. Hazırda bu istiqamətdə bir sıra xarici tərəfdaşlarımızla intensiv danışıqlar aparılır.

Prezidentin Milli Məclisin ilk iclasındakı çıxışından da göründüyü kimi qarşıdakı yaxın illərdə əsas prioritetlərimizdən biri məhz hərbi gücümüzün daha da artırılması olacaq. Hərbi gücümüzü təbii ki, ilk növbədə milli hərbi sənaye kompleksimizin daha da inkişaf etdirilməsi hesabına artıracayıq.

Beləliklə, silah siyasətimiz neft siyasətimizdən önə keçir. Deməli, yeni reallıqlar və çağırışlara adekvat reaksiya veririk.

Bəybala Mirzəyev

visiontv.az



Seçilən
17
1
visiontv.az

2Mənbələr