AZ

Azərbaycanın Zəfəri - "Dəmir yumruq" əməliyyatı TƏHLİL

Prezident İlham Əliyev: "Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik"

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı zamanı rəşadətli ordumuz düşmənə ilk gündən başlayaraq ağır zərbələr vuraraq, öz torpaqlarını erməni təcavüzündən azad etdi. Vətən müharibəsinə qədər Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışırdı. Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib ki, bu qətnamələrə əməl olunmayıb. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Bu və ya digər sənədlərə məhəl qoymayan Ermənistan işğalçılıq siyasətindən əl çəkmir və Azərbaycanın sərhədlərini atəşə tutur, dinc əhalini, mülki obyektləri və yaşayış tikintilərini hədəfə alırdı.

2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistanın çirkin niyyət və planlarını əks etdirirdi. Ermənistanın bu və ya digər təxribatları Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Azərbaycan ordusunun gücü, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi nəticəsində təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında artıq uduzduğunu ilk günlərdən dərk etdi. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik".

"BU, LABÜD İDİ"

Xarici mətbuata veriyi müsahibələrinin birində Azərbaycan Prezidenti "Gəlin, həmin günə - 2020-ci il sentyabrın 27-nə qayıdaq. Həmin gün necə başlandı? Sizə necə məruzə etdilər ki, Ermənistan döyüş əməliyyatlarına başlayıb, ümumiyyətlə, həmin gün hadisələr necə inkişaf edirdi?" sualını cavablandırarkən bildirib ki, müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb: "Adekvat cavab vermək qərara alındı və beləliklə, biz müharibəyə qoşulduq. Məlum oldu ki, bu, labüd idi".

Azərbaycan ordusu ilk gündən düşmənin müdafiə xəttini yarmağa müvəffəq oldu və 44 gün ərzində yalnız qələbə xəbərləri aldıq. Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən müharibəsində öz gücünü nümayiş etdirdi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi hər şeyi demiş oldu. Dövlət başçısının dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində Azərbaycanın iradəsini ortaya qoymuş oldu.

VƏTƏN MÜHARİBƏSİNİN XRONİKASI

Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 30 sentyabr - müharibənin 4-cü günü: Müdafiə Nazirliyinin məlumatına görə, əks-hücum əməliyyatının başlandığı dörd gün ərzində düşmənin ümumilikdə 2300-dən çox canlı qüvvəsi məhv edilib. Bundan başqa, Ermənistan ordusunun 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 50-dən artıq tank əleyhinə vasitələr, 55-dən çox avtomobil texnikası sıradan çıxarılıb. Təkcə sentyabrın 30-da Ermənistan ordusunun 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib. Düşmənin artilleriya atəşi nəticəsində Horadiz şəhərində bir mülki şəxs həlak olub, üç nəfər isə xəsarət alıb. Bununla da Ermənistan silahlı qüvvələrinin xain hücumları zamanı həlak olan mülki şəxslərin sayı 15-ə, xəsarət alanların sayı isə 49-a çatmış oldu.

Müharibənin ilk günlərində sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdülər. Azərbaycan Prezidenti çıxışında "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar", - deyə bildirmişdir: "Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında - Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər".

Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən ermənilər təcavüzkar siyasətlərini davam etdirərək, dinc əhalini hədəfə aldılar və yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutdular. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində Azərbaycan Ordusu ən müasir silahlarla silahlanmış, dünyanın ən güclü orduları sırasında özünə layiqli yer tutmuşdu. Peşəkarlığı yüksək olan Azərbaycan Ordusunun ən yüksək texnologiyalara məxsus hərbi texnikalarla silahlanması və ölkəmizin də inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olması qələbəmizi şərtləndirən amillərdəndir. Azərbaycan Ordusu həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Son illərdə ordu quruculuğunda əhəmiyyətli islahatlar həyata keçirilib, bu məsələ ilə bağlı dövlət başçısı tərəfindən ardıcıl olaraq addımlar atılıb ki, bunun da müsbət nəticələri özünü 44 günlük Vətən müharibəsində büruzə verdi. "Silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üzrə gündəlik böyük iş aparılırdı", - deyən Cənab Prezident qeyd edib ki, döyüş qabiliyyətli silahlı qüvvələri olmayan ölkə necə texniki vasitələrə malik olsa belə, onun döyüşdə, xüsusən müharibədə, özü də belə əlverişsiz coğrafi şəraitdə qalib gəlməsi mümkün olmazdı: "Əslində, bu tədbirlər kompleksi onunla nəticələndi ki, biz çox güclü hərbi tərkib hissə yaratdıq və İkinci Qarabağ müharibəsi bunu göstərdi".

"…HƏRBİ CİNAYƏTLƏR TÖRƏTMƏYİ ÖZÜNƏ RƏVA GÖRƏNLƏR CİDDİ CƏZALANDIRILACAQLAR"

Bu müharibədə Azərbaycan mülki insanlarla müharibə aparmadı və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyildi. Amma Ermənistan tərəfindən mülkü əhaliyə dəfələrlə atəş açıldı. Bərdə, Gəncə, Tərtər kimi şəhərlərimiz ziyan çəkdi. Mənfur düşmən tərəfindən mülki şəxslər qətlə yetirildi və yaralandı. "Hərbi əməliyyatlar aparılan dövrdə biz bir dəfə də, provokasiyalara uymadıq", - deyən Prezident bildirib: "Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar".

İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan Azərbaycanın şəhərlərinə dəfələrlə zərbələr endirdi. "Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü", - deyən Azərbaycan Prezidenti qeyd edib ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur: "Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq? Onlar illər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər. Yəqin ki, bu, dünyada analoqu olmayan həyasızlıqdır. Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin və deyərdim ki, mənliyinin göstəricisi budur".

"ONLAR DÖYÜŞ MEYDANINDA MƏĞLUBİYYƏTİN ACIĞINI ÇIXMAĞA VƏ YA BİZDƏN QISAS ALMAĞA ÇALIŞIRDILAR"

Dövlət başçısı Tərtər şəhərinin cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşdiyindən daha çox zərər çəkdiyini ifadə edib: "Bu kiçik şəhərə 16 mindən çox mərmi atılıb. Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qısas almağa çalışırdılar. Bu, birincisi. İkincisi, onlar düşünürdülər ki, bizi dayandıracaqlar. Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdı. Onlar ordunun döyüş qabiliyyəti və Azərbaycan xalqının mənəvi ruhu baxımından bizi lazımınca qiymətləndirmirdilər".

Bacarıqlı, təcrübəli komandanlıq altında idarə edilən döyüşlərdə meydanından vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və qənimət kimi ələ keçirildi. Canlı qüvvə və döyüş texnikası sarıdan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi və "Dəmir yumruq" əməliyyatı Azərbaycanın Zəfəri, Qələbəsi ilə başa çatdı.

Dövlət başçısı müharibənin gedişində olan bütün reallıqlara nəzər salaraq 44 günlük tarixi müharibədə baş verənləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu. Düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi ilə reallaşdı.

Zümrüd BAYRAMOVA

Seçilən
16
1
sesqazeti.az

2Mənbələr